Gəncəyə yolu düşən hər kəsin diqqətini ilk növbədə şəhərin girişindəki on hektarlarla ərazini tutmuş ilk baxışdan əzəməti ilə adamı heyrətləndirən Alüminum Zavodu cəlb edir. Sovetlər dönəmində bu zavodun sorağı çox-çox uzaqlardan gələrdi, çoxminli kollektivi ilə ölkənin ikinci paytaxtının əhalisinin əsas qazanc mənbələrindən biri hesab olunardı.
Sonralar da əldən-ələ keçən zavod 90-cı illərin sonlarında bir müddət yenidən fəaliyyətini bərpa etdi və 2500 işçisi ilə yenidən bölgənin ən nəhəng istehsal müəssisəsi statusuna yiyələndi. Amma bu dəfə də tənəzzül tərəqqiyə qalib gəldi və beləcə minlərlə işçi yenidən öz hesabına sonu bəlli olmayan məzuniyyətə göndərildi...
Amma Gəncədəki mənbələrimizdən Moderator.az-a göndərilən fotomaterialdan bəlli olur ki, bir vaxtlar adı dillər əzbəri olan bu zavodun işçiləri intizarla yenidən işə başlayacaqlarını gözlədikləri halda səlahiyyət sahibləri aranı xəlvət görüb pul qazanmağın yeni metodunu tapıblar.
Belə ki, bölgə əhalisinin iddiasına görə xeyli vaxtdır zavodun fəaliyyəti dayandırıldığı ücün sovet dövründən cəkilmiş su borularını qazıb yerin altından cıxararaq müştərilərə dəyər-dəyməzinə satırlar:
"O vaxt bu borularla zavoda su gəlirdi, Kür "tras"ının qırağında Alüminum Zavoduna məxsus sutəmizləmə qurğusunda həmin Kür suyu təmizləndikdən sonra isə zavoda boru vasitəsi ilə verilirdi. Həm içməli su kimi, həm də texniki su kimi zavodun ehtiyaclarını tam ödəyirdi. Amma artıq boruların tamamilə çıxarılıb satılmasından sonra zavodun işçilərinin inamı tamam sarsılıb ki, deməli bu zavod yaxın illərdə işləyəsi deyil, ona görə də artıq yeni iş yeri axtarmaq lazım...






























































































