“10 manatlıq” şirkətlərin qalib olduğu tender formalizmi – Keyfiyyətsiz işlərə MİLYARDLAR necə XƏRCLƏNİR?

Hazırda oxunan: “10 manatlıq” şirkətlərin qalib olduğu tender formalizmi – Keyfiyyətsiz işlərə MİLYARDLAR necə XƏRCLƏNİR?

22156

Azərbaycanda dövlət vəsaitlərinin mənimsənilməsi həm də dövlət qurumları tərəfindən keçirilən tenderlər vasitəsi ilə reallaşır.

Məlumdur ki, Prezident İlham Əliyev də keçirilən iqtisadi müşavirələrdə dövlət vəsaitlərinin xərclənməsində şəffaflığın olmadığını dəfələrlə vurğulayıb və bu cür hallarla mübarizə aparılmasının vacibliyini qeyd edib. 

Amma hələ ki, ölkədə dövlət satınalmalarının qeyri şəffaf keçirilməsi davam etməkdədir. Bir sıra ekspertlərin fikrincə, satınalmalar korrupsiya və mənimsəmələr üçün ən münbit şərait yaradan bir sahədir.

Qeyd edək ki, dövlət satınalmalarında şəffaflığın təmin edilməsi üçün 2018-ci ildə «Dövlət satınalmaları haqqında» Qanuna dəyişiklik edilib.

Dəyişikliyə görə, satınalma predmetinin ehtimal olunan qiyməti 3 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olduqda malların satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilir.  Bu məqsədlə "Dövlət satınalmalarının vahid elektron portalı" yaradılıb.

Lakin bu dəyişiklik ölkəmizdə dövlət satınalmalarda şəffaflığı təmin etməyib. Elektron satınalmaların tətbiqində məqsəd satan və alan tərəflərin ünsiyyətini minimuma endirməkdir. Lakin bu, sövdələşmələrin baş verməsini əngəlləyə bilmir. 

Bir çox hallarda tenderi udan şirkətlərin elə həmin dövət qurumu tərəfindən yaradıldığı üzə çıxır. Heç kimin tanımadığı və başqa qurumların keçirdiyi tenderlərdə “gözə dəyməyən”, bəzən nizamnamə kapitalı 10-20 manat olan şirkətlərin rəhbərləri isə adətən “təsisçisi” qurumun yaxın qohumları olur.  

Bu oyunun qurulmasının arxasında dayanan əsas məsələ isə sifariş veriləcək şirkətdən məbləğin bir hissəsinin geri alınmasıdır.

Tərəflər bunu “otkat” adlandırırlar. Pulun geri qaytarılması müxtəlif üsullarla həyata keçirilir. “Otkat”-ın əvəzinə isə sifarişçiyə qiymətləri sərbəst müəyyənləşdirmək hüququ verilir, o, məsələn 1 manatlıq işin dəyərini 10 manata qaldıra da, keyfiyyətsiz məhsulu yuxarı qiymətlərlə “sırıya” da bilər. Nəticədə görülən işin keyfiyyətsiz olması isə tərəfləri düşündürmür. Hər halda vaxtı çatandan “altından çıxmaq” üçün variantlar tapılacaq. 

Dövlət qurumu tərəfindən il ərzində keçirilən tenderlərdə 5-6 dəfə eyni şirkətin “qalib gəlməsi” də təbii ki, təsadüfü deyil. 

Qeyd edək ki, tender oyunları zaman-zaman mətbuata sızır. Bu günlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sabirabad rayonunda fərdi yaşayış evlərinin təmir işləri üçün elan etdiyi tenderin də şəffaflığını şübhə altına alan məqamlar üzə çıxıb.

Məlum olub ki, Komitə 290 min manata yaxın vəsaiti tanınmayan “Müasir tikililər” şirkətinə ayırıb. 2019-20-ci illər ərzində isə məhz həmin şirkət Komitənin 5 tenderini “udub”.

Müxtəlif vaxtlarda SOCAR, “Azərişıq”, Azərbaycan Memarlıq və İnşaaat Universiteti,  Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, bir çox rayon icra hakimiyyətlərinin qeyri-şəfaf, daha doğrusu bəhs etdiyimiz formalarda keçirdikləri tenderləri ilə bağlı məlumatlar mətbuat səhifələrində yer alıb. 

“Azərişıq”ın 4,4 milyon manatlıq tenderini 4 manatlıq şirkət udub - Nizamnamə kapitalı 4 manat olan "Sabah Constraction"  MMC-nin hüquqi ünvanı Beyləqan rayonu, Təzəkənd kəndində yerləşdiyi məlum olub.  

“Azərsu”-nun 113 min manatlıq tenderin qalibi olan “Treniks Grup” MMC-nin adına açıq internet resurslarda rast gəlmək mümkün olmayıb. 

“Azərenerji” “Mix Pro” MMC ilə imzaladığı müqaviləyə əsasən servis xidmətinə 140 min manat yönəldilib.

Onu da əlavə edək ki, təkcə ötən il dövlət vəsaitləri hesabına 6 milyard 567 milyon 210 min manat məbləğində 9 203 satınalma prosedurunun keçirildiyi nəzərə alınarsa, mənimsəmə faktlarının miqyasının nə qədər böyük olduğu üzə çıxmış olur.

Xatirə Nəsirli, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO