Vətən müharibəsində şəhid olan baş leytenant Valeh Məmiyevin ailəsi Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Ankaraya səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.
“Azərbaycanlı şəhid baş leytenant Valeh Məmiyev nazirimiz cənab Hulusi Akara işğal altındakı torpaqları azad edəcəklərinə dair söz verib, son nəfəsini verərkən də “Nazir Hulusi Akara verdiyim sözə əməl etdim” demişdi. Şəhidimizin dəyərli ailəsi nazir Akarın dəvəti ilə Ankaraya gəldi”, - deyə məlumatda qeyd olunub.
V.Məmiyevin ailəsi səfər çərçivəsində “Anıtkabir”i də ziyarət edib.
Valehin atası İsbat Məmiyev jurnalistlərə verdiyi açıqlamasında oğlunun Türkiyə və Azərbaycanın həyata keçirdiyi birgə təlimlərdə uğurla iştirak edən əsgərlərdən biri olduğunu qeyd edib. O bildirib ki, Hulusi Akar bu təlimlərdən birində iştirak etib və oğluna uğurları ilə bağlı mükafat verib. O həmçinin vurğulayıb ki, oğlu və Hulusi Akar məhz o zaman tanış olublar.
İsmat Məmiyev həmçinin oğlunun şəhidlik zirvəsinə ucalmasından da danışıb:
“Nazir Hulusi Akar bizə zəng etdi, başsağlığı verdi. Daha sonra bizi Türkiyəyə dəvət etdi. Milli müdafiə naziri Akara çox təşəkkür edirəm. Türkiyə ilə biz qardaşıq, iki qardaş dövlətik”.
Bizim.Media