“Bu bir növ cəbhə hakimiyyəti dövründə Surət Hüseynovdan qorxunc obraz yaratmaqla Bakıya hücum etmək səhnəsinin bənzəridir”
Bunu Moderator.az-a açıqlamasında politoloq İlqar Altay İŞİD terror təşkilatının Azərbaycana hər hansı təhlükə yarada biləcəyi ehtimalına toxunarkən bildirib. Onun sözlərinə görə, İŞİD-in son vaxtlar birdən-birə İraqda bəzi zorakılıqlar törətməsi müəyyən xof yaratsa da, bunu davamlı kimi qəbul etmək olmaz:
“İŞİD-in belə hay-küylü uğuru sadəcə bəzi qüvvələrin dəstəyi və İraqdakı dövlət boşluğu, zəifliyi nəticəsində mümkün olub. Bu bir növ cəbhə hakimiyyəti dövründə Surət Hüseynovun qorxunc obraz yaratmaqla Bakıya hücum etmək səhnəsinin bənzəridir. İŞİD elə bir ciddi qüvvəyə malik olsaydı, bunu birinci növbədə Suriyada Əsəd rejiminə göstərərdi. Bu təşkilat Suriyada heç nəyə nail olmayıb, indi də İraqı, Bağdadı ələ keçirmək niyyətinə düşməsi və ümumiyyətlə dayanıqlı hərbi təşkilat kimi ayaqda qalması özü şübhə altındadır. Qısa bir zaman kəsimi sübut edə bilər ki, İŞİD-in yaratdığı "qorxunc uğur" obrazı sabun köpüyü kimi bir şeydir. Ölkələr ələ keçirib hakimiyyətlər qurmaq kimi ambisiyalara düşən bir təşkilatın normal təhlilə yarayan qədər məntiqli siyasi xətti məlum deyil. O qədər daxili ziddiyyətli, başıpozuq və anlaşılmaz dəsti-xəttli olan bir qüvvədir. Onlar ABŞ və İran kimi bir-birinə düşmən ölkələri özünə qarşı birləşdirib və qonşu Türkiyə, eləcə də diğər ölkələri narahat etməyə başlayıb. Belə halda, İŞİD-in Türkiyəyə və oradan da Azərbaycana hücum etməsi siyasi təhlil zəifliyindən doğan qeyri-ciddi iddialardır”.

































































































