İyunun 7-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri ilhaq edilmiş Krım yarımadasında yerləşən iki neft bazasına (Feodosiyada və Lenino qəsəbəsində), həmçinin Sovetskoye qəsəbəsindəki hərbi hissəyə kütləvi hücum təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı regional "Krımski veter" "Telegram" kanalı və yerli mənbələr yayıb.
Məlumata görə, Lenino (Yedı Kuyu) qəsəbəsində yerləşən "Semikolodezyanskaya" neft bazasına endirilən zərbələrdən sonra ərazidə güclü yanğın başlayıb və alovun parıltısı ətraf kəndlərdən aydın görülüb. "Exilenova+" monitorinq qrupu NASA-nın peyk yanğınları sistemi (FIRMS) tərəfindən çəkilmiş şəkillərə istinadən sözügedən neft bazasındakı yanğın faktını təsdiqləyib.
Eyni zamanda, Krımdakı "Ateş" partizan hərəkatı və yerli mənbələr Feodosiyada yerləşən və yarımadanın ən böyük yanacaq çənlərinə sahib olan "Dəniz Neft Terminalı" ASC-yə (bura 250 min tona qədər yanacaq tutumuna malikdir) də hücum edildiyini və partlayış səslərinin eşidildiyini bildiriblər. "Krımski veter" həmçinin Sovetski qəsəbəsindəki Rusiya ordusuna məxsus hərbi hissəyə də zərbə endirildiyini yazsa da, Feodosiya və Sovetskidəki dağıntıların dəqiq miqyası barədə hələlik rəsmi təfərrüat verilməyib. Yarımadanın Rusiya tərəfindən təyin olunmuş rəsmi "rəhbərliyi" hələlik hadisələri şərh etməyib.
"Astra" müstəqil nəşrinin regional hakimiyyət orqanlarına istinadən yaydığı son məlumata görə, PUA hücumları nəticəsində Xerson vilayəti ilə Krımı birləşdirən mühüm nəqliyyat qovşaqlarında hərəkət iflic olub.
Ukrayna dronlarının zərbəsi nəticəsində buraxılış məntəqəsi yaxınlığındakı körpü örtüyünə (asfalt və beton konstruksiyalara) ziyan dəyib. Bu səbəbdən Rusiya tərəfi Xerson vilayətindəki "Çonqar" keçid məntəqəsini dərhal bağlayıb. Eyni zamanda "Cankoy" keçid məntəqəsindən də hərəkət tamamilə məhdudlaşdırılıb. İnsidentdən sonra ilhaq olunmuş Krıma aparan ən mühüm logistik marşrutlarda nəqliyyatın hərəkəti qismən və ya tamamilə dayandırılıb.
Bizim.Media



























































































