Yeni müdaxilə metodundan hətta təcrübəsiz hakerlər istifadə edə bilər.
ANS PRESS-in məlumatına görə, USB təhlükə doğurur və istənilən mikrokontrollerə müdaxiləyə imkan verir. Bu barədə ICTnews elektron xidməti bildirir.
Yeni müdaxilə üsulu haqda İT mütəxəssisləri Adam Kadilli və Brendon Uilson ətraflı məlumat veriblər. Onlar Derby Con konfransında çıxış ediblər. Məlum olub ki, istənilən USB periferiyası virusa yoluxa bilər. Bu, fləş daşıyıcı, klaviatura, veb-kamera və s. ola bilər.
Yeni müdaxilə üsulu Bad USB adlandırılıb: kibercinayətkara qurbanın kompüterinə giriş imkanı verə bilər. Virusa yoluxmuş kod klaviatura üzərində nəzarəti ələ keçirməyə, faylları köçürməyə, həmçinin DNS sazlamalarını dəyişdirməyə imkan verəcək.
Hazırda bu təhlükəyə qarşı müdafiə yoxdur. Skaner təhlükəni aşkar edə bilmir, çünki USB periferiyasında mikroproqrama girişə malik deyil. Fləş daşıyıcının yenidən format edilməsi də kömək etmir.
Ötən ilin iyulunda kompüter təhlükəsizliyi sahəsində ekspertlər Karsten Nol və Ceykob Lell problem haqda məlumat vermişdilər, amma yeni müdaxilə üsulunun təfərrüatını açıqlamamışdılar. Mütəxəssislər hakerlərin diqqətini cəlb etməmək üçün kodu dərc etməmişdilər. Onlar hesab edirdilər ki, mikrokontroller istehsalçıları bu problemi diqqətə alaraq USB ilə bağlı riski aradan qaldıracaqlar.
Derby Con konfransında çıxış etmiş Adam Kadilli və Brendon Uilson bildiriblər ki, onlar kodu dərc ediblər və indi kod Git Hub veb-xidmətində əlçatandır. Onların fikrincə, yalnız bu yolla istehsalçıları potensial təhlükəyə diqqət yönəltməyə məcbur etmək belə olar.































































































