İsraildə “hökümət böhranı” – Solçular hakimiyyətə can atır 

Hazırda oxunan: İsraildə “hökümət böhranı” – Solçular hakimiyyətə can atır 

20314

İsraildə son iki ildə sayca 4-cüsü keçirilən parlament seçkilərindən sonra höküməti formalaşdırmaq mümkün olmur. Benyamin Netanyahunun “Likud” partiyası ən son 23 martda keçirilən seçkilərdə qalib gəlməsinə baxmayaraq, höküməti formalaşdırmağa imkan verəcək üstünlüyü əldə edə bilməyib. 

28 gün müddətində koalisyon höküməti formalaşdıra bilməyən Netanyahudan sonra bu vəzifə seçkilərdə ikinci olmuş “Yeş Akid” partiyasının rəhbəri Yair Lapidə həvalə olunub.

Lapid qarşıdakı günlər ərzində koalisyon höküməti formalaşdırmaq üçün digər partiyalarla müzakirələr aparacaq.

Qeyd edək ki, 71 yaşlı Benyamin Netanyahu 2009-cu ildən hakimiyyətdədir. Netanyahunun tərəfdarları sırasında əsas yeri radikal sağ və mühafizəkar dini partiyalar tutur.

Yair Lapid isə mərkəz liberal qanadı təmsil edir. Netanyahuya müxalif mövqeyi ilə seçilən Lapidin dəstəkçiləri arasında sol və mərkəzi cinahın da yer alacağı qeyd olunur. 

Knessetdə ideoloji qütbləşmə

Netanyahunun höküməti formalaşdırmaqdakı uğursuzluğunun əsas səbəbi kimi ona qarşı yönəldilən rüşvət və vəzifə səlahiyyətləri aşmaq ittihamları göstərilir. Netanyahu hələ baş nazir postunda olarkən oxşar ittihamlar üzrə mühakimə olunub və ona qarşı xüsusilə İsrail mediasında ciddi kampaniya aparılıb. Əslində isə son illərdə İsraildə yaşanan hökümət böhranında Knessetdəki ciddi ideoloji mübarizənin, eyni zamanda da ABŞ-da baş verən kəskin ideoloji dönüşün təsirləri danılmazdır.

Xatırladaq ki, son 20 illik müddətdə İraildə dini-mühafizəkar partiyaların güclənməsi müşahidə olunur.

2006-cı ildən etibarən bu partiyalar Knessetdəki təmsiliçiliklərini də ciddi ölçüdə artırıblar. Əvəzində isə sol, liberal və sekulyar müxalifətin mövqeləri ciddi şəkildə zəifləyib.
Dini-mühafizəkar partiyaların güclənməsi İsraildə ümumi seçicilərin 20%-ni təşkil edən ərəb əhalini də narahat edən səbəbdir. Əsasən sol və sağ cinahlarda təmsil olunan ərəb partiyalarının da Netanyahuya qarşı müxalifətdə yer alacaqları gözlənilir. Çünki Netanyahu seçki kampaniyası ərzində ərəb əhalinin yaşadığı bölgələrdə yəhudilər üçün yeni yaşayış məntəqələrinin salınacağını vəd etmişdi.

ABŞ siyasi sisteminin İsrailə təsirləri

ABŞ-da Yevangelist dini icmanın və mühafizəkar Amerikanların səsini qazanmış Donald Trampın prezident seçilməsi heç şübhəsiz ki, Benyamin Netanyahunun da mövqelərini möhkəmləndirmişdi. Çünki hər iki şəxs radikal sağçıların, dini və mühafizəkar icmaların maraqlarını müdafiə edir, məhz bu səbəblə də liberal və sol media qurumları tərəfindən ciddi tənqid olunurdu.

Donald Trampın məğlub edərək hakimiyyətə gələn Co Bayden isə sağ-liberal dəyərlərin təmsilçisi hesab edilir. Trampdan fərqli olaraq azlıqların hüquqlarına və demokratik dəyərlərə sadiq olduğunu nümayiş etdirir. ABŞ-dakı nəhəng yəhudi icmasını varlığını nəzərə aldığımızda Co Bayden administrasiyasının hakimiyyətə gəlişi ilə dəyişilən ideoloji kursunun İsrailə də təsir edəcəyi gözlənilən idi. 

Baydenin prezident seçilməsi İsrailin mühafizəkar-dindar partiyaları tərəfindən arzuolunan nəticə deyil.

Çünki bu partiyalar İrana qarşı daha radikal mövqe tutduqları halda, Bayden administrasiyası İranla bir masaya oturmağı nəzərdən keçirir. Demokratik dəyərləri və diplomatiyanı ön plana çıxaran Bayden administrasiyasının İsrailin dini-mühafizəkar höküməti ilə anlaşması da çox çətin olacaqdı. ABŞ-la yaşanacaq bu anlaşmazlıq isə İsraili öz maraqları üçün müstəqil fəaliyyətə keçməyə məcbur edəcək və Yaxın Şərqdə İrana qarşı fəaliyyətin bütün yükü birbaşa İsrailin üzərinə düşəcək. 

Ehtimal olunan nəticələr

Yair Lipidin yeni koalisyon höküməti formalaşdırmaq istiqamətindəki fəaliyyətlərinin uğurlu olacağını ehtimal etmək olar. Çünki İsrail gələcəkdəki regional fəaliyyətlərdə ABŞ-ın dəstəyini itirimək  və İrana qarşı fəaliyyətinin bütün yükünü çiyinlərinə almaq istəmir. 

Baş verəcək dəyişikliyin İsrail Yaxın Şərq siyasətində bir sıra yeni dəyişikliklərə səbəb olacağı  da ehtimal olunur. İsrailin ərəb dövlətləri ilə diplomatik və iqtisadi münasibətlərini daha da gücləndirəcəyi, qarşılıqlı münasibətlərdə daha çox diplomatiyadan istifadə edəcəyi gözlənilir.

Çünki istənilən halda İsrail öz siyasi kursunu ABŞ-ın regiondakı maraqlarına uyğunlaşdırmaqla daha çox manevr imkanı əldə etməyi hədəfləyir.

Netanyahuya qarşı koalisiyaya gedəcək partiyalar arasında bir sıra sol partiyalar yer alır və “erməni soyqırımı”nı tanıyan Merets partiyası da bu siyahıdadır. Bu baxımdan yeni İsrail hökümətinin xüsusilə Türkiyə və Azərbaycanla münasibətlərini necə tənzimləyəcəyi, bu münasibətlərdə hansı dəyişikliklərə səbəb olacağı isə əsas müzakirə mövzusudur.

Araz Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO