Yaponiyanın Beynəlxalq Kosmik Stansiyaya göndərdiyi ilk humanoid-robot kosmosdan ilk sözlərini tələffüz edib. "Kirobo" adlandırılan danışan robotun söylədiyi ilk sözlər isə bunlar olub: "21 avqust 2013-cü il. Bu, robotlar üçün gələcək arzularına doğru ilk addımdır". Humanoid-robotun adı yapon dilində «ümid» və «robot» sözlərinin birləşməsindən götürülüb.
Moderator.az-ın məlumatına görə, uşaq oyuncağını xatırladan Kirobo Beynəlxalq Kosmik Stansiyaya avqustun 4-də, Yaponiyanın Taneqasima kosmodromundan 5-tonluq yükün tərkibində göndərilib. Humanoid-robot astronavt Koiçi Vakaya yoldaş olmaq üçün, həm də Yerdə qalan "Mirata" adlı digər robotla ünsiyyət qurmaq üçün hazırlanıb.
Yapon
mütəxəssislər Kirobonun kosmosa göndərilməsini «insanlar üçün kiçik, robotlar
üçün isə böyük addım» adlandırırlar. Kirobonun dizayneri hesab edir ki, kosmosa
robotun göndərilməsi rabitə tarixində yeni səhifə aça bilər.


































































































