Ötən həftə Milli Məclisdə 2025-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı Elm və təhsil naziri Emin Əmrullayev şagid sayı az olan məktəblərin sayını açıqlayıb. O, ağrılı proses olsa da, bu sahədə rasionallaşmaya ehtiyacın olduğunu qeyd edib.
Təhsil naziri çıxışında bildirib ki, təhsil sahəsinin ən böyük problemi komplektləşdirilmiş məktəblərin sayının az olmasıdır:
“Məsələn, Daşkəsən rayonunda bir şagirdə çəkilən orta xərc təxminən Bakıda olan özəl məktəbin qiyməti - 8500 manata qədərdir. Amma nəticə yoxdur. Əksinə, Bakıda 30-32 nəfər şagirdi olan məktəbdən biz daha yaxşı nəticə görürük. Önəmli məsələ müəllimin keyfiyyətidir. Sinifdə 1 uşaq olanda da, 30 uşaq olanda da dövlət 25 min manat pul xərcləyir. Bir uşağa o vaxt 25 min manat xərcləmək olar ki, orada nəticə var. Bizim belə 4 şagirdi, 4 sinfi, 32 müəllimi olan məktəblərimiz çoxdur”.
Bundan sonra cəmiyyətdə şagird sayı 100 nəfərdən az olan təxminən 1500 məktəbin gələcək taleyi haqqında müzakirələr başlayıb. Bəziləri bu məktəblərin birləşəcəyini orada təhsil alan şagirdlərin təhsildən yayınmaları kimi qiymətləndirir.
Əslində, proses necədir? Məktəblərin bağlanmaması üçün hansı addımlar atıla bilər?
Mözuyla bağlı Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elşən Qafarov deyib ki, bu il verilmiş qərarla yeni məktəb sisteminə keçid olunacaq:
“2023-2024-cü il tədris ili üçün ölkədə 4399 dövlət məktəbi var, təqribən 1500 məktəb az komplektli, yəni şagird sayı 100 nəfərdən az olan məktəbdir. Hətta 142 məktəbdə şagird sayı 10 nəfərdən aşağıdır, 7 məktəbdə isə cəmi bir şagird var.
Nazirlər Kabinetinin 13 iyun 2024-cü il tarixli 300 nömrəli qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan publik-hüquqi şəxs olan ümumitəhsil məktəblərinin nümunəvi nizamnaməsi təsdiq olunub.
Bu, o deməkdir ki, yeni məktəb sisteminə gedirik, ənənəvi sovet məktəb modelindən çıxırıq, məktəblərin şagird başına düşən maliyyələşmə sisteminə keçirik. Sistem belədir ki, şagird sayı az olan məktəb normadan bir neçə dəfə artıq olaraq maliyyələşir. Şagird sayı 700-1000 nəfərlik məktəblərdə əgər adambaşına düşən maliyyələşmə bir uşağa görə 1500 manatdırsa, şagird sayı 100 nəfər olan məktəblərdə bu bir uşağa görə 4-5, bəzən 10 min manata başa gəlir. Bu da o deməkdir ki, ölkədə təhsil üçün ayrlmış büdcədən digər uşaqların payından kəsilib həmin o kiçik məktəblərin büdcəsinə verilir”.
O bildirib ki, kiçik təhsil müəssisələrinin daha böyük təhsil müəssisələri ilə birləşdirilməsi prioritetdir:
“Təhsil sahəsində dövlət siyasəytinin prinsipləri var, bu prinsiplərdən biri də keyfiyyətlilik prinsipidir. Təhsil siyasəti əsas keyfiyyətlilik prinsipinə söykənir. Dövlətin vəzifəsi keyfiyyətli təhsili təşkil etməkdir. Bu, beynəlxalq təcrübədə də var. Amma o demək deyil ki, həmin məktəblərdə olan şagirdlər təhsildən kənarda qalacaqlar.
Dövlətin vəzifələrindən biri də icbari təhsili həyata keçirməkdir. Yəni dövlət hər bir vətəndaşın təhsil almaq hüququnu təmin edir. Elə ucqar yerlər var ki, orada təhsil alan şagirdlərin başqa bir əraziyə köçürülməsi, daşınması mümkün olmasa, istisna hal kimi həmin məktəblər fəaliyyətini davam etdirəcək. Bu da təhsilin keyfiyyətlilik prinsipinin təmin olunması məqsədini daşıyır.
Bu prosesə də yeni başlayıb. 2026-cı ildə 100 pilot məktəbdə həyata keçiriləcək. Təqribən 2035-ci ilə qədər, əgər işlər yaxşı gedərsə, 2030-cu ilə qədər, yaxın 4-5 il ərzində proses başa çatacaq. Burada da panikaya düşəcək bir hal yoxdur. Yaxın məktəblərlə birləşdirəcək məktəblərdə təhsil alanların vaxtında və təhlükəsiz daşınması üçün nəqliyyat vasitəsi ayrılacaq”.
Ekspert qeyd edib ki, prosesdə nə şagirdlər, nə də müəllimlər kənarda qalmayacaqlar:
“Birləşmiş məktəblərdə təhsilin daha keyfiyyətli təşkilinə nəzarət mexanizmi olacaq. Heç bir müəllim də kənarda qalmayacaq. Hamı da müvafiq fənnin tədrisi üzrə birləşən məktəblərdə işlə təmin olunacaq. Bizim yüzlərlə məktəblərimiz var ki, bu və digər müəllim çatmır, kiçik məktəblərdə dərs saatı da azdır, ora müəllimlər getmirlər. Orada normal təhsil vermək olmur.
Nəticədə vətəndaşlarımızın təhsil almaq hüququ pozulur. Ən əsası vətəndaşlar bir şeyi bilməlidirlər ki, dövlət hər bir vətəndaşın təhsil almaq hüququnu təmin edəcək. Bunun üçün qorxmağa ehtiyac yoxdur”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:00 / 30.11.2024
Şagird sayı az olan məktəblərin bağlanmaması üçün hansı addımlar ATILA BİLƏR?
Hazırda oxunan: Şagird sayı az olan məktəblərin bağlanmaması üçün hansı addımlar ATILA BİLƏR?
Hazırda oxunan: Şagird sayı az olan məktəblərin bağlanmaması üçün hansı addımlar ATILA BİLƏR?
222982
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.