Qazaxıstanın Astana şəhərində türkdilli ölkələrin şahmat çempionatı keçirilib. Yarış üç kateqoriyada - kişilər, qadınlar və 16 yaşa qədər komandalar arasında təşkil olunub.
Azərbaycan Şahmat Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədovadan ibarət qadın yığması altı görüşdə dörd qələbə qazanıb, iki heç-heçəyə nail olub. Yekunda 10 xal toplayan İlahə Qədimovanın kapitanı olduğu qadınlardan ibarət Azərbaycan komandası yarışı birinci pillədə başa vuraraq qızıl medala layiq görülüb.
Təşkilatçı ölkə Qazaxıstan ikinci, Özbəkistan isə üçüncü yeri tutub.
Xaqan Əhməd, Şəmsi Qaraxanov, Paşam Əlizadə və Lalə Hüseynovadan ibarət U-16 komandası altı turda beş qələbə qazanıb. Ümumilikdə 10 xal toplayan Fərid Abbasovun kapitanı olduğu Azərbaycanın U-16 komandası da qızıl medal əldə edib. Gümüş və bürünc medallar Qazaxıstanın birinci və ikinci komandalarına qismət olub.
Kişi şahmatçılardan ibarət Azərbaycan komandası isə turniri bürünc medalla başa vurub. Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Xəzər Babazadə, Şiroğlan Talıbov və Murad İbrahimlinin çıxış etdiyi komanda altı turda üç qələbə əldə edib. 7 xal toplayan kişi şahmatçılardan ibarət Azərbaycan kollektivi üçüncü yerdə qərarlaşıb.
Beləliklə, Azərbaycan şahmatçıları türkdilli ölkələrin çempionatını 2 qızıl və 1 bürünc medalla başa vurublar.




Bizim.Media
































































































