Xəyallarını 73 yaşında reallaşdıran Qəbələ sakini – Ölkəmizin ən yaşlı tələbəsi kimdir? – FOTO 

Hazırda oxunan: Xəyallarını 73 yaşında reallaşdıran Qəbələ sakini – Ölkəmizin ən yaşlı tələbəsi kimdir? – FOTO 

184360

Qəbələnin Vəndam qəsəbə sakini Musa Mahmudov 55 ildən sonra gəncliyinə dönüb və o zaman həyata keçirə bilmədiyi arzusunu - tələbə adını qazanmaq xəyalını bu il reallaşdırıb.

Hazırda ölkəmizdə ən yaşlı tələbə kimi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi nəzdində fəaliyyət göstərən“Arıçı” qrupunda təhsil alır. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Arıçı” ixtisas qrupunda 19 tələbə təhsil alır. Onların ən gəncinin 26, ən yaşlısının isə 73 yaşı var. 

Bu yaşlı tələbə isə Musa Mahmudovdur.

“Oxumaq, öyrənmək, bilik və bacarıqları artırmaq heç zaman gec deyil”. Bu fikirlər tələbə-arıçı Musa Mahmudova məxsusdur. 


O, gənclik illərində təhsil almaq istəsə də, buna ailəsinin imkanı olmadığından arzusunu reallaşdıra bilməyib. Bugün isə Musa kişi sevdiyi bir peşənin dərinliklərinə yiyələnir. 

Peşə Təhsil Mərkəzində fəaliyyətə başlayan “Arıçı” ixtisasına ən son anda sənəd verərək qəbul olunan Musa Mahmudov yaşının ahıl çağında olmasına baxmayaraq dərslərə intizamla yanaşır, verilən tapşırıqları səylə yerinə yetirir, nəzəri və praktiki dərslərdə fəallığı ilə seçilir.  

Üç qız, bir oğul atası olan Musa Mahmudovun 8 nəvəsi var. 

Deyir övladlarının hamısına ali təhsil verib. İndi isə özünün gənclik arzusunu reallaşdırır.


“Mən 20 ilə yaxındır arıçılıqla məşğulam. Amma bu məktəbə gələndən sonra bildim ki, çox şeyləri bilmirəm. İndi mən Səbuhi müəllim, Anar müəllim, Elşən müəllimdən - əsas arıçı müəllimlərimdən çox şeylər öyrəndim” - deyən qocaman tələbə dərslərə davamiyyətdə heç kimdən geri qalmır, əksinə özünü intizamlı tələbə kimi aparır, müəllimlərinin gənc olmasına rəğmən onlardan öyrənməyə çalışır. 

Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev bildirir ki, “Arıçı” ixtisasına ilk qəbul ili olmasına baxmayaraq müraciət edənlərin sayı 40 nəfərdən çox olub. 

Ən yaşlı tələbə Musa Mahmudova gəlincə o, yeniyetmə və gənclərdə peşə təhsil sahəsinə olan biganə streotipləri dağıtmış oldu. Yəni hansı yaşda olmasına baxmayaraq oxumaq, öyrənmək və peşəyə sahib olmaq mümkündür. 










Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması - bəndinə uyğun olaraq hazırlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO