Təhsil naziri Mikayıl Cabbarovun kadr islahatları ilə bağlı maraqlı bir məlumat yayılıb. Avropa.info-nun əldə etdiyi məlumata görə, Mikayıl Cabbarov təhsil naziri təyin edildikdən az sonra Qafqaz Müsəlmanlar İdarəsinin sədri Allahşükür Paşazadənin yaxın adamı, nazirliyin maliyyə şöbəsinin müdiri Şahrza Əliyev üçün yeni nazirə ağız açıb. Nazirə telefon açan şeyx hökmlə “Şahrza Əliyev mənim adamımdır, o işləməlidir” deyib. Əvəzində Mikayıl Cabbarov “baş üstə, şeyx həzrətləri” deyib. Bundan sonra Şahrza Əliyevi yanına çağıran təhsil naziri onun Allahşükür Paşazadə tərəfindən tapşırıldığını və gedib işi ilə məşğul olmasını istəyib. Bundan sonra vəzifəsində saxlanılacağından əmin olan Şahrza Əliyev sevincək nazirin iş otağından çıxıb.

Axşam saatlarında Mikayıl Cabbarovun kabinetinə çağırılan Şahrza Əliyev bu dəfə fərqli bir situasiya ilə qarşılaşıb. Nazirin “ərizəni yazdınmı” sualından şoka düşən şöbə müdiri hansı ərizəni yazmalı olduğunu soruşub. Əvəzində Mikayıl Cabbarov onun işdən çıxmaqla bağlı ərizə yazmalı olduğunu deyərək, elə kabinetindəcə Şahrza Əliyevə işdən çıxmaqla bağlı ərizə yazdırıb. Ş.Əliyev bu il mayın 21-də işdən çıxarılıb. “Yeni Müsavat”ın məlumatına görə, Ş.Əliyev Misir Mərdanovun dönəmində Təhsil Nazirliyində ən çox kök salmış və qol-qanad atmış işçilərindən biri olub. Nazirə yaxınlığı ilə seçilən Ş.Əliyev xeyli sərvət toplamağa imkan tapan bir məmur kimi də tanınıb. Hələ M.Mərdanovun nazir olduğu vaxtlarda bir neçə dəfə onun vurulması ilə bağlı kampaniya aparılsa da, hər dəfə Ş.Əliyev vəziyyəti öz xeyrinə dəyişə bilib. A.Paşazadənin adamı olması da hər dəfə onun işinə yarayıb. Amma göründüyü kimi, bu dəfə şeyxin belə sözü M.Cabbarovun yanında keçməyib və yeni nazir TN-i köhnələrdən təmizləməkdə davam edir. Qeyd edək ki, Ş.Əliyev bu postda uzun illərdir çalışırdı. O, həmin posta 1993-cü ildə təyin edilib. Lakin bir müddət sonra Lidiya Rəsulova təhsil naziri postuna təyin edildikdən sonra Ş.Əliyevi işdən çıxarıb. 1998-ci ildə isə sabiq təhsil naziri Misir Mərdanov onu yenidən maliyyə idarəsinin rəisi vəzifəsinə təyin etmişdi. Xatırladaq ki, Ş.Əliyevin adı Təhsil Nazirliyinin sabiq əməkdaşı Orxan Kərimovun həbsi zamanı tez-tez hallanmağa başlamışdı.
Elçin Mirzəyev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.