Vətəndaş cəmiyyəti institutları korporativ sektora layihə təkliflərinin hazırlanması bacarıqlarını artırıblar.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi (İB) tərəfindən icra olunan “QHT–Biznes tərəfdaşlığının gücləndirilməsi: sosial məsuliyyət üçün birgə təşəbbüslər” layihəsi çərçivəsində növbəti tədbir baş tutub. Azərbaycan təcrübəsində ilk dəfə olaraq 23 sentyabr 2026-cı il tarixində Bakı şəhərində QHT təmsilçiləri üçün “KSM Strategiyasına uyğun layihə təkliflərinin hazırlanması” mövzusunda oflayn təlim təşkil edilib.
Bizim.Media xəbər verir ki, təlimdə 20 nəfər QHT nümayəndəsi iştirak edib.
Tədbiri giriş sözü ilə açan “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB-nin layihə hüquqşünası Şahin Nəsrullayev layihənin məqsədi, biznes və vətəndaş cəmiyyəti institutları arasında dialoqun genişləndirilməsinin əhəmiyyəti barədə məlumat verib.
O bildirib ki, layihənin əsas məqsədlərindən biri QHT-lərin Korporativ Sosial Məsuliyyət (KSM) sahəsində bilik və səriştələrini artırmaq, onları şirkətlərlə birgə sosial təşəbbüslər həyata keçirməyə hazırlamaqdır.
Daha sonra iştirakçıların KSM və ESG üzrə bilik səviyyəsini yoxlamaq məqsədilə ilkin qiymətləndirmə (Pre-test) aparılıb və əsas sessiyalara başlanılıb.
Təlimçi, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (AFchamber) İdarəedici Direktoru, KSM və dayanıqlılıq üzrə tanınmış ekspert Ceyhun Atayev iştirakçılara geniş təqdimatla çıxış edib. C.Atayev çıxışında müasir biznes idarəçiliyində KSM və ESG standartları, şirkətlərin vətəndaş cəmiyyətindən gözləntiləri, eləcə də beynəlxalq təcrübədə tətbiq olunan ortaq sosial təsir modelləri haqqında ətraflı məlumat verib.
Ekspert xüsusilə vurğulayıb ki, korporativ sektora müraciət edərkən ənənəvi qrant yanaşmasından strateji tərəfdaşlığa keçilməlidir. Təqdimat zamanı layihə təklifinin strukturlaşdırılmasında mühüm olan təməl suallar — layihənin mahiyyəti, benefisiarlar, həm cəmiyyət, həm də sponsor üçün faydası, icra qrafiki, büdcəsi və icraçı komandanın səriştəsi ətrafında praktiki izahlar verilib.
Təlim iştirakçıları biznes dili ilə təklif paketlərinin hazırlanması, investisiya arqumentlərinin qurulması və ölçülə bilən sosial təsir (KPI) göstəricilərinin müəyyənləşdirilməsi metodları ilə tanış olublar.
Günün ikinci yarısında beynəlxalq sosial məsuliyyət və icma layihələri üzrə uğurlu nümunələr nəzərdən keçirilib, QHT-lərlə birgə layihə dizaynı (co-creation) mexanizmləri interaktiv şəkildə müzakirə edilib. İştirakçıların sualları cavablandırılıb və tədbir yekun qiymətləndirmə ilə başa çatıb.
Qeyd edək ki, layihə çərçivəsində şirkət nümayəndələri üçün təşkil olunmuş silsilə seminarlar və QHT-lər üçün keçirilən bu oflayn təlimdən sonra biznes və vətəndaş cəmiyyəti nümayəndələrinin birgə iştirakı ilə geniş onlayn müzakirənin təşkili planlaşdırılır.





Bizim.Media






































































































