8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə Xaçmazda keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevin qadınlar haqda dediyi sözlərdən hazırlanmış video-çarx maraqla qarşılanıb.
Çarxın əvvəlində Heydər Əliyevin illər öncə xanımlarla bağlı səsləndirdiyi fikirlərə yer verilib:
"Qadınlar cəmiyyətdə çox həlledici təbəqədir. Deyirlər ki, çox adamlar, kişilər qadınlarından qorxur. Yəqin, burda oturanlardan da elələri var. Niyə qorxur? Nədən ötrü qorxur? Siz, qorxmursunuz? Çünki qadın həmişə çalışır ki, ailə sağlam olsun”.
Ulu öndərin qadınlar haqda, onların cəmiyyətdəki rolu barədə söylədikləri iştirakçıların etdiyi çıxışlarda sitat gətirilərək Azərbaycan qadınlarının bütün zamanlarda dəyanətli və mərd şəkildə kişilərin yanında olduğu diqqətə çatdırılıb.
Şəhid anaları adından fikirlərini bildirən Sevinc Cəlliova son antiterror hadisələrindən sonra Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edildiyini vurğulayıb. Sevinc Cəlilova döyüşlərdə şəhid olmuş oğlu Denisin və hərbçi yoldaşlarının ruhunun şad olduğunu qeyd edib.
Xaçmaz şəhərindəki Heydər Əliyev mərkəzində keçirilən tədbirdə rayon qadınlarının bir qrupuna fəxri fərmanlar təqdim edilib.
Tədbir bayram konserti ilə sona çatıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu