
- A-
- A
- A+
Dörd icra başçısını gedər-gəlməzə göndərən kreslo - 28 ildən sonra “lənətlənmiş” şəhərin tilsimi qırıldı
Rusiyanın Vladivostok şəhərində 28 ildir davam edən və dörd şəhər rəhbərinin məhkum olunması ilə yadda qalan qəribə siyasi ənənə pozulub.
Bizim.Media “musavat.com”a istinadən xəbər verir ki, bu dəfə qubernator kreslosunu tərk edən məmur həbsxanaya deyil, daha yüksək vəzifəyə gedib.
Rusiya Prezidenti Vladimir Putin Vladivostok şəhərinin rəhbəri Konstantin Şestakovu Primorsk diyarının qubernatoru vəzifəsini müvəqqəti icra edən şəxs təyin edib.
Bu təyinatla Şestakov 1998-ci ildən bəri Vladivostok rəhbərliyindən daha yüksək posta yüksələn ilk şəxs olub.
Vladivostokda şəhər rəhbəri vəzifəsi uzun illər qeyri-rəsmi olaraq “lənətlənmiş kreslo” adlandırılıb. Buna səbəb 1998-ci ildən şəhərə rəhbərlik etmiş dörd icra başçısının müxtəlif cinayətlərə görə məhkum olunmasıdır.
Yuri Kopılov (1998–2004) – səlahiyyətlərini aşmaqda və vəzifəsindən sui-istifadədə təqsirli bilinib. Kolumbariumun tikintisi və yaşadığı binanın girişinin mühafizəsi ilə bağlı qanunsuzluqlara görə iki şərti cəza alıb.
Vladimir Nikolayev (2004–2008) – vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə 2008-ci ildə 4 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İqor Puşkaryov (2008–2017) – rüşvət almaq, kommersiya rüşvətxorluğu və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə 15 il ciddi rejimli həbs cəzasına məhkum olunub.
Oleq Qumenyuk (2018–2021) – rüşvətxorluq cinayətinə görə 12 il azadlıqdan məhrum edilib. Bununla belə, 2017–2018-ci illərdə bir ildən az müddətdə şəhərə rəhbərlik etmiş Vitali Verkeyenko cinayət məsuliyyətinə cəlb olunmayıb.
Şestakovun yerinə kimin təyin olunacağı isə hələlik məlum deyil. Mümkün namizədlər arasında Artyom şəhərinin rəhbəri Vyaçeslav Kvon və Primorsk diyarı hökumətinin sədr müavini Yevgeni Korj göstərilir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































