MƏN KİM İDİM? MƏMMƏD TAHİR-60

MƏN KİM İDİM? MƏMMƏD TAHİR-60

Hazırda oxunan: MƏN KİM İDİM? MƏMMƏD TAHİR-60

81653

Bu gün tanınmış şair Məmməd Tahirin 60 yaşı  tamam olur.

Məmməd Tahir 1955 ”“ci il iyun ayının 15-də Naxçıvan MR-in Kəngərli (keçmiş Şərur) rayonunun Xok kəndində anadan olub. İlk təhsilini kənd məktəbində, Ali təhsili isə Naxçıvan Dövlət Pedaqoji  universitetində alıb.

   Əmək fəaliyyətinə Saatlı rayonunda müəllim işləməklə başlayıb. Daha sonra jurnalist təhsili alaraq 1985-ci ildən89-cu ilə qədər “Şərq qapısı”x9d qəzetində əmək fəaliyyətini davam etdirib. 1989-90-cı illərdə “Azərbaycan”x9dqəzetinin Naxçıvan MR üzrə xüsusi müxbiri işləyib. 1999-cu ildən təhsil sahəsində çalışır. Hazırda Bakı şəhəri üzrə Təhsil İdarəsində işləyir.

Məmməd Tahir qırx ildən artıqdır ki, ədəbi yaradıcılıqla məşğul olur. İlk şeiri 1972-ci ildə “Şərq qapısı”x9dqəzetində çap olunub. O vaxtdan başlayaraq mərkəzi mətbuatda, o cümlədən ədəbi qəzet və jurnallarda çap olunmağa başlayıb.

Ədəbiyyata gəldiyi gündən bir milli düşüncə sahibi kimi mənsub olduğu xalqın arzu və istəklərini, ağrı və dərdlərini ifadə etməyə çalışıb.

 Şairin ”x9dVətən,məni qınama”x9d, ”x9dYurdum-and yerim”x9d, ”x9dYaz nağılı”x9d, ”x9dYol ver, keçim, dünya səndən”x9d, ”x9dKönlüm came qapısı”x9d, ”x9dBir azdan günəş doğacaq”x9d və Rus dilində çap olunan “Den koqda ya vernus”x9d şeir kitabları ona oxucu məhəbbəti qazandırıb.

Biz çoxminli oxucu adından Məmməd Tahiri 60 illik yubiley  günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona yaradıcılıq uğurları arzulayırıq.

 

IÇİMDƏ BİR MƏZAR VAR

Anam Telli Məmməd qızının əziz xatirəsinə

 

İçimdə bir ana məzarı,

Göyərir güman tək, şübhə tək.

Gecələr yuxuma duz səpir,

Gözlərim göynəyir sübhədək.

 

Bir kənddə, bir təpə üstündə

Torpaqdan dikələn baş daşı.

Uyuyur anamın yanında,

Övladı, anası, yoldaşı.

 

İçimdə dörd qara məzar var,

Atadı, nənədi, qardaşdı.

Yatırlar anamın yanında,

Hər üçü anama sirdaşdı.

 

İçimdə bir ana məzarı,

Yanında üç ölmüş mələk.

Gecələr yuxuma duz səpir,

Gözümü göynədir sübhədək.

                    ...

 

 

YERLİ, GÖYLÜ YUXARI

 

Göyərib qalxdı içimdən,

Gördüm ki, meyli yuxarı.

Ayırıb onu özümdən

Qaldırdım xeyli yuxarı.

 

Şər əkdi yerdə Əhriman,

Döndü tüstüyə ah-aman,

İçimdən göyərən iman

Qalxdı gileyli yuxarı.

 

Yuxarı qurulu taxtdı,

Bu taxt ki var, baxta baxdı,

Hər şey silkinib qalxdı,

Bu yerli, göylü yuxarı.

 


 

 QALİB GEDƏK

 

Hər kəsin bir havası var,

Havamızı alıb gedək.

İndi ki gedəsi olduq,

Gəl bir hava çalıb gedək.

 

Şərq gözləyir, əli yalın,

Yuxusu qaçır Dəccalın,

Bizi oynadan əcəlin

Ürəyini çalıb gedək.

 

Göy narahat, Yer əsəbi,

Hərə tutub bir məzhəbi,

Candakı kini, qəzəbi

Qayalara çalıb gedək.

 

Lillənir, qarama gəlir,

Kölgəmə, qarama gəlir,

Yenilmək arıma gəlir,

Gediriksə qalıb gedək.

                   ...

             GƏL ELƏ...

Qurdu tələdədi, quşu qəfəsdə,

Dünyanın yolları çox dolayıdır.

Gəl, elə oturaq bir az yol üstə,

Görək kimlər gedir, kimlər qayıdır.

 

Gəl, elə oturaq qapı ağzında,

Görək, girənlər kim, çıxanlar kimdi.

Qaldırıb çiyninə yaba ağzında,

Dünyanın evini yıxanlar kimdi.

 

Köhnə bir zəmidi bu dünya elə,

Görək, kim şumlayır, görək, kim əkir.

Mələklər əlində ağ qələm ilə

Gözümə Allahın şəklini çəkir.

 

Qocaldıq dünyanın cavan çağında,

Qaldı içimizdə söz qalaq-qalaq.

Zəmi kənarında, yol qırağında

Gəl, elə dünyanın dərdinə qalaq.

 

Ələsə un olar, yoğursa kündə,

Dünya əvəzlikdi, sıra sayıdır.

Gəl, elə oturaq Allah evində,

Görək, din-imana kimlər qayıdır

 

  GÖRÜR

 

Sarıldın mənə

İlan ovuna sarılırmış kimi.

Yandıq, qovrulduq,

Sac üstə qovrulurmuş kimi

Bir kilsəyə girirmiş kimi,

Biz səninlə bir günaha girdik.

Günaha girənə qədər

Biz iki kafir idik.

Günah bizdəki

Bütün günahları təmizlədi

Günah bizi

Bütün doğrulardan gizlədi.

Toy evinə girirmiş kimi

Sevinə-sevinə

Girdik günah evinə.

İndi bizi kimsə görmür.

Nə məscid, nə kilsə görmür.

Görür korlar, karlar görür.

Günahsızları yalnız

 Günahkarlar görür.



 MƏN KİM İDİM?

 

Yoğurub daşdan, torpaqdan

Bir yuva qurduğum torpaq.

Məndən qabaq kimin oldun

Üstündə durduğum torpaq.

 

Külək qovur, yel sovurur

Sular yuyur, gün qurudur.

Hər gün sənə ağlayıram,

Nədən göz yaşım durudur?

 

İsanın, Musanın qanı,

Davudun sümüyü torpaq.

Kimi üstündə saxladın,

Kimin oldun məndən qabaq?

 

Bölünürsən qətrə-qətrə,

Gah halala, gah harama.

Ovcumda ovuram səni,

Hər gün səpirəm yarama.

 

Mənim bu quru bədənim,

Səhər daşdı, axşam torpaq.

Üstündə durduğum torpaq,

Mən kim idim məndən qabaq?

                       22.08.2013


 

     SƏNCƏ NƏDİR

Nə gözlərin görər, nə könlün anlar,

Gülərsən, gülüşün bir bilməcədir.

İndi mənim üçün xoş olan anlar

Bəlkə sənin üçün bir əyləncədir.

 

Elə alışıqsan əyləncələrə

Heç nə gözlərinə ciddi görünmür.

Dünya mey-məzədi tək sənə görə,

Sən bilən dünyanın həddi görünmür.

 

Sevgi kim üçünsə zülmətdə məşəl,

Unudulmaz anlar, sirli yuxudur.

Sevgi sənin üçün sadə bir məsəl,

Gah könül oynadır, gah qəlb oxudur.

 

Bəlkə sənin üçün adətdi hər iş,

Mən əyləncə dedim,bəs səncə nədir?

Ürəklə oynamaq yəqin bir vərdiş

Yəqin sənin üçün bir əyləncədir.

 

 

QAYIT, TANIDIÄžIM HƏMİN DƏNİZ OL

 

Könlünü bürüyüb qara tozanaq,

Fikirlər içində qumu sovurur.

Çəkəndə tərsinə düşüb doğanaq,

Dəni dəyirmanlıq,şumu sovurur.

 

Quş tək yuva qurur körpəcə qəzəb

Gecə ürəyində,gündüz gözündə.

Səni uşaq kimi oynadır əsəb,

Hərdən qucağında,hərdən dizində.

 

Əlin çatmayanda bəzən unluğa,

Hərdən ağlamağa bəhanə olur.

Dönür yaman gündə qəm yavanlığa,

Könül dərd çəkməkdən divanə olur.

 

Sən də yoldaş elə köhnə fələyi

Dərdlərin içində dolaşıb azsın.

Taleyini yazan qara lələyi

Gözünün yaşına batırıb yazsın.

 

Çəkil sular kimi sakit,səssiz ol,

Büküb dalğalara qəmini gizlə.

Qayıt, tanıdığım həmin dəniz ol,

Qayıt sahillərə yenə xoş üzlə.

                            ...

 

Durmuşuq üz-üzə,nəfəs-nəfəsə,

Bu an aramızdan su belə keçməz.

Belə yaxın görüb bizi ayrılıq,

Səhərdən axşama gəz ələ keçməz.

Sən indi kül edib səadətini,

Xoşbəxtlik gəzirsən tamahlarınla.

 

Bir gün sən anlayıb qəbahətini,

Geriyə dönərsən günahlarınla.

 

SƏSLƏDİM,SƏSİN GƏLDİ

 

 

Ayrıldıq,çiçək bitdi,

Gül göyərdi izindən.

Səslədim,səsin gəldi,

İllərin o üzündən.

Yondum könlümün üstə,

Kədərdən heykəlini.

Sıxdım sinəmin üstə

O heykəlin əlini.

Ayrıldıq,aylar ötdü,

Qəm göyərdi dizimdən.

De,necə yaşayırsan,

Sordum ayaq izindən.

Neçə kərə yağdı qar,

Neçə yol bahar gəldi.

Sığışmadım aylara,

İllər mənə dar gəldi.

Aramıza od düşdü

Bircə kəlmə sözündən.

Səslədim,səsin gəldi

İllərin o üzündən.

               ...

 

   KÖNLÜNDƏN NƏ KEÇİR

 

Könlündən nə keçir bu yay gecəsi,

Ay işığı altda bəlkə tək olmaq.

Aldadıb gizlicə indi hər kəsi,

Nə bilim, bəlkə bir kəpənək olmaq.

 

Gözün elə göydə tutur səsimi,

Elə bil bir durna göl üstə düşür

Açır dodaqların qızılgül kimi,

Axşamın şehi də gül üstə düşür.

 

Könlündən nə keçir,quş kimi bu an

Qonub bir budağa oxumaq bəlkə.

Ya indi, bu gecə ay işığından

Özünə gəlinlik toxumaq bəlkə.

 

Bu gecə təzədən göyərirsən sən,

Bir az səs, bir az söz qarışığından.

Əlini uzadıb tutursan göydən,

Asılıb qalırsan ay işığından.

 

Təbəssümün incə,gülüşün kövrək,

Könlündən nə keçir gözünə köçür.

Bilirəm bu gecə elə mənim tək

Bir göyərçin olmaq könlündən keçir.

 

                     

OXUYA BİLMİRƏM BAXIŞLARINI

 

Baxıram,qaş-qabaq düşübdür düyün,

Dolaşıq ipləri açım,ya hörüm?

Oxunmur üzündən nə düşündüyün,

Bir az yaxına gəl,qoy,yaxşı görüm.

 

Bəlkə anlayaram indi, nəhayət,

İllər məni niyə saldı yaxandan.

Nələri unutdun,uddun,qəbahət,

Niyələr asılıb qaldı yaxandan.

 

Bilmirəm əlindən nələri aldı,

Xoş sözlər quş kimi uçdu dodaqdan.

Uçurduğun yuva asılıb qaldı,

Yellənə-yellənə quru budaqdan.

 

Quru şum yerində dən gəzdi quşlar,

Gördüyü şeytanın xoşuna getdi.

Tərsinə çevirib qoyduğun daşlar

Göydə durnaları yolundan etdi.

 

Yer içir payızın yağışlarını,

İndi  gözündəki yağışı görüm.

Oxuya bilmirəm baxışlarını,

Bir az yaxına gəl, qoy, yaxşı görüm.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO