Göyçay rayonunda hava şəraitinin qəfil dəyişməsi nəticəsində güclənən külək axşam saatlarında rayon ərazisində bir sıra fəsadlara səbəb olub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, qısa müddətdə sürətini artıran güclü külək rayonun müxtəlif küçə və ərazilərində iri və xırda gövdəli ağacların aşmasına, bəzi ərazilərdə isə nəqliyyatın hərəkətində çətinliklərin yaranmasına səbəb olub.
Ən ciddi hadisələrdən biri rayonun Nizami küçəsində baş verib. Belə ki, iri gövdəli çinar ağacı rayon sakini, 1976-cı il təvəllüdlü Mirzəliyev Mahir Əlibayram oğluna məxsus 99-DD-803 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı minik avtomobilinin üzərinə aşıb.
Ağacın yolun hərəkət hissəsinə düşməsi səbəbindən həmin ərazidə avtomobillərin hərəkətində sıxlıq yaranıb. Hadisə yerinə dərhal yol polisi əməkdaşları, eləcə də Göyçay Şəhər Təsərrüfatı Birliyinin işçiləri cəlb olunub. Xüsusi texnikaların köməyi ilə aşmış ağac hissələrə bölünərək ərazidən götürülüb.
Güclü küləyin törətdiyi digər hadisə isə rayonun Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.
Burada iri gövdəli ağac rayon sakininə məxsus fərdi yaşayış evinin hasarının üzərinə aşaraq hasarda ciddi dağıntılar əmələ gətirib.
Eyni zamanda güclü külək rayonun bir neçə ərazisində elektrik xətlərinə və yaşıllıqlara da ziyan vurub. Aidiyyəti qurumların əməkdaşları tərəfindən ərazilərdə təhlükəsizlik tədbirləri görülür, aşmış ağacların yollardan və yaşayış məntəqələrinin ətrafından götürülməsi istiqamətində işlər davam etdirilir.
Bizim Media, Aran bürosu






































































































