Vətəndaşlara çimərliklərdə təhlükəsizlik qaydaları izah edilib.
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən çimərliklərdə istirahət edən vətəndaşlara təhlükəsizlik qaydaları barədə məlumat verilib.
FHN-dən Bizim.Media-ya verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin mütəxəssislərinin iştirakı ilə nazirliyin Bakı, Sumqayıt, Cənub və Şimal regional mərkəzləri tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında, Sumqayıt şəhərində, eləcə də Astara və Xaçmaz rayonlarında yerləşən çimərliklərdə maarifləndirmə tədbirləri təşkil edilib.
Tədbirlər zamanı əməkdaşlar vətəndaşlara sularda təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verərək bu qaydalara əməl etməyin vacibliyini diqqətə çatdırıblar.
Həmçinin qadağanedici nişanlara, xilasedicilərin çağırış və tələblərinə, sanitar-gigiyena normalarına riayət olunmasının, uşaqların nəzarətsiz buraxılmamasının və zərərçəkənlərə ilkin yardım göstərilməsi qaydalarının əhəmiyyəti izah edilib.
Bununla yanaşı, vətəndaşlara suda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün görülməli zəruri tədbirlərlə bağlı tövsiyələr verilib, maarifləndirici çap materialları paylanılıb.








Bizim.Media


































































































