Bir zamanların sevilən ifaçısı Kəmalə Rəhimli dahi sənətkar, SSRİ xalq artisti Rəşid Behbudovla bağlı xatirələrinin kiçik bir hissəsini Moderator.az-la bölüşmüşdü. Müğənni qeyd etmişdi ki, ölməz sənətkarımız Rəşid Behbudov o vaxt ona televiziyaya çıxmağa icazə vermirdi deyə Mahnı Teatrından öz ərizəsini yazaraq işdən ayrılıb: “Mənə deyirdi ki, televiziyaya çıxma, qoy səni həsrətlə gözləsinlər, heç özü də çox çıxmırdı. Mən də cavan idim, televiziyada görünmək istəyirdim, ona görə də ərizəmi yazıb Mahnı Teatrından ayrıldım. Allahımıza and olsun ki, o boyda dahi sənətkar demək olar ki, tetardan ayrılmayım deyə mənə yalvardı. Ancaq onu dinləmədim...”x9d.
Müğənni Kəmalə Rəhimli Moderator.az-a növbəti açıqlamasında bildirib ki, Rəşid Behbudov rəhmətə gedəndən sonra yenidən Mahnı Teatrına qayıdıb: “Rəşid Behbudovun sağlığında məni teatra dəvət etsələr də qayıtmamışdım. Ölməz sənətkarımız rəhmətə gedəndən sonra yenidən teatrdan təklif gəldi və mən bu təklifi qəbul etdim. O zaman bəstəkar Faiq Sücəddinov teatrın musiqi rəhbəri idi. Günlərin birində gördüm ki, İlhamə Quliyeva Faiqin kabinetində oturub. Həmin günün səhəri İlhamə xanımı yenə orada gördüm və bu hal dəfələrlə davam etdi. Bu gəl-getdən sonra məni ərizəmi yazaraq işdən çıxmağa məcbur etdilər. İşdən çıxandan sonra eşitdim ki, demə İlhamə xanım mənim yerimə işə düzəlib. İşə təzə başlayanda hələ səhnədən də yıxılmışdı, əli sınmışdı. Düzdür, o indi rəhmətə gedib və ölünün dalıyca danışmazlar, ancaq bunlar həqiqətdir və deməyə məcbur oldum. Çox incimişdim, amma o qədər sevilirdim ki, heç nəsə danışmağa lüzum belə görmədim. Sonra rəhmətlik Telman Hacıyev, Allah ona qəni-qəni rəhmət eləsin, məni Mahnı və Rəqs Ansamblına solist kimi dəvət etdi, orada işlədim”x9d.
Müğənni daha sonra əlavə edib ki, o zaman bütün kollektivlər onunla çalışamağa can atırmışlar: “Çünki konsertlərə gedib, gəlirdim, plan doldururdum. Elə kollektivlər var idi ki, mənim konsertlərimin hesabına onların məvacibləri ödənilirdi. Gecəm, gündüzüm yox idi, bayram nədir bilmirdim, məni sevən insanların toylarını qoyub dövlət konsertlərinə gedirdim. Mən bu sənətə ailə qurub, ana olub, uşaq böyüdəndən sonra gəlməmişəm. Musiqi təhsili ala-ala, Asəf Zeynallı adına musiqi məktəbində oxuya-oxuya səhnəyə gəlmişəm. 19 yaşında xalqın sevgisini qazanmışam və bu sənətə gələndə də əsla varlanmaq fikrim olmayıb. Ancaq səhnədə oxumağı düşünmüşəm, gəncliyimi, sağlamlığımı sənətə fəda etmişəm”x9d.
xa0
































































































