Həbsdəki gəncdən şok müraciət

Həbsdəki gəncdən şok müraciət

Hazırda oxunan: Həbsdəki gəncdən şok müraciət

47248

“NİDA üzvlüyündən imtina edirəm...”; Bəxtiyar Quliyev təcridxanadan məktub göndərdi: “Siyasi məhbus adlandırılmağıma etiraz edirəm, təxribatçı qüvvələrin təsiri ilə cinayət əməli törətmişəm”; məhbusun atası “Elə bilin ki, mənim oğlum bu dəqiqə bataqlıqdadır” dedi; vəkil yazdığı ərizəyə görə onun azadlığa buraxılacağına inanmır 

İyunun 2-də həbsdə olan NIDA Vətəndaş Hərəkatının üzvü Bəxtiyar Quliyev KIV-ə bəyanat ünvanlayıb. Bakı İstintaq Təcridxanasında saxlanılan NİDA-çı müraciətdə “təxribatçı qüvvələrin təsiri altında cinayət əməli törətdiyini, həbsdə olduğu müddət ərzində bunu anladığını” qeyd edib, “siyasi məhbus” adlandırılmasına qəti etirazını bildirib.


O, NİDA üzvlüyündən imtina etdiyini də qeyd edib.

B.Quliyev prezident İlham Əliyevə də müraciət ünvanlayıb. 29.05.2014-cü il tarixində B.Quliyevin öz xətti ilə yazılmış və imzalanmış məktubu aşağıdakı kimidir: “Mən bu gündən etibarən NİDA Vətəndaş Hərəkatı üzvlüyündən imtina edirəm. Mənim bu addımıma səbəb həbsdə olduğum dövrdə özüm özümü tapmağım, təxribatçı qüvvələrin yanlış fikirlərini həyata keçirdiyimi dərk etməyimdir. Aidiyyəti orqanlardan tələb edirəm ki, siyasi məhbus anlayışını mənim üzərimdən götürəsiz”. 

Musavat.com-un əməkdaşı bu haqda yayılan xəbərləri dəqiqləşdirmək və yaranmış vəziyyətlə bağlı əlavə məlumat almaq üçün Bəxtiyar Quliyevin atası ilə əlaqə saxlayıb.
Bəxtiyar Quliyevin atası Səməndər Quliyev oğlunun prezidentə müraciət etməsi xəbərini  təsdiqləyib: “Oğlumun prezidentə müraciət xəbəri doğrudur. İki gün öncə biz onunla görüşdük. Görüş zamanı NİDA-dan imtina etdiyini dedi. Özü mənə dedi ki, NİDA-çılara zəng edib bildirib ki, mən həm NİDA-dan, həm də vəkillərimdən imtina edirəm”.
Bəxtiyar Quliyevin atası oğlunun prezidentə müraciət etməsi üçün ona hər hansı təzyiqlərin göstərilmədiyini də vurğulayıb: “Oğlum təzyiq nəticəsində prezidentə müraciət etməsi ilə bağlı heç nə demədi. Sadəcə, imtina etdiyini dedi”.


Gəncin atası “oğlunuzun belə bir müraciət etməsinə sizin münasibətiniz necədir” sualına isə belə cavab verib: “Oğlumun prezidentə müraciətinə çox yaxşı baxıram. Bu dəqiqə mənə oğlum lazımdır. Hər halda, mən istəyərəm ki, oğlum azadlığa çıxsın. Elə bilin ki, mənim oğlum bu dəqiqə bataqlıqdadır. Onu nə siz azadlığa çıxarda biləcəksiniz, nə də kənardan kimsə gəlib, azadlığa çıxarda biləcək. Onun üçün heç kəs yox, ancaq  atası və anası əziyyət çəkir”.

S.Quliyev “BBC-Azərbaycan”a açıqlamasında bildirib ki, iki gün əvvəl oğlu ilə danışıb və oğlunun vəziyyətinə görə çıxış yolu olmayıb: “Epilepsiya xəstəsidir, kamera şəraitində vəziyyəti çox pisdir. Hökm verilən zaman da necə gərgin olduğunu gördüm”.
S.Quliyev əlavə edir ki, Bəxtiyar Quliyev hadisələrin bu dərəcəyə gəlib çıxacağını bilməyib: "Gərək NİDA-ya üzv olanda başa salardılar ki, vəziyyət bu hala gəlib çıxa bilər. Onda bilib gələrdi. Hay-küy düşüb üzv olub, 19 yaşı var, bilməyib əslində onu hara gətirib çıxara bilər”.


NİDA  üzvlərinin vəkili olmuş Rəşid Hacılı sosial şəbəkədə bu məktubla bağlı belə rəy verib: “Soruşmaq lazım, bu bəyanatın Penitensiar Xidmətin saytına nə dəxli var? Bu, konkret funksiyaları olan dövlət qurumudur, ya YAP siyasi müxalif qruplarla iş şöbəsi?  Məsələn, həmin NİDA-çı hökuməti tənqid edən və ya heç olmasa təqsirsiz olduğunu deyən bəyanat versə, bu Penitensiar Xidmət onu da çap edəcəkmi? 19 yaşlı gəncə təzyiq etmək, onu əzmək, qorxuzmaq, sındırmaq asandır, təbii. Belə ağır təzyiqə sadəcə dözməyə bilər, təkliflərinizlə razılaşa bilər. Onu ötən ilin yanvarında tutub aparıb ağır işgəncə vermişdilər”. 

“Yeni Müsavat”a açıqlamasında isə R.Hacılı bildirdi ki, B.Quliyev NİDA-nın adi, amma fəal üzvlərindən biri olub. O, həm də blogger olaraq məşhur “H.Əliyev adına səhifə”nin   adminlərindən biri olub. Vəkilin sözlərinə görə, B.Quliyev və M.Əzizova məhz bloggerlik fəaliyyətinə görə ötən ilin yanvarında Səbayel polisində işgəncə vermişdilər: “Onların bu barədəki şikayətləri hələ də araşdırılmamış qalıb. Dediklərinə görə, işgəncələr çox ağır və dözülməz olmuşdu. İndi bütün dövlət maşınının, polisin, MTN-in, prokurorluğun və məhkəmələrin və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin bu gənclərin üstünə düşdüyü, onları əzmək üçün əllərindən gələni etməyə çalışdıqları bir halda onun belə müraciət yaymasını qeyri-adi bir şey saymaq olmaz. Bunu sadaladığım bu qurumların, eləcə də Prezident Administrasiyasından tutmuş YAP-dək qurumların qələbəsi kimi təqdim etmək də əxlaqdan və mənəviyyatdan uzaq məsələdir. Belə sıxma-boğmalara hər kəs dözə bilməz. Belə böyük maxinasiyanın qarşısında hər kəs duruş gətirə bilməz. Bu, həmin maxinasiyanın qələbəsi yox, faciə janrında bir şoudur. Bu, ”biz sizi belə əzərik" mesajıdır".

R.Hacılı bildirib ki, belə addımlar dövlət qurumlarına olan inamı daha da sarsıdır, çoxlarında hətta qəzəb də oyadır.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirdilər ki, R.Hacılının bəyanatın sözügedən saytda yayımlanması ilə bağlı rəyi həqiqətdən uzaqdır. Şöbədən verilən məlumata görə, məhkumların, təqsirləndirilən şəxslərin hər hansı bir ünvana göndərdikləri məktubu cəzanı icra edən orqan birbaşa təmin etməyə borcludur: “Məhkumun müraciəti birbaşa KİV-lərə ünvanlanır və xahiş edir ki, çatdırılsın. Təqsirləndirilən, cəza çəkənlər ayrı-ayrılıqda özləri ilə bağlı hər hansı icra hakimiyyətinə müraciət yollayanda da müəssisə rəhbərliyi bunu təmin edir. Dəfələrlə onların Ombudsman Aparatına, Prezident Administrasiyasına, Milli Məclisə, Ali Məhkəməyə göndərdikləri müraciəti bu cür yayımlanıb. Penitensiar Xidmətin də KİV-ə çıxışı bu sayt vasitəsilədir. Cəzanı icra edən orqan onu yaymağa da borcludur”.


Əməkdaşımızın “bu bəyanatın təzyiq altında yazılması ilə bağlı versiyalar səslənir. Bu barədə nə deyə bilərsiz” sualına xidmət əməkdaşı bildirib ki, heç bir təzyiqdən söhbət gedə bilməz: “Məhkumun öz sərbəst fikirlərini yaydığı müraciətdir. Biz də bunu yaydıq. Hər hansı təzyiq olsa, bu müraciəti yazdığı kimi o təzyiq iddiasını da yazıb ictimailəşdirə bilər. Pentensiar Xidmət cəzanı icra edən orqan kimi heç belə şeylərdə maraqlı da deyil”.
B.Quliyevin vəkili Fariz Namazlı isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, məhkum gənclə hökm çıxandan sonra görüşüb. Ondan sonra ölkədə olmadığını deyən vəkil ötən həftə sonu Bakıya qayıtdığını dedi: “Mən onunla görüşəndə ruh düşkünlüyü yox idi. Nəsə peşman olması ilə bağlı fikir də bildirməyib. Ərizədə yazdıqları, habelə atasının dedikləri ilə bağlı heç nə deməmişdi. Doğrudur, ona belə sərt cəzanın verilməsini gözləmirdi. Amma bununla bağlı hər hansı problemi yox idi”. 

Müsahibimiz xatırlatdı ki, daha öncə Daşqın Məlikovun və digərlərinin timsalında belə ərizələr yazılıb. Vəkil hesab edir ki, analoji ərizənin yazılması üçün B.Quliyevə vədlər də verilmiş ola bilər: “İnanmıram ki, bu yazdıqları onun şəxsi düşüncələridir. Daha bir məqam isə odur ki, bu yazdığı ərizəyə görə onun azadlığa buraxılacağı da inandırıcı deyil. Xatırlayırsızsa, Daşqın Məlikov o ərizəni yazmasından 7-8 ay sonra azadlığa buraxıldı. Hökumət insanların zəifliklərindən, səhhətlərinin ağırlığından istifadə edib, onları belə addımlara sövq edir. Bir növ onları ələ salmaqla məşğuldur. Düşünmürəm ki, hökumətin Bəxtiyara ürəyi yanır”. 

F.Namazlı əməkdaşımızın “əgər Bəxtiyar Quliyev sizdən imtina edibsə, onunla görüş ehtimalınız necə mümkündür” sualına cavabda bildirdi ki, gənc NİDA üzvü ilə müqavilə bağlayıb: “Onunla görüşə gedəndə bilinəcək ki, görmək istəyir ya yox. O ki qaldı əfvə düşmə ehtimalına, prezidentin əfvinə barəsində hökm qanuni qüvvəyə minmiş məhkumlar düşür. Bəxtiyar Quliyev isə hazırda təqsirləndirilən şəxsdir, barəsində hökm qanuni qüvvəyə minməyib”. 

Vəkil bildirdi ki, bununla belə, əfv istənilən halda prezidentin müstəsna səlahiyyətinə aid məsələdir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO