BİZİM TƏQVİM: 22 dekabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 22 dekabrda baş vermiş tarixi hadisələr

170127

1919–cu ilin bu günündə Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu, 5-ci hökumət kabineti parlamentdə təsdiqlənib. Bundan öncəki 4-cü hökumət kabineti 1919-cu il martın 14-də qurulmuşdu. 1919-cu il sentyabrın 13-də baş nazir Nəsib bəy Yusifbəyli hökumətin sədri vəzifəsindən istefa vermişdi. Cümhuriyyətin yeni hökuməti də N.Yusifbəylinin baş nazirliyi ilə təşkil olunmuşdu.

Bəs, dekabrın 22-də dünyada nələr olub?

1. Fransada 1894-cü ilin 22 dekabrında "Dreyfus məhkəməsi" başladı. Bu, yüzbaşı Alfred Dreyfusun haqsız yerə casusluqda ittiham edildiyi, həqiqətlərinsə 12 il sonra ortaya çıxması ilə hüquq tarixinə düşən bir məhkəmə idi.

2. 1935-ci il dekabrın 22-də dünyada ilk dəfə olaraq uğurlu vertolyot uçuşu həyata keçirildi. Həmin vertolyot Fransa konstruktorları Lui Breqe və Rene Doranın layihəsi əsasında hazırlanmış “Jiroplan Laboratuar” helikopteri idi.

3. 1942-ci ilin bu günü SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə podpolkovnik Həzi Aslanova ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib. Təltif vərəqəsində onun barəsində yazılırdı: “Döyüşlərdə öz alayına qəhrəmancasına və məharətlə rəhbərlik etdiyinə görə Həzi Əhəd oğlu Aslanov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülsün. Təkcə dekabrın 15-dən 19-unadək Verxni-Kumski rayonunda alay tərəfindən 30 tank, 50 avtomaşın vurulub və yandırılıb, faşist batalyonu məhv edilib.” Qeyd edək ki, Volqoqradda Mamayev-Kurqanda Stalinqrad (Volqoqrad) müdafiəçilərinin xatirəsi şərəfinə yaradılmış kompleksdə məşhur qəhrəmanların cərgəsində üstünə qızıl hərflərlə Həzi Aslanovun adı yazılmış xüsusi lövhə vurulub.

4. 22 dekabr 1963-cü ildə “Lakonia” sərnişin gəmisi Portuqaliya sahillərində yandı, 128 adam həyatını itirdi.

5. Sovet konstruktoru Sergey İlyuşinin rəhbərliyi ilə hazırlanmış “İl-86” aerobusunun ilk uçuşu 1976-cı ilin 22 dekabrında oldu. 350 sərnişin üçün nəzərdə tutulan bu nəhəng təyyarə Moskvanın mərkəzi aedromundan havaya qalxıb paytaxt səması üzərində dövrə vurduqdan sonra Moskva vilayətinin uçuş-sınaq bazasında yerə enib.

6. 22 dekabr 1979-cu ildə Türkiyənin Fransa üzrə Səfirliyinin Turizm və Tanıtma bölümünün müşaviri Yılmaz Çolpan ermənilərin ASALA terror təşkilatının üzvləri tərəfindən şəhid edildi.

7. 2009-cu ilin 22 dekabrında Sumqayıt texnoparkının (STP) birinci mərhələsində inşa olunmuş obyektlərin açılışı olub.

8. Ermənilərin “1915-ci il hadisələri”lə bağlı sözdə soyqırım iddiaları Fransa paralmentində 2011-ci il 22 dekabrda qanun layihəsi kimi qəbul olundu.

22 dekabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Dünya şöhrətli bəstəkar, daha çox "La Boheme" və "Turandat" operaları ilə tanınan Cakomo Puççini 1858-ci ilin bu günü İtaliyanın Puççini şəhərində dünyaya gəlib. Cakomo Puççininin “Manon Lesko”, “Bohema”, “Toska”, “Madam Batterflay” operaları dünya teatrlarının səhnəsində hələ də oynanılmaqdadır (1858-1924).

2. Tanınmış azərbaycanlı geoloq, professor Əli Əmiraslanov 1900-cü il 22 dekabrda anadan olub. Moskva Mədən Akademiyasını bitirib.O. 1954-cü ildən SSRİ-nin Əlvan Metallurgiya, Geologiya və Yer Təkinin Mühafizəsi Nazirliklərində rəhbər vəzifələrdə çalışıb. Geologiya sahəsinə dair bir sıra elmi əsərlərin müəllifi olan Əli Əmiraslanov İran, Polşa, Macarıstan, Rumıniya, Çin və İsveçin də əlvan metal yataqlarının tədqiqi ilə məşğul olub. (1900-1962)

3. 1911-ci ilin bu günündə görkəmli jurnalist, pedaqoq, professor Nəsir İmanquliyev dünyaya gəlib(1911-1998). Müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan alim-publisist, Əməkdar Jurnalist, ustad redaktor, pedaqoq və ictimai-siyasi xadim Nəsir İmanquliyev ömrünü Azərbaycan mətbuatının, mədəniyyətinin inkişafına, cəmiyyətin obyektiv informasiya tələbatının ödənilməsinə, peşəkar jurnalist kadrların hazırlanmasına həsr edib. Nəsir İmanquliyev “Bakı” və “Baku” qəzetlərinin qurucusu və 30 ilə yaxın baş redaktoru olub.

4. Azərbaycanlı əfsanəvi qəhrəman, partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə 1918-ci ilin bu günü dünyaya gəlib. 1941-ci ildə çağırıldığı hərbi xidmət zamanı Tbilisidə piyada hərbi məktəbini qurtarıb. İkinci Dünya Müharibəsi zamanı - 1942-ci ildə Stalininqrad ətrafında döyüşlərdə iştirak edib, ağır yaralanaraq əsir düşüb. Yuqoslaviyada əsirlərin hərbi düşərgədən qaçmasında mühüm rol oynayıb. 1944-cü ildə özü də əsirlikdən qaçaraq partizanlara qoşulub, gizli təşkilat yaradıb, "Mixaylo" adı və cəsarətilə böyük şöhrət qazanıb.

Həmin ilin payızında onun başçılığı ilə İtaliyanın Udine şəhərindəki həbsxanadan 700 hərbi əsir azad edilib. Mehdi Hüseynzadə 1944-cü ilin noyabrında növbəti tapşırığı yerinə yetirərkən faşistlərlə qeyri-bərabər döyüşdə əsir düşməmək üçün son güllə ilə özünü vurub.Azərbaycanda Mehdi Hüseynzadə haqqında "Uzaq sahillərdə" bədi filmi çəkilib (1918-1944).

5. Azərbaycan yazıçısı və kino-ssenari müəllifi Həsən Seyidbəyli 1920-ci ilin 22 dekabrında Bakıda anadan olub.Moskva Kino İnstitutunun rejissorluq fakültəsini bitirən Həsən uzun müddət “Azərbaycanfilm” kinostudiyasında rejissor işləyib, Azərbaycan Kinematoqrafiya İdarəsinin sədri seçilib (1920-1980)

6. “Fənərbaxça” komandası və Türkiyə futbolunun əfsanəvi adı Lefter Küçükandonyadis 1925-ci ilin bu günü İstanbul Büyük adada dünyaya gəldi. (1925 - 2012)

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO