Qarabağda yaşayış məntəqələrinin sayının azaldılması niyə ZƏRURİDİR?

Hazırda oxunan: Qarabağda yaşayış məntəqələrinin sayının azaldılması niyə ZƏRURİDİR?

184601

Xəbər verdiyimiz kimi Böyük Qayıdış layihəsi çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda infrastruktur işləri sürətlə davam etdirilir. Görülən işlərə uyğun olaraq, yenidənqurma və bərpa işləri nəticəsində yaşayış məntəqələrinin sayı azaldılacaq.

Nəzərə alaq ki, işğaldan əvvəl Qarabağda 936 yaşayış məntəqəsi mövcud olub. Böyük Qayıdış layihəsi çərçivəsində bu sayın 316-ya endirilməsi planlaşdırılır.

Bəs, belə bir qərarın verilməsi hansı zərurətdən yaranıb?

Məsələyə münasibət bildirən Millət vəkili Ceyhun Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, bu addımın atılmasının konkret səbəbləri var:

“Bu gün söhbət ondan gedir ki, işğaldan azad olunmuş  ərazilərin bərpası böyük vəsait tələb edir. Bununla belə hər bir məcburi köçkünün doğma yurduna qayıtması dövlətimiz üçün prioritetdir. Ona görə də olduqca çətin və böyük xərc aparan bu prosesi nisbətən asanlaşdırmaq və sürətləndirmək üçün belə bir qərar verilib.

Heç kimə sirr deyil ki, bəzi dağ rayonlarında vaxtilə elə kənd olub ki, orada cəmi 4-5 ev olub. Məsələn, Cəbrayılda 97, Qubadlıda 100-ə yaxın, Laçında 125-dən artıq kənd vardı. Bu cür kəndlərin bərpasının heç bir iqtisadi və sosial səmərəsi yoxdur. Çünki 4-5 evi ulan ucqar dağ kəndi üçün infrastruktur yaratmaq olduqca çətin, eyni zamanda faydasızdır”.

Millət vəkili etiraf edib ki, işğaldan əvvəl, yəni sovetlər dövründə bu cür xırda kəndlərin nə yolu, nə də infrastrukturu normal vəziyyətdə olub:

“Ona görə də yeni yaşayış məntəqələrinin sayının azaldılması normal addımdır. Nəzərə alaq ki, Böyük Qayıdış layihəsi dövlətimiz tərəfindən həyata keçirilir. Yeni salınan bütün yaşayış massivləri ən müasir tələblər səviyyəsində qurulur, innovativ metodlardan istifadə olunur, ən yeni infrastruktur yaradılır.

Digər bir həssas məqamsa insanların məşğulluq məsələsidir.  Kompakt şəkildə və daha çox əhalinin  cəmləşdiyi yeni yaşayış məntəqələrində iş yerlərinin yaradılması daha asandır. Ona görə də uzun müddət davam edən müzakirələrdən sonra hökumət qərar verdi ki, yaşayış məntəqələrinin sayı azaldılsın.

Təqdir ediləsi haldır ki, vətəndaşlarımız da bunu anlayışla qarşılayır.

Çünki hansısa bir rayonun bərpası milyardlarla vəsait deməkdir. Bu layihənin adambaşına mənzil sahəsinin verilməsinə heç bir aidiyyatı yoxdur. Yenə də hər bir vətəndaşın mənzil hüququ tanınacaq.  Doğma ocaqlarına qayıdan insanlara ailə üzvlərinin sayına görə müvafiq mənzil veriləcək”.   

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO