“Əlbəttə, İran kimi Rusiyanın da Azərbaycanda agentura şəbəkəsi də var, sovet dövründən qalma və Kremlə dərin rəğbət bəsləyən köhnə kommunistlər də var, rusiyapərəstlər də, rusiyabaşlılar da...”
"Azərbaycanda Rusiya ordusunun tərkibində könüllü iştirak etməyə dəvət edilən bukletləri yayılmasını təşkil və icra edənlər dərhal müəyyən edilib məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır..."
“Və Azərbaycanın kəşfiyyat, əks-kəşfiyyat xidmətlərinin, xüsusi xidmət orqanlarının vəzifəsidir ki, istənilən ölkənin, hətta dost, müttəfiq dövlətin belə, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı casus fəaliyyətini müəyyənləşdirib nəzarətə götürsünlər...”
Son günlər Bakıda Ukraynaya qarşı təcavüzkar müharibədə Rusiya ordusu tərkibində Azərbaycandan da könüllülər cəlb etmək məqsədi ilə bukletlər yayıldığı məlum olub. Çox güman ki, bu təxribat Rusiyanın Azərbaycandakı səfirliyinin və həmin dövlətin ölkəmizdəki agentura şəbəkəsinin koordinasiyası ilə icra edilib. Bu olay İranın casus şəbəkəsi kimi, Rusiyanın da Azərbaycanın dövlətçiliyi əleyhinə təxribatlarla məşğul olan qruplarına qarşı mübarizəni bir daha gündəmə gətirir.
Moderator.az-a açıqlamasında Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov məsələyə belə münasibət bildirib.
“Əlbəttə, İran kimi Rusiyanın da Azərbaycanda agentura şəbəkəsi də var, sovet dövründən qalma və Kremlə dərin rəğbət bəsləyən köhnə kommunistlər də var, rusiyapərəstlər də, rusiyabaşlılar da... Və təbii ki, bütün bunlar da ölkəmizə qarşı fəaliyyət göstərirlər. İndiki durumda məlumdur ki, Ukraynaya təcavüzündən sonra Rusiyanın əvvəlki “super dövlət” imici tamamilə sınıb. Artıq hamı görür ki, bu, hansı addımlar atmağa hazır olan bir dövlətdir. Heç vaxt onun verdiyi sözlərə, vədlərə, atdığı imzalara inanmaq olmaz. Rusiya keçmişlərdən bu günə qədər dünyada heç bir müqaviləyə sadiq olmadığını dəfələrlə nümayiş etdirib. Və bu dövlət daim güc siyasəti həyata keçirib və bunu da davam etdirir. Bütün bunları nəzərə alaraq Azərbaycanda da Rusiyanın agentləri və qatı tərəfdarları müəyyən edilib üzə çıxarılmalı və məsuliyyətə cəlb olunmalıdırlar. Ancaq bununla da iş bitmir”.
Partiya lideri hesab edir ki, Azərbaycanda Rusiyanın real durumuyla bağlı obyektiv təbliğat təşkil edilməlidir.
“Gərək ölkə əhalisi, xüsusən gənclər arasında mütəmadi düzgün təbliğat aparıla və sual qoyula: “Rusiya dövləti bizə nə verə bilər?”. Bu dövlətin verəcəyi bir şey olsa, elə Rusiya xalqına verər. O boyda nəhəng əraziyə və sərvətlərə malik olduğu halda Rusiya xalqı dilənçi səviyyəsində yaşayır. Və bu xalqın həyat səviyyəsi nəinki Avropa, bəzi keçmiş sovet respublikalarıyla da müqayisəolunmaz dərəcədə aşağıdır. Rusiyada da həmin korrupsiya sistemi, totalitarizmə bənzər bir rejim hökm sürür. Və hətta insanları keçən əsrin 30-cu illərində olduğu kimi, bir sözə, bir fikrə görə məsuliyyətə cəlb edir, uzunmüddətli cəzalar verir, repressiyalara məruz qoyurlar. Yəni aydın olur ki, Rusiya bizə zorakılıq, totalitarzim, işğalçılıq təbliğindən başqa heç bir faydalı şey verə bilməz. Ona görə də Azərbaycanda Rusiya təbliğatını aparan şəxslərin qarşısına alternativ təbliğat qoyulmalıdır ki, Moskva bu günədək bizdən istədiyini alıb və onun verdikləri aldıqlarının, ölkəyə, xalqımıza vurduğu zərbələrin heç onda birini də əvəz edə bilməz. Və gələcəkdə də bu ölkənin bizə verəcəyi heç bir şey yoxdur” -deyə həmsöhbətimiz bildirib.
“Və bu günlərdə məlum olur ki, Azərbaycanda Ukraynaya qarşı təcavüzkar müharibədə Rusiya ordusunun tərkibində könüllü iştirak etməyə dəvət edilən bukletlər yayılır. Təbii ki, bunu təşkil və icra edənlər dərhal müəyyən edilib məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır. Eyni zamanda bu günədək Suriya, Liviya və s. ölkələrdəki müharibələrdə könüllü iştirak etmiş Azərbaycan vətəndaşlarına qarşı tərtbiq olunan cəza sistemi Rusiya ordusunda könüllü vuruşmağa yollana biləcək vətəndaşlarımıza qarşı da tətbiq olunmalıdır. Və Azərbaycanın kəşfiyyat, əks-kəşfiyyat xidmətlərinin, xüsusi xidmət orqanlarının vəzifəsidir ki, istənilən ölkənin, hətta dost, müttəfiq dövlətin belə, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı casus fəaliyyətini müəyyənləşdirib nəzarətə götürsünlər. Onlara qarşı hansı cəza verilməsi haqda qərar vermək isə siyasi qurumların səlahiyyətindədir”- deyə Etibar Məmmədov vurğulayıb.
Sultan Laçın

































































































