
- A-
- A
- A+
Türkiyədə “Sifarişlə uşaq” şəbəkəsinə qarşı əməliyyat: 8 nəfər həbs edildi - FOTO
Türkiyənin İstanbul şəhəri də saxil olmaqla 14 vilayətdə keçirilən əməliyyat nəticəsində üzə çıxarılan “sifarişlə uşaq” şəbəkəsi ilə bağlı istintaqda 41 qadının ümumilikdə 811 dəfə yumurta hüceyrələrini satdığı müəyyən edilib.
Bizim.Media xəbər verir ki, şübhəlilərin qadınları pul müqabilində xarici ölkələrə yönləndirdiyi, ölkələr üzrə ödəniş məbləğlərini müzakirə etdiyi və vasitəçilərə komissiya verdiyi üzə çıxıb. İstintaq çərçivəsində 8 nəfər həbs edilib.
İstanbul Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya Mərkəzinə (CİMER) daxil olan şikayətdən sonra araşdırmaya başlayıb.
İddiaya görə, şəbəkəyə rəhbərlik edən qadının həyat yoldaşı onun fəaliyyətindən şübhələnərək müvafiq quruma müraciət edib. Əməliyyat prosesi də həmin şikayətdən sonra başlayıb.
İstanbul Polis İdarəsinin Miqrant qaçaqmalçılığı və Sərhəd-keçid məntəqələri şöbəsinin apardığı araşdırma zamanı Türkiyə, Şimali Kipr Türk Respublikası, Albaniya və Gürcüstanla əlaqəli qanunsuz reproduktiv hüceyrə ticarətinin mütəşəkkil şəkildə həyata keçirildiyinə dair sübutlar əldə olunub.
Əməliyyat çərçivəsində şəbəkənin bir rəhbəri, beş idarəçisi, 41 qadın donor, iki mama-ginekoloq və dörd səyahət təşkilatçısı da daxil olmaqla, ümumilikdə 53 şübhəli barəsində hüquqi tədbirlər görülüb.
Şübhəlilərdən səkkizi həbs olunub, 36 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. İstintaq materiallarında donor olmaq istəyən qadınlara ödəniləcək məbləğlərlə bağlı danışıqların səs yazıları da yer alıb.
Donor namizədlərindən biri başqa vasitəçidən 2 min avro təklif aldığını deyəndə, Hacer T.-nin “Mən davamlı qız göndərirəm” dediyi və Kiprdə bu məbləğdə ödəniş edilməsinin mümkün olmadığını bildirdiyi qeyd olunur.
Hacer T.-nin müxtəlif ölkələrdəki ödənişlər barədə danışarkən “Gürcüstan, Amerika daha çox verər, 3 min 500” dediyi səs yazılarında əks olunub.
Həmin söhbətdə donor namizədinin rəngli gözlərə və 0 Rh mənfi qan qrupuna sahib olduğu, bir dəfəyə orta hesabla 50 yumurta hüceyrəsi əldə edilə bildiyi qeyd edilib. O, bu xüsusiyyətləri əsas gətirərək ödənişin artırılmasını istəyib. Məlumata görə, şəbəkə qadınlardan yumurta hüceyrələrini 80 avroya alıb, 100 avroya satıb.
Uşaq sahibi olmaq istəyən şəxslərin “sarışın saç, mavi göz” kimi tələblər irəli sürdüyü, şəbəkə üzvlərinin isə bu tələblərə “dərhal taparıq” cavabını verdiyi bildirilir. Şəbəkə üzvləri arasında təxminən 2 milyon avroluq pul dövriyyəsinin olduğu da iddia edilir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































