Qüds QANA DOYMUR – III Dünya Savaşı Yaxın Şərqdə BAŞLAYACAQ?

Hazırda oxunan: Qüds QANA DOYMUR – III Dünya Savaşı Yaxın Şərqdə BAŞLAYACAQ?

159688

Bir həftəyə yaxındır ki, Yaxın Şərq qan gölünə çevrilib. HƏMAS-ın İsrailə qəfil hücumu növbəti qanlı faciəyə yol açdı. Hər gün yüzlərlə insan həyatını və ev-eşiyini itirir. BMT bir yana ABŞ, Rusiya və Aİ qanlı toqquşmanı dayandırmaq əvəzinə tərəfləri daha irimiqyaslı hücumlara təşviq edir. Bu isə onu göstərir ki, İsrail-Fələstin münaqişəsi xeyli uzun sürəcək.

Münaqişənin səbəbi nədir?

Fələstinlə İsrail arasında hərbi toqquşmalar XX əsrin bəlalarındandır. Əsrlər boyu yəhudilərlə ərəblər eyni coğrafiyada birgə yaşayıblar. Xüsusilə də Osmanlı imperiyası dövründə bu iki xalq arasında elə bir ciddi qarşıdurma qeydə alınmayıb. 

Yalnız Birinci Dünya müharibəsindən sonra parçalanan Osmanlı İmperiyasının nəzarət etdiyi ərazilərdə yeni dövlətlər yarandı. İndiki İsrail və Fələstin əraziləri isə ərəblərin nəzarətinə keçdi. 30 ildən artıq bu ərazilərdə əsas söz sahibi fələstin xalqı olub. Yalnız 1947-ci il noyabrın 29-da BMT Fələstin torpaqlarının 56 faizini 650 min nəfərlik yəhudi xalqına, 44 faizinin isə 1 milyon 300 min nəfərlik Fələstin əhalisinə verilməsi və Qüdsün (Yerusəlim) Beynəlxalq statusa sahib bufer zona olması barədə planı təsdiqlədi. 

1948-ci il mayın 14-də isə İsrail dövlətinin yaradılması rəsmən elan edildi. Məhz bu tarixdən sonra Qüds ətrafında qanlı müharibələr başladı. Son 70 ildə Qəzza bölgəsində baş verən toqquşmalarda 100 mindən artıq insan həyatını itirib. Həlak olanlarınsa 90 faizi ərəblərdir. Məsələnin məğzi ondan ibarətdir ki, həm müsəlmanlar, həm də yəhudilər Qüdsü öz əzəli və ən müqəddəs torpaqları sayırlar. Ona görə də hər iki tərəf Qüdsə sahib çıxmaq istəyir. 
 

MÖVZU İLƏ BAĞLI:

İsrail ordusu müharibənin növbəti mərhələsinə başlayacaq?


Müsəlmanlar üçün Qüds niyə bu qədər önəmlidir?

Müsəlmanlar üçün Qüds ona görə müqəddəs hesab edilir ki, İslam dini ilk dəfə burada təşəkkül tapıb. Məhz ilk məscid də burada inşa edilib. Təsadüfi deyil ki, Kəbə inşa edilənə qədər bütün müsəlmanlar qibləni Qüds hesab edirdilər və namaz qılarkən üzü Qüdsə tərəf dayanırdılar. Bu ənənə indi də qalmaqdadır. Bəzi müsəlmanlar hələ də üzü Kəbəyə yox, üzü Qüdsə ibadət edirlər.

Yerusəlim yəhudilər üçün hansı anlamı daşıyır?

Yəhudilər də Qüdsü özlərin əzəli və müqəddəs torpaqları sayırlar. Təsadüfi deyil ki, indinin özündə də yəhudilər bir-biri ilə görüşərkən salam əvəzinə “Yerusəlimdə (Qüds) görüşərik” söyləyirlər. 

Lakin münaqişənin həlli üçün heç bir təşəbbüs göstərilmir. Əksinə hər iki tərəf müharibəyə təşviq edilir. Halbuki, bu iki xalq arasında davamlı sülhü təbliğ etmək və iki xalqın eyni ərazidə mehriban yaşamasına yardım etmək olar. Lakin bu qlobal güclərə sərf etmir. Ona görə də həmin güclər bir qayda olaraq münaqişənin uzanmasına çalışırlar.

Qüds dinlərarası mübarizə subyektidir

Dinlərarası müharibələrsə asanlıqla bitmir. Çünki dini təəssübkeşlik bir çox hallarda dünyəvi problemə çevrilir. Bu gün İslam aləmi bu və ya digər şəkildə fələstinliləri dəstəkləyir. Amma bəzi dövlətlər bundan siyasi məqsədləri üçün istifadə edirlər. Məsələn, Qüds uğrunda mübarizədə İran bəzən ərəbləri də geridə qoyur. Molla-fars rejimi açıq şəkildə bəyan edir ki, İsrail dövlətini yer üzündən silənə qədər və Qüdsə öz bayraqlarını asana qədər dayanmayacaqlar. 

Bu iddianın kökündə İslam təəssübkeşliyi yox, fars şovinizmi dayanır. Molla-fars rejimi Qüds və Qəzza bölgəsini ələ keçirməklə dünya ağalığına iddia etmək istəyir. Tehran ən azından İslam dünyasını idarə etmək arzusundadır. Farsların bu xəstə ideyaları səbəbi ilə hər il yüzlərlə terrorçu yetişdirilir və Qəzza bölgəsinə göndərilir. Hazırda bu bölgədəki Hizbullah, HƏMAS və digər terror təşkilatları birbaşa İrandan maddi və texniki yardım alır. 

Çox təəssüf ki, bəzi ərəb dövlətləri də bu məsələdə İranın mövqeyindən çıxış edir. Qəribədir ki, İsrail-Fələstin məsələsində Rusiya da birmənalı olaraq fələstinlilərin tərəfini tutur. Çünki yaxın 30 ildə Liviyada, İraqda, Suriyada və indi də Qəzza bölgəsində Rusiya Qərblə əks cəbhədə yer alıb.

İsrail-Fələstin münaqişəsi Qərbin də işinə yarayır

ABŞ üzdə İsrailin strateji tərəfdaşı və yaxın dostu kimi görünsə də Ağ Evdəkilər bu günə qədər bu münaqişənin həllinə heç bir töhfə verməyiblər. Obrazlı şəkildə desək, ABŞ İranla düşmənçiliyində nə qədər səmimidirsə, İsraillə dostluğunda da bir o qədər etibarlıdır. 

Vaşinqton bu gün Təl-Əvivin yanında dayandığını bildirir. Hətta ABŞ Dövlət katibi Antoni Blinken münaqişənin başlamasının ertəsi günü Təl-Əvivə gəldi. Bəs, nəticə niyə yoxdur? Blinken gəldi-getdi amma münaqişə öz sürəti ilə davam edir. Bu da onu göstərir ki, ABŞ münaqişənin həllində yox, onun uzanmasında maraqlıdır. 

Təsadüfi deyil ki, HƏMAS-ı məhv etmək üçün VaşinqtonTəl-Əvivə hər cür yardım göstərməyə hazır olduğunu dəfələrlə elan edib.

Ağ Evin dediyi isə Xristian evi olan Avropa İttifaqı üçün qanundur. Üstəlik, burda din faktoru da var. Bütün katoliklər dünyanın dini mərkəzi kimi Vatikanı görürlər. Lakin provaslavlar və müsəlmanlar bir yana, hətta İudaizmin daşıyıcıları olan yəhudilər də bu fikri heç cür qəbul etmirlər. 

Ona görə də Qəzza bölgəsində gedən müharibə iki dövlət arasında yox, 3 din arasında gedən bir mübarizədir. İudaizmin daşıyıcıları ilə müsəlmanlar bir-birini qırır, katoliklərlə provaslavlarsa onları bu qırğına həvəsləndirirlər. Bu isə çox qorxulu hadisələrin işartılarıdır. Əgər yaxın bir neçə gündə atəşkəs olmasa onda Üçüncü Dünya Müharibəsinin başlamasının anonsunu verə bilərik.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO