Bu gün Azərbaycan xalqının görkəmli ziyalısı, Azərbaycan Ziyalılar Hərəkatının sədri, yazıçı, ssenarist və kinorejissor Eldəniz Quliyevin 62 yaşı tamam olur. Bu münasibətlə ölkənin tanınmış elmi-siyasi ictimaiyyətinin, incəsənət xadimlərinin onun haqqında söylədiyi bəzi ifadələri, təbrik nitqlərini sizin diqqətinizə çatdırırıq. Onu da xatırladırıq ki, təbrik müəllifləri arasında bəzi şəxslərin ölkə xaricində olması və ya haqq dünyasına qovuşması ilə əlaqədar olaraq onların ötən illərdəki təbrik sitatlarından istifadə edirik.
Kinorejissor Rüstəm İbrahimbəyov: “Eldənizlə 35 ilin dostuyuq. Çox ləyaqətli insandır. Haqq uğurunda mübarizədə kompromisə getməyən, cəsarətli və səmimi şəxsiyyətdir. Kinossenarist kimi də istedadlı və orjinal bədii təfəkkürə malikdir. Mən onu ad günü münasibətilə təbrik edir, can sağlığı və tutduğu haqq yolda qələbələr arzu edirəm”.
Professor Rafiq Əliyev: “Bu dünya Tanrının yaratdığı möcüzədir. Bu dünyadakı seçilmişlər isə bəşəriyyətin az bir qismi olaraq cəmiyyətin yolunu işıqlandırır. Millət onları tütyə sayır, xalq onlarla fəxr edir, Tanrının onlara böyük sayğısı olur. Şəxsiyyətinə və yaradıcılığına dərin sayqı bəslədiyim böyük ziyalımız və görkəmli sənət adamımız Eldəniz Quliyev bu ölçülər fəzasında olan bir Azərbaycan insanıdır. Bu günlərdə dəyərli dostumuzun 62 yaşı tamam olur.
Onun keçdiyi şərəfli ömür yoluna bələd olan bir dost kimi deyə bilərəm ki, bu yol hamar olmadı, qızıl güllər içərisindən keçən prospekt olmadı, amma zirvəyə apardı. O zirvəyə onu heç kim qaldırmadı, özü qalxdı. O, əsl ziyalı ömrü yaşadı. O, heç vaxt gücün yanında olmadı, haqqın yanında oldu. Eldəniz müəllim, belə ömür yaşamağa dəyərdi.
Keçdiyiniz mənalı həyat yolu Sizi əsl ziyalı, görkəmli ssenarist və dramaturq, yüksək siyasi və ictimai təfəkkür sahibi, səmimi insan, böyük şəxsiyyət kimi səciyyələndirir. Təsadüfi deyil ki, Azərbaycan Ziyalılar Birliyinin sədri kimi mötəbər bir statusdasınız. Bu səlahiyyəti Siz ona görə qazanmısınız ki, çoxmeyarlı ziyalılıq fəzasında dəyərli yer seçə bildiniz, nəcibliyinizlə, ətrafdakılara rahat rəftarınızla, səmimiliyiniz, düzlüyünüz, saflığınız, xeyirxahlığınız, sözünüzdə, fəaliyyətinizdə təmənnasızlıqla.
Siz çox gözəl bilirsiniz ki, ziyalılığın əsas prinsipi-intellektual azadlıqdır. Ziyalı ancaq öz vicdanının səsindən, bir də fikrindən azad deyil. Ziyalı vicdanı tək onun şərəfinin qoruyucusu, senzoru deyil, əsasən onun azadlığının sükançısıdır. O imkan vermir ki, bu azadlıq nizamsızlığa, özbaşınalığa gətirsin, xüsusən indiki kimi qarışıq bir zamanda və məkanda ziyalıya həqiqi yol göstərir.
Bu prizmadan baxaraq deməliyəm ki, biz hamımız professionalları və professionallığı yüksək qiymətləndiririk, lakin bilməliyik ki, ziyalı və ziyalılıq başqa şeydir.
Sizin yüzlərlə ssenariləriniz, dram əsərləriniz, publisistik esseləriniz və başqa əsərləriniz ölkəmizdə, eləcə də xarici ölkələrdə işıq üzü görmüşdür. Lakin Eldəniz Quliyevi xalqa, millətə, cəmiyyətə sevdirən onun çoxölçülü ziyalılıq təcəssümünə layiq olmasıdır.
Əziz dostumuz Eldəniz bəy, Siz ömür yolunuzun müdriklik zirvəsindəsiniz. Allahın iznilə hələ qarşıda görməli işləriniz çoxdur. Bir görkəmli ziyalı kimi ”“ sosial funksiya daşıyıcısı kimi cəmiyyətimizdə gedən ictimai proseslərə təsir gücünüzə böyük ehtiyac var və olacaqdır. Bu yolda Sizin başlıca silahınız sözdür, insanı dəyişdirən, fəallaşdıran, cilalayan və qiymətli edən söz. Axı Siz söz közündən fikir tonqalı alışdıranlardansınız. Tanrı Sizi qorusun”.
AXCP sədri Əli Kərimli: “Eldəniz bəy görkəmli və ləyaqətli ziyalılarımızdandır. Əqidəli və xalqının mənafeyini hər şeydən üstün tutan insandır”.
Xalq şairi Bəxtiyar Vahabzadə: “Eldənizin yazılarında bir işıq var. Yazılarında olan işıq onun təbiətində də var. Mən həmişə onun müstəqil fəaliyyətinin, ölkədə baş verən ictimai-siyasi hadisələrə ləyaqətli yanaşmasının şahidi olmuşam”.
Azərbaycan Respublikasının sabiq prezidenti Ayaz Müttəlibov: “Eldəniz Quliyev əsl Azərbaycan ziyalısıdır. Bu cür insanlarla fəxr etmək lazımdır”.
Xalq artisti Yaşar Nuri: “Eldəniz uşaqlıq dostumdu. Bu gün 60-ı haqlamışıq, amma yenə də 50 il bundan əvvəlki kimi dostluğumuz davam edir. Inanıram ki, Eldəniz hər zaman xalqın göz muncuğu olacaq”.
Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, akademik Eldar Salayev: “Mən onu bir ziyalı, söz sahibi, həqiqət carçısı kimi tanıyıram”.
Xalq artisti Flora Kərimova: “Eldəniz mənim çox sevdiyim mübariz şəxsiyyətdir”.
Məşhur din xadimi Hacı Əlikiram: “Eldəniz Quliyev Azərbaycan Ziyalılar Hərəkatının sədridir və o, buna layiq şəxsdir. Həm mənəviyyatı, həm siyasəti, həm düşüncəsi, həm elmi, həm də əxlaqı ilə. Cavan vaxtlarından özünü ağsaqqal kimi aparıb. Mən onu özümə ağsaqqal bilirəm”.
Xalq artisti Rasim Balayev: “Eldəniz mənim haqqımda kitab yazıb. Bu o deməkdir ki, o mənim həyat və yaradıcılığımı bilir. Mən də onun ssenarisi əsasında çəkilən bir neçə filmdə iştirak etmişəm. Bizim tanışlığımız lap yeniyetmə yaşlarından başlanıb, sonradan bu tanışlıq dostluğa, daha sonra isə ailəvi dostluğa çevrilib”.
Parlamentin sabiq spikeri, tibb elmləri doktoru Yaqub Məmmədov: “Ziyalılığı xalqa xidmətdə görən və əməli fəaliyyəti ilə bunu sübut edən Eldəniz Quliyev xalqımız və dövlətimiz üçün gərəkli bir insandır”.
Sabiq spiker Rəsul Quliyev: “Eldəniz bəy istedadlı bir nasir, xalqımızın məəvi-əxlaqi dəyərlərinə yaxından bələd olan vətənpərvər bir ziyalıdır”.
Tanınmış şair Ramiz Rövşən: “Eldəniz Quliyev istedadlı insan və istedadlı kinodramaturq, üstəlik, 35 illik dostumdur. Onun mövcudluğu və fəaliyyəti millətin qazancıdır”.
ALP lideri, professor Lalə Şövkət: “Eldəniz sözün əsl mənasında xeyirxah və intellektual şəxsiyyətdir. O, milli-mənəvi dəyərlərin keşiyində durmağı özünün alın yazısı hesab edir. Mən ona çox bağlıyam, o, həmişə öndə olan, öz sözü, öz dəsti-xətti olan müstəqil ziyalıdır”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı: “Eldənizi gənclik illərindən tanıyıram. Onu kino çəkilişi mütəxəssisi, ssenarist, yazıçı kimi tanıyıram. Son dörlər siyasətə gələn Eldənizin bu sahədə də öz mövqeyi var və onun bu mövqeyi barışdırıcı, həm də Azərbaycanın maraqlarını müdafiə edən mövqedir”.
Müsavat başqanı Isa Qəmbər: “Bu gün mən Eldəniz Quliyevi təkcə yazıçı, kinodramaturq kimi yox, həm də mənsub olduğu xalqın dərdləri ilə yaşayan və onların aradan qaldırılması yolunda öz qüvvə və bacarığını əsirgəməyən dəyərli bir ziyalı kimi tanıyır və dəyərləndirirəm”.
Millət vəkili Vahid Əhmədov: “Eldəniz demokratik dəyərlər və prinsiplər uğrunda qətiyyən kompromisə getməyən ziyalı insandır. Biz bu gün demokratiyanın bərqərar olmasından danışırıqsa, Eldəniz kimi insanlara imkan yaradılmalıdır”.
Azərbaycan Naminə Forumun prezidenti Eldar Namazov: “Eldəniz müəllim müstəqil ziyalıdır. Əslində bu bir kəlmə - ziyalı sözü hər şeyi açır. Eyni zamanda, Eldəniz əqidəli, qətiyyətli və bütöv bir insandır. Bəlkə də bizi birləşdirən bu xüsusiyyətlərdir”.
Xalq artisti Rasim Ocaqov: “Biz Eldənizlə uzun illər dostluq etmişik. Bir ziyalı, bir ssenarist və səmimi bir insan kimi onun xətrini olduqca çox istəyirəm”.
Ədalət partiyasının sədri Ilyas Ismayılov: “Mən Eldəniz Quliyevi şəxsən bir neçə ildir tanıyıram. Bu illər ərzində dəfələrlə şəxsi təmaslarımız olub. O, əsl ziyalıdır. Ziyalı haqq-ədaləti uca tutmalıdır. Eldəniz müəllim haqq-ədalətin yanında olan bir insandır”.
Şair Musa Yaqub: “Eldəniz ifadəsi el və dəniz sözlərinin birləşməsindən əmələ gəlir. Eldənizdə elin müdrikliyi, ağlı, dərrakəsi, dənizin coşğusu, enerjisi, təlatümi var. O, insanları haqqa, həqiqətə, ədalətə, ləyaqətə çağıran mayak kimidir. O, heç vaxt sönmür, elə hey gecə-gündüz uanır, yanır... Mən Eldənizi 60 illik yubileyi münasibəti ilə təbrik edirəm və əminliklə bildirirəm ki, əsrlər sonra da bu xalqın ləyaqət obrazı olaraq sevgiylə xatırlanacaqdır”.
Xalq artisti Lütfiyar Imanov: “Mən Eldəniz Quliyevin necə aydın bir insan olduğunu, o cümlədən incəsənətə və sənət adamlarına necə qayğı ilə yanaşdığının şahidiyəm”.
General-mayor, sabiq müdafiə naziri Tacəddin Mehdiyev: “Mən bu fikirdəyəm ki, bütün Azərbaycan ziyalıları Eldəniz Quliyev kimi vətənini, torpağını sevən, haqq-ədaləti uca tutan insanlar olsaydı Qarabağ problemu həll olunardı, sivil dövlət də qurardıq”.
Akademik Midhət Abbasov: “Mən Eldənizin xətrini çox istəyirəm. Düzdür, prinsipial məsələlərdə mübahisə edirik. Amma buna baxmayaraq, mən onu xalqa son dərəcə lazımlı şəxsiyyət və son dərəcə gözəl insan kimi dəyərləndirirəm”.
Lenin mükafatı laureatı Valentin Yejov: “Mən Eldüniz Quliyevlə fəxr edirəm. Bəs necə, axı o mənim tələbəm olub...”.
Xalq artisti Fəxrəddin Manafov: “Eldəniz Quliyev çox intellektli adamdır. O bilir xalqa necə xidmət etmək lazımdır. Çünki xalq mənafeyini həmişə üstün tutub”.
Professor Mürşüd Məmmədli: “Mən Eldənizi dəyərli ziyalılarımızdan hesab edirəm. Öz sözü olan, səsi bütün səviyyələrdə eşidilən, olduqca ağıllı aydınlardan biridir. Ona fəaliyyətində uğurlar arzulayıram”.
Rusiya Dövlət mükafatı laureatı, yazıçı Fazil Iskəndər: “Eldəniz Quliyevin yazıları, xüsusən kino üçün yazdığı ssenarilər məni son dərəcə heyrətləndirdi. O çox qabiliyyətli qələm sahibi və işıqlı xarakteri olan insandır”.
Kinoşünas Ayaz Salayev: “Eldənizi mən hələ tələbəlik illərindən peşəkar, üsyankar, ədalətli və öz sahəsinə yenilik gətirməyə çalışan insan kimi tanıyıram. Əminəm ki, bütün bu cəhətlər onun bundan sonrakı fəaliyyətində də özünü göstərəcəkdir”.






































































































