
- A-
- A
- A+
Çində Koreya avtomobillərinə maraq kəskin azalıb
Zəif tələbat fonunda sentyabrda “Hyundai Motor” və “Kia”nın Çindəki ümumi satışları bu il ilk dəfə olaraq 10 mindən aşağı düşüb.
Bizim.Media "Hana Securities" şirkətinin hesabatına istinadla xəbər verir ki, ötən ay “Hyundai Motor”un satışları illik müqayisədə 47 azalaraq təxminən 4 min ədədə, “Kia”nın satışları isə 31 faiz azalaraq 5 min ədədə düşüb.
Onların ümumi satışları 39 faiz azalaraq təxminən 9 min ədəd təşkil edib. Bazar payı isə 2010-cu illərin ortalarındakı 10 faizlik göstəricidən cəmi 0,6 faizə enib.
Cənubi Koreya avtomobil istehsalçıları Çin bazarı üçün xüsusi hazırlanmış elektrikli avtomobilləri (EV) təqdim etmələrinə baxmayaraq, satışları canlandırmaqda çətinlik çəkirlər.
“Hyundai”ın Çin bazarına özəl elektrikli SUV modeli olan "Elexio"nun satışı bu ilin ilk doqquz ayında cəmi 251 ədəd təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin son üç ayında bu rəqəm 1216 ədəd idi. “Hyundai”ın "Ioniq" brendi altında Çin bazarı üçün xüsusi hazırlanmış ilk modeli olan "Ioniq V"dən isə sentyabr ayında cəmi 558 ədəd satılıb.
Qeyd edək ki, dünyanın ən böyük avtomobil bazarı olan Çində xarici avtomobil istehsalçılarının satışları son illər sürətlə azalır. Çində xarici avtomobil markalarının ümumi bazar payı 2020-ci ildəki 64 faizdən təxminən 30 faiz səviyyəsinə enib. Bunun əsas səbəbləri Çin markalarının texnoloji üstünlüyü, qiymət rəqabəti, batareya və təchizat zənciri, Çin istehlakçılarının zövqünün dəyişməsi və xarici şirkətlərin strategiyadakı gecikməsidir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































