
- A-
- A
- A+
Eldəniz Əzizli: “Himn səslənəndə bütün karyeram gözlərimin önündən keçdi” - FOTO/VİDEO
“Beş dəfə dünya çempionu olmaq dildə asandır. Artıq 27-28 ildir ki, güləş karyeramı davam etdirirəm”.
Bizim.Media xəbər verir ki, bunu Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatından sonra jurnalistlərə açıqlamasında Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli deyib.
Ötən il qazandığı bürünc medalı özü üçün qənaətbəxş nəticə hesab etmədiyini bildirən idmançı bu uğura nail olmaq üçün bir il ərzində gecə-gündüz çalışdığını vurğulayıb:
“Hamıdan çox mən istəyirdim ki, bu il dünya çempionu olum. Ötənilki üçüncü yeri ürəyim istəyən nəticə saymırdım. Buna görə də bir il ərzində gecə-gündüz çalışdıq, mübarizə apardıq. Allah istədiyimizi bizə nəsib etdi və 35 yaşımda beşinci dəfə dünya çempionu oldum”.
Eldəniz Əzizli yarımfinal və final görüşlərinin turnirdəki ən çətin qarşılaşmaları olduğunu qeyd edib. Onun sözlərinə görə, hər iki rəqibin mübarizə üslubu Bakıda əvvəlcədən təhlil edilib və görüşlər hazırlanan taktiki plan əsasında keçib.
Final görüşünə çıxarkən qələbə qazanacağına inandığını söyləyən güləşçi ilk xalı əldə etdikdən sonra özünəinamının daha da artdığını bildirib.
Mükafatlandırma mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilərkən keçirdiyi hisslərə toxunan idmançı həmin an bütün karyerasının gözləri önündən keçdiyini deyib:
“Bu hissləri sözlə ifadə etmək çox çətindir. Ümid edirəm ki, bütün Azərbaycan gəncləri və güləşsevərlər bu hissləri yaşayarlar. Rayondan gəlməyim, Bakıda məşq etməyim, çətinliklər, məğlubiyyətlər və nəhayət, beşinci dəfə dünya çempionu olmağım - bütün bunlar gözlərimin önündən keçdi”.
Gələcək karyerası ilə bağlı suala cavab verən Eldəniz Əzizli şəxsi məşqçisi və federasiya rəhbərliyi ilə məsləhətləşdikdən sonra yaxın vaxtlarda qərarını açıqlayacağını bildirib.
Qeyd edək ki, Eldəniz Əzizli Astanada keçirilən dünya çempionatının finalında 55 kiloqram çəki dərəcəsində İran təmsilçisi Pəyam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək beşinci dəfə dünya çempionu olub.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































