Baba, nəvə və Allahın Kitabı...

Baba, nəvə və Allahın Kitabı...

Hazırda oxunan: Baba, nəvə və Allahın Kitabı...

119522
Məryəm babasını çağırdı. Babası yerindən qalxanda belini tutub "Ya Allah" dedi. Məryəm soruşdu:
- Baba, sən ayağa qalxanda niyə "Ya Allah" dedin? Hə, yadıma düşdü,  dünən mən nənəmi incidəndə o da demişdi ki, "Ay Allah, bu qıza nə olub görəsən?". Allah kimdir, baba?
- Yeri, göyü, insanları, heyvanları, meşələri, dağları, dənizləri yaradan, bizə hər cür nemətlər verən Allahdır. Allah böyükdür, qızım. Yadına sal görüm, atan, anan namaz qılanda əllərini havaya qaldırıb nə deyirlər?
- Deyirlər ki, Allahu Əkbər.
- Ay sağ ol, düz deyirsən, bax, Allahu Əkbər "Allah böyükdür" deməkdir.
- Baba, Allah babalardan da böyükdür?
- Hə, qızım, Allah hamıdan, hər şeydən böyükdür.
- Onun da nəvələri var?
- Yox, qızım, Allahın oğlu, qızı, nəvəsi olmur, Onun bəndələri var. Mən də, sən də, nənən də, atan da, anan da, bacın da, biz hamımız Allahın  bəndələriyik.
- Baba, Allah harada yaşayır?
- Allah gözə görünmür, qızım. O bizi görür, biz isə Onu görə bilmirik.
- Allah çox güclüdür, baba?
- Hə, qızım, çox güclüdür.
- Allah istəsə Günəşi də söndürə bilər?
- Hə, mənim balam, Allah hər şeyə qadirdir.
- Baba, mən istəyirəm Allahla danışam, ona şeir söyləyəm.
- Allahla danışmaq olmaz, Ona ancaq dua etmək olar.
- Dua nədir, baba?
- Adamlar namaz qılanda Allaha dua edirlər, qızım. Deyirlər, Ay Allah, bizi yaratdığına, verdiyin nemətlərə görə Sənə şükürlər olsun.
- Baba, nənəm mənə demişdi ki, bax, o bəzəkli, böyük kitab Allahın kitabıdır.
- Hə, Məryəm balam, o, Allahın kitabıdır. Adı da "Qurani Kərim"dir.  İnşallah, sən böyüyərsən, ağıllı, savadlı bir qız olarsan, namaz  qılarsan, oruc tutarsan, o kitabı da oxuyarsan. O zaman verdiyin  sualların hamısına cavab tapacaqsan...

Məzahir Süleymanzadə, publisist-şair-jurnalist
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO