Professor Eldar Məmmədbəyli 
 - 75

Professor Eldar Məmmədbəyli - 75

Hazırda oxunan: Professor Eldar Məmmədbəyli - 75

117355
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft-kimya Prosesləri İnstitutunun (NKPİ) laboratoriya müdiri, kimya elmləri doktoru, professor Məmmədbəyli Eldar Hüseynqulu oğlunun 2015-ci ilin yanvar ayının 22-də 75 yaşı tamam olur. O, 1941-ci ilin yanvar ayının 22-də Gədəbəy rayonu-nun Arısu kəndində anadan olub. 1957-ci ildə Gədəbəy rayonununda Miskinli kənd orta məktəbini bitirib.

1965-ci ildə Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) əczaçılıq fakültəsini bitirib. Təyinata əsasən Gədəbəy rayonunda yerləşən 112 saylı aptektə reseptar vəzifəsində işləyib. 1966-cı ildə 407 saylı aptekə müdir təyin edilib.

1967-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) istehsalatdan ayrılmaqla aspiranturaya daxil olub. Aspiranturanın axırıncı təhsil ilində (1970-ci il) Azərbaycan SSR EA-nın Prezidiumunun qərarı ilə Moskva şəhərinə SSRİ Elmlər Akademiyasının (EA) Kimyəvi-Fizika İnstitutuna (KFİ) göndərilib. Aspiranturanı bitirdikdən sonra 1971-ci ildən NKPİ-nin Sumqayıt Filialında (sonradan Azərbaycan SSR EA Xlorüzvi Sintez İnstitutu) kiçik elmi işçi vəzifəsində işləyib. 1978-ci ildə SSRİ EA-nın Elementüzvi Birləşmələr İnstitutunda (EÜBİ) namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsini alışb. 1981-ci ildə Xlorüzvi Sintez İnstitutunda böyük elmi işçi vəzifəsinə keçirilib. E.H. Məmmədbəyliyə 1983-cü ildə "Üzvi kimya" ixtisası üzrə baş elmi işçi diplomu verilib. 1986-cı ildə Azərbaycan SSR EA-nın Prezidiumunun qərarı ilə NKPİ-yə böyük elmi işçi vəzifəsinə keçirilib.

2004-cü ildə BDU nəzdindəki Dissertasiya Şurasında 02.00.03 - Üzvi kimya ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsini alıb. O, 2007-ci ildə NKPİ-də baş elmi işçi, 2008-ci ildə "Optiki aktiv maddələr" qrupunun rəhbəri, 2012-ci il tarixdə yeni təşkil edilmiş "Antimikrob təsirli reagentlər və biozədələnmələrin tədqiqi" laboratoriyasına rəhbər təyin edilib.

E.H.Məmmədbəyli üzvi kimya elminin aşağıdakı sahələrində tədqiqat işləri aparır: Dils-Alder reaksiyası, asimmetrik sintez, optiki aktiv funksionaləvəzolunmuş alitsiklik birləşmələr, fizioloji aktiv maddələr, azot və kükürd tərkibli bioloji aktiv birləşmələrin Mannix reaksiyası ilə sintezi, Azərbaycan yeni yataq neftlərinin, o cümlədən Naftalan neftinin optiki aktivliyinin tədqiqi, metal komplekslərinin, o cümlədən ferrosen və simantrenin müxtəlif törəmələrinin sintezi. O, uzun illər ərzində xiral katalizatorların iştirakı ilə aparılan asimmetrik sintez sahəsində geniş elmi tədqiqat işləri aparır. Təbii birləşmələr əsasında ekoloji təmiz üsulla yeni xiral katalizatorlar sintez edib və alınan katalizatorları asimmetrik dien sintezində tətbiq edib. Onun rəhbərliyi və iştirakı ilə alitsiklik sırası yeni bioloji aktiv maddələr optiki fəal və fərdi sterio-izomerlər şəklində sintez edilib. Bu maddələrin bir çoxu yeni sintez olunmuş xiral katalizatorların iştirakı ilə aparılan Dils-Alder reaksiyaları vasitəsilə alınıb. Sintez olunmuş maddələrin bioloji aktivliklərinin quruluşlarından asılı olaraq dəyişməsinin tədqiqi də onun elmi maraq dairəsinə daxildir.

İşlədiyi dövrdə 370-dən çox elmi əsəri dərc olunubdur. Bunlardan 12-si SSRİ müəlliflik şəhadətnaməsi, 8-i asimmetrik sintezə dair "JOpX", "Kataliz promışlennosti", "Azərbaycan kimya jurnalı", "Neft kimyası və neft emalı prosesləri" kimi jurnallarda dərc olunmuş icmal məqalələridir.
E.H. Məmmədbəyli elmi əməkdaşlıq çərçivəsində Respublikanın bir çox elmi-tədqiqat və təhsil institutları ilə birgə elmi iş aparır. O, Azərbaycan Pedaqoji Universitetinin "Üzvi kimya və kimya texnologiyası kafedrasında" və bu kafedranın nəzdində olan "Yeni bioloji aktiv maddələr" elmi-tədqiqat laboratoriyasının əməkdaşları ilə birlikdə bioloji aktiv maddələrin sintezi və xassələrin öyrənilməsi sahəsində, AMEA Kimya Problemləri İnstitutunun (hazırki Kataliz və Qeyri-üzvi Kimya İstitutu) əməkdaşları ilə birlikdə isə yeni metal üzvi komplekslərin alınması sahəsində elmi-tədqiqat işlərinin aparılmasında rəhbərlik və iştirak edir. AMEA NKPİ-nin və Polimer materialları İnstitutu arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən optiki aktiv monomerlərin, polimerlərin sintezi və xassələrinin öyrənilməsi sahəsində aparılan işlərdə iştirak edir. Gəncə Dövlət Universitetinin kimya fakültəsinin əməkdaşları ilə yeni azot və oksigen tərkibli karbonen törəmələrinin sintezi və xassələrinin öyrənilməsi sahəsində aparılan birgə elmi işlərdə iştirak və rəhbərlik edir. Bitirdiyi Azərbaycan Tibb Universitetinin "Tibbi mikrobiologiya və immunologiya" kafedrasının və "Ümumi və toksikoloji kimya" kafedrasının əməkdaşları ilə sintez olunmuş yeni bioloji aktiv maddələrin antimikrob xassələrinin öyrənilməsi və bitkilərdən alınmış təbii birləşmələrin quruluşlarının müasir fiziki üsullarla təyin edilməsi sahəsində tədqiqat işlərinin aparılmasında iştirak edir.

AMEA və Rusiya EA arasında 2005-ci ildə bağlanan elmi-texniki əməkdaşlıq Sazişinin tematik planına Məmmədbəylinin iki elmi işi daxil edilib. O, bu Saziş çərçivəsində AMEA NKPİ ilə REA-nın EÜBİ və KFİ arasında bağlanmış ikitərəfli elmi-texniki müqavilələrin koordinatoru və məsul icraçısıdır. Bu Saziş və müqavilələrə əsasən o, həmin institutlarla birlikdə asimmetrik sintez, alınmış maddələrin quruluşlarının yüksək həssaslı müasir cihazlar vasitəsilə öyrənilməsi, Azərbaycan neftlərinin, xüsusən Naftalan neftinin optiki aktivliyinin öyrənilməsi, Azərbaycan sənaye bitkilərinin mikrokapsullaşdırılması və sınaqdan keçirilməsi sahəsində birgə tədqiqat işləri aparır. Alınmış elmi nəticələr birgə nəşr olunur. Onun rəhbərliyi ilə dörd namizədlik,iki doktorluq dissertasiyası işləri müdafiə olunub.

Elmi işlərlə yanaşı, E.H.Məmmədbəyli tələbələrin təhsilinə də vaxt və əmək sərf edir. O, Azərbaycan Beynəlxalq Universitetinin Tibb fakültəsində "Biokimya" fənnini tədris edib. 2009-cu ildə Azərbaycan Tibb Universitetinin buraxılış işlərinin müdafiəsi üzrə dövlət komissiyasının sədri olub.

E.H. Məmmədbəyli, elmi fəaliyyətindən əlavə, ictimai işlərlə də məşğul olur. 1999-cu ildən başlayaraq uzun müddət AR Səhiyyə Nazirliyinin Əczaçılıq müəssisələrinə nəzarət edən daimi komissiyanın üzvü olub. 2000-ci ildə Ukrayna Respublikasında olan Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil olub. Bir çox elmi populyar və publisistik məqalələrin müəllifidir.
O, 24 dekabr 2010-cu ildə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib. AMEA-nın 70 illik yubileyi ilə əlaqədar olaraq E.H. Məmmədbəyli, uzunmüddətli məhsuldar elmi və elmi ictimai fəaliyyəti nəzərə alınaraq, 2015-ci ildə Kimya Elmləri Bölməsinin Fərmanı ilə təltif edilibdir.

E.H. Məmmədbəyli NKPİ-nin Elmi Şurasının və Dissertasiya Şurasının nəzdində olan birləşmiş elmi seminarın üzvüdür. O, "Azərbaycan Əczaçılıq və Farmakoterapiya" jurnalının Redaksiya Şurasının üzvüdür. Hazırda NKPİ-də laboratoriya rəhbəri vəzifəsində işləyir.

Kollektivimiz kimya elmlər doktoru, professor E.H. Məmmədbəylini anadan olmasının 75 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı, uzun ömür və elmi fəaliyyətində uğurlar arzulayır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO