ABŞ Avropanı necə geridə qoydu? – 18 ildə dəyişən iqtisadi GÜC XƏRİTƏSİ

ABŞ Avropanı necə geridə qoydu? – 18 ildə dəyişən iqtisadi GÜC XƏRİTƏSİ

Hazırda oxunan: ABŞ Avropanı necə geridə qoydu? – 18 ildə dəyişən iqtisadi GÜC XƏRİTƏSİ

632114

Donald Trampın prezidentliyi dövründə ABŞ dünyanın supergücü olduğunu açıq şəkildə nümayiş etdirir. Bu gücün arxasında siyasi qətiyyətlə yanaşı güclü iqtisadiyyat dayanır.

Maraqlıdır ki, Amerika iqtisadi gücünü günbəgün artırmaqla öz rəqiblərini bir-bir sıradan çıxarır. Məsələn, Avropanın ABŞ qarşısında iqtisadi gücünü itirməsi acı reallıq olmaqla yanaşı, rəqəmlərlə görünən struktur prosesdir. Məsələ ondadır ki, Avropa mütləq mənada yoxsullaşmayıb. Əksinə, ABŞ daha sürətli böyüyüb, texnologiyaya daha çox investisiya qoyub və məhsuldarlıq artımını daha yüksək səviyyədə saxlayıb.

2008-ci ildə Avropa İttifaqının (Aİ) iqtisadiyyatı ABŞ iqtisadiyyatından daha böyük olduğu halda, hazırda vəziyyət əksinədir.
 

Beynəlxalq Valyuta Fondunun (BVF) “World Economic Outlook” hesabatının son göstəricilərinə əsasən, 2026-cı ildə Aİ iqtisadiyyatının həcmi 23 trilyon dollar, ABŞ iqtisadiyyatının isə 32,4 trilyon dollar olacağı proqnozlaşdırılır.


Beləliklə, Aİ iqtisadiyyatı ABŞ iqtisadiyyatının təxminən 71 faizinə bərabər olacaq. Halbuki 2008-ci ildə Aİ-nin ümumi daxili məhsulu 19,3 trilyon dollar təşkil edib və ABŞ iqtisadiyyatının 14,8 trilyon dollarlıq həcmini 31 faiz üstələyib.

Avropanın ABŞ-a iqtisadi məğlubiyyəti necə başladı?

Aİ iqtisadiyyatının geriləməsində 2008-ci ildə başlayan qlobal maliyyə böhranı mühüm rol oynayıb. Avrozonanın bir sıra ölkələri, o cümlədən Yunanıstan, İtaliya, İspaniya, Portuqaliya, İrlandiya və Kipr borc problemləri ilə üzləşib. Böhran dövründə maliyyə yardımları və sərt qənaət tədbirləri tətbiq olunsa da, sonrakı illərdə Aİ iqtisadiyyatının ümumi həcmi zəifləyib.

2015-ci ildə ABŞ iqtisadiyyatı ilk dəfə Aİ-ni dollar ifadəsində geridə qoyub. Bu dəyişiklikdə yalnız iqtisadi artım deyil, avronun ABŞ dollarına qarşı məzənnəsinin zəifləməsi də rol oynayıb.

Aİ-nin iqtisadi mövqeyinə təsir edən digər mühüm hadisə Böyük Britaniyanın ittifaqdan çıxması olub. 2016-cı ildə keçirilən referendumdan sonra başlayan “Brexit” prosesi 2020-ci ilin yanvarında Böyük Britaniyanın Aİ-dən rəsmi çıxması ilə başa çatıb.

Böyük Britaniya Aİ-nin ikinci ən böyük iqtisadiyyatı olduğundan, onun ittifaqı tərk etməsi Aİ-nin ümumi iqtisadi göstəricilərinə ciddi təsir göstərib. Eyni dövrdə COVID-19 pandemiyasının yaratdığı iqtisadi böhran da Aİ-nin ÜDM-inə mənfi təsir göstərib. Nəticədə 2020-ci ildə Aİ iqtisadiyyatının həcmi 15,5 trilyon dollara qədər geriləyib.
 

Pandemiyadan sonra ABŞ və Aİ iqtisadiyyatlarının inkişaf trayektoriyası daha da fərqlənib. ABŞ iqtisadiyyatı yüksək inflyasiya və faiz dərəcələrinə baxmayaraq, pandemiyadan sonra daha sürətlə bərpa olunub. 2026-cı ildə ölkənin ÜDM-nin 32,4 trilyon dollara çatacağı gözlənilir.


Beynəlxalq Valyuta Fondunun məlumatına görə, Aİ-də ümumi faktor məhsuldarlığı ABŞ-dan təxminən 20 faiz aşağıdır. Aİ-nin böyük inkişaf etmiş iqtisadiyyatlarında adambaşına gəlir də ABŞ orta göstəricisindən təxminən 30 faiz aşağıdır.

2026-cı ildə IMF Avropada adambaşına gəlirin ABŞ səviyyəsinin təxminən 70 faizinə düşdüyünü və bu fərqin böyüməkdə davam etdiyini bildirib.

Avrozonanın ABŞ-la əmək məhsuldarlığı arasındakı fərq də diqqətçəkəndir. 2018-ci ildə bir saatlıq məhsuldarlıq fərqi təxminən 9 dollar olduğu halda, 2025-ci ildə 21 dollara yüksəlib. ABŞ-da 2025-ci ildə real ÜDM bir iş saatına 100 dollardan bir qədər çox olub.

Avropanın ən zəif nöqtəsi

ABŞ-ın üstünlüyünün əsas mənbəyi texnologiyadır. Xüsusilə süni intellekt, bulud texnologiyaları, proqram təminatı və rəqəmsal platformalarda Avropa ABŞ-la eyni sürətdə hərəkət edə bilmir.
 

Avropa Komissiyasının məlumatına görə, 2023-cü ildə Aİ-də süni intellektə vençur kapitalı yatırımı təxminən 8 milyard dollar, ABŞ-da isə 68 milyard dollar olub. Çin də 15 milyard dollarla Avropanı qabaqlayıb.


Problemin mahiyyəti yalnız startapların sayında deyil. Avropada yaradılan şirkətlər qlobal miqyasda böyümək mərhələsinə çatanda kapital çatışmazlığı ilə üzləşirlər. 2021-ci ildə sonrakı mərhələ vençur kapitalı yatırımları Aİ-də təxminən 20 milyard dollar, ABŞ-da isə 103 milyard dollar olub.

Yəni Avropa ideya və mühəndislik yarada bilir. Lakin həmin ideyanı qlobal nəhəngə çevirmək üçün ABŞ qədər kapital təqdim edə bilmir.

Avropa kapitalı ABŞ iqtisadiyyatını maliyyələşdirir

Burada daha paradoksal vəziyyət yaranır. Avropada kapital çatışmazlığı olduğu halda, avropalı investorların pulları ABŞ bazarlarına böyük həcmdə axır.
 

ECB-nin məlumatına görə, 2025-ci ildə avrozonanın investorları ABŞ səhmlərindən təxminən 200 milyard avro gəlir əldə ediblər. ABŞ kapital bazarları artıq avrozonada yaşayanların xarici səhmlərə yatırımlarında təxminən üçdəbir paya malikdir.


Başqa sözlə, Avropanın yığdığı kapitalın əhəmiyyətli hissəsi Avropada yeni texnologiya və şirkətlər yaratmaq əvəzinə ABŞ-da məhsuldarlıq və innovasiyanın maliyyələşdirilməsinə xidmət edir.

Süni intellekt yeni uçurumu dərinləşdirə bilər

ABŞ-ın növbəti üstünlük dalğası məhz süni intellektdir. IMF hesab edir ki, AI texnologiyalarının yayılması ABŞ-da illik məhsuldarlıq artımını uzunmüddətli perspektivdə təxminən 1 faiz bəndi artıra bilər. Avropada da böyük potensial var, lakin həmin imkanlardan istifadə səviyyəsi daha aşağıdır.

ECB isə Avropanın ABŞ-la adambaşına ÜDM fərqinin təxminən 70 faizinin aşağı məhsuldarlıqla əlaqəli olduğunu bildirir və rəqəmsal texnologiyalar sektorundakı fərqi əsas struktur səbəblərdən biri kimi göstərir.

Enerji Avropanın sənaye rəqabətinə zərbə vurur

Avropanın digər böyük problemi enerjidir. Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın ucuz Rusiya qazına çıxışının azalması sənayenin maya dəyərini yüksəldib.

IEA-nın məlumatına görə, 2025-ci ilin birinci yarısında Aİ-də topdansatış elektrik enerjisinin orta qiyməti təxminən 90 dollar/MWh olub və bu, 2024-cü ilin eyni dövründən təxminən 30 faiz yüksəkdir. Təbii qaz qiymətləri də 2024-cü ilin orta səviyyəsindən təxminən 20 faiz yuxarı olub.

2026-cı ilin birinci rübündə isə Aİ-də elektrik enerjisinin gələcək müqavilələri təxminən 95 dollar/MWh səviyyəsində olub.

2026-cı ilin ikinci rübündə Aİ-də orta spot elektrik qiymətləri illik müqayisədə 30 faizdən çox artıb.

Bu, xüsusilə kimya, metallurgiya, gübrə, şüşə, sement və digər enerji tutumlu sahələr üçün ciddi rəqabət problemi yaradır.
 

Avropanın sənaye lokomotivi hesab olunan Almaniyanın vəziyyəti problemin miqyasını göstərir. IMF-in məlumatına görə, Almaniyanın real ÜDM-i 2023–2024-cü illərdə orta hesabla ildə 0,7 faiz azalıb, 2025-ci ildə isə artım cəmi 0,2 faiz olub.


Bu, Avropanın ən güclü sənaye iqtisadiyyatlarından birinin enerji, xarici tələbat, avtomobil sənayesində transformasiya və məhsuldarlıq problemlərinin təzyiqi altında olduğunu göstərir.

Bununla belə, Avropa ABŞ qarşısında “çökən iqtisadiyyat” deyil.  Avropa zənginliyini qoruyur, amma ABŞ-la arasındakı dinamika fərqi getdikcə böyüyür.

Əgər bu tendensiya dəyişməsə, XXI əsrin ikinci yarısında Avropa dünyanın ən varlı regionlarından biri olaraq qala, amma qlobal texnologiya, kapital və innovasiyanın əsas mərkəzi olmaq statusunu ABŞ-a daha böyük ölçüdə güzəştə gedə bilər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO