“Ai-95” markalı benzin bu tarixdən etibarən ölkəmizdə istehsal olunacaq – İlham Şabanın ŞƏRHİ

Hazırda oxunan: “Ai-95” markalı benzin bu tarixdən etibarən ölkəmizdə istehsal olunacaq – İlham Şabanın ŞƏRHİ

181781

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatınd

Artıq təqvim yazına qədəm qoymuşuq. Avropada erkən yazın gəlişini yaşasalar da, bizim elimizdə hələ ki, dəyişkən havadır. Qlobal bazarlar isə ümumiyyətlə proqnoz ediləsi halda deyil.

Qlobal bazarlar

Artıq 10 ildir ki, ipə-sapa yatmayan husilər martın 3-də Britaniyaya məxsus ticarət gəmisi “Rubimar”ı Qırmızı dənizdə batırdılar. Özü də içərisində nə olsa yaxşıydı, düz 21 min ton mineral gübrə. Martın 5-də isə birdən birə sosial şəbəkələrdə istifadəçilər arasında rabitə zəiflədi. Və məlum oldu ki, Qırmızı dənizin Yəmənə aid sularında Asiya ilə Avropa arasında data-rabitəsini həyata keçirən 4 sualtı naqil kənar müdaxilə nəticəsində qırılıb.

İndi belə bir vəziyyətdə enerji bazarının vəziyyətini təsəvvür edin. Martın 6-da Brent markalı neft 84 dollar həddini aşdı. Düzdü, bu qısamüddətli zamanda baş versə də, amma ayın əvvəlindən qiymətlərin 82-84 dollar dəhlizində ticarət edilməsi qlobal bazarda yaşananlarla bağlı olan inamsızlığın əlamətidir. Çünki bir tərəfdən Vaşinqtonun ciddi təzyiqləri nəticəsində Hindistanın Rusiyadan daha əvvəlki dövrlərdəki həcmdə neft almayacağı xəbərləri yayıldı, digər tərəfdən isə Səudiyyə elan etdi ki, apreldən başlayaraq Asiyadan olan idxalçılar üçün ənənəvi “endirimləri” azaldır.

Elə Rusiya neftinin Türkiyənin terminallarındakı satışının azalması da bazar iştirakçılarının gözündən yayınmadı. Demək, neft tacirləri, yəni treyderlər hiss edirlər ki, Rusiya neftinin sanksiyalardan yayınaraq qlobal bazara axını zəifləmək istiqamətində gedir.

Azərbaycan da qlobal bazarlarda yaşananları diqqətdə saxlayır və elə addımlar atır ki, enerjinin bir növündən digərinə keçid edərkən əlində olan bazarları itirməsin.

COP29-a yeni töhfəmiz

Martın 4-də Azərbaycan "Qlobal Metan Vədi" təşəbbüsünə qoşulduğunu elan edib. "Qlobal Metan Vədi" 2021-ci ildə Qlazqo şəhərində keçirilmiş COP26 İqlim Dəyişikliyi Konfransında ABŞ və Avropa İttifaqı tərəfindən metan emissiyalarının azaldılması ilə bağlı qlobal öhdəlik kimi irəli sürülmüş bir təşəbbüsdür. Hazırda 155 ölkə bu beynəlxalq öhdəliyə qoşulduğunu elan edib.

Azərbaycan da bu təşəbbüsə qoşulmaqla “yaşıl enerji” siyasətini hədəfləyən beynəlxalq səylərə dəstəyini ifadə edib. İndi istərdim ki, COP29-a gedən yolda Azərbaycanın beynəlxalq miqyasda indiyə qədər atdığı addımlarla tanış olaq.

Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə isə Konvensiyanın Kioto Protokolunu ratifikasiya edib, qlobal iqlim dəyişikliklərinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub.

Azərbaycan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədində qlobal iqlim dəyişikliklərinə təsirlərin yumşaldılması kimi 2030-cu ilə istilik effekti yaradan qaz emissiyalarının 35 faiz azalma səviyyəsində saxlanılmasını hədəf götürüb.
Üzərinə götürdüyü öhdəliklərə sadiqlik, Azərbaycan Prezidenti tərəfindən elan edilmiş “Yaşıl dünya naminə həmrəylik” təşəbbüsü çərçivəsində uğurlu fəaliyyət və yeni təşəbbüslər Azərbaycanı dünyada qlobal iqlim siyasətinə böyük töhfə verən uğurlu nümunə kimi tanıdır. COP29-a ev sahibliyinin ölkəmizə həvalə edilməsi də bu fəaliyyətə verilən beynəlxalq qiymətin və göstərilən etimadın açıq təzahürüdür.

Nəzərinizə çatdırım ki, Beynəlxalq Enerji Agentliyi (IEA) də Azərbaycanın "Qlobal Metan Vədi"nə sadiqliyini yüksək qiymətləndirir. Agentliyin icraçı direktoru Fatih Birol başçılıq etdiyi təşkilatın iddialı nəticələr əldə etmək üçün Azərbaycanla COP29 çərçivəsində sıx əməkdaşlıq edəcəyini bəyan edib.

Onu deyim ki, Beynəlxalq Enerji Agentliyinin son hesabatına görə, dünyada enerjiyə tələbatın artmasına baxmayaraq, günəş, külək və nüvə enerjisindən geniş istifadə nəticəsində ötən il mədən yanacağı asılılığı azalıb.

Burada Azərbaycanla bağlı bir faktı da diqqətinizə çatdırmaq istərdim. Hökumətin stimullaşdırıcı tədbirləri sayəsində Azərbaycanda da elektrik mühərrikli avtomobillərin idxalında əhəmiyyətli artım müşahidə edilir.

Yaşıl avtomobillərin artımı

Rəsmi statistikaya əsasən, 2023-cü ildə ölkəmizə 2021-ci illə müqayisədə elektromobil idxalı 19,3 dəfə artıb. Bu müddətdə hibrid avtomobillər artımı isə 109% təşkil edib. Əgər nəzərə alsaq ki, Azərbaycan paytaxtında havanın çirkləndirilməsində avtomobil nəqliyyatının xüsusi çəkisi 80%-dən çoxdur, onda bu açıqladığım statistika çox düşündürücüdür. Çünki atmosferin çirkəndirilməsinin qarşısının almağın bir yolu yaşıl enerjili avtomobillərin artımına bağlıdırsa, ikincisi, daha əlçatanı istehlakçıların ekoloji yüksək standartlı yanacaqla təminatıdır.

Azərbaycan bu baxımdan COP29 öncəsi artıq bir sıra addımlar atmağa başlayıb.  

“Avro-5” keyfiyyətli dizelimiz

Yola saldığımız həftə Bakının mərkəzində illər boyu modernizasiyası davam edən neftayırma zavodunda artıq “Avro-5” keyfiyyətli dizelin istehsalına başlanılması xəbəri yayılıb. Özü də bunu qlobal bazarlarda enerji daşıyıcılarının marketinqi üzrə ixtisaslaşan “Petroleum Argus” agentliyi açıqlayıb.

Məlumata görə, artıq 2023-cü ilin sentyabrından H.Əliyev adına neftayırma zavodunda Avro-5 standartında dizelin istehsalına başlanılıb. Özü də artıq Azərbaycan dizelini Avropada da almağa başlayıblar. “Argus” agentliyi həmçinin bildirir ki, cari ilin aprel-may aylarında artıq Bakı emal zavodunda yüksək keyfiyyətli JET A-1 markalı təyyarə yanacağı da başlayacaq.

Bu da hələ son deyil. Çünki yazılanlara görə, artıq sentyabr ayı üçün daha yüksək keyfiyyət parametrlərinə malik aşağı oktanlı benzin, IV rübdə isə Avro-5 standartlarına cavab verən Ai-95 markalı benzin istehsal edilməyə başlanılacaq.       

Bu deyilənləri Azərbaycan hökuməti də təsdiqləyib. Nazirlər Kabinetinin 2023-cü ildəki fəaliyyəti haqqında hesabatın “Emal sənayesi” bölümündə bildirilir ki, ötən il SOCAR-ın  H.Əliyev adına Neft Emalı Zavodu “Avro-5” standartlarına uyğun dizel yanacağının istehsalı üzrə qurğuların tikintisini başa çatdırıb və istehsala başlayıb.

“Avro-5” keyfiyyətində benzin

Hökumət qeyd edir ki, “Avro-5” standartlı benzinin istehsalı məsələsi isə cari ildə baş tutacaq. Cari ilin əvvəlinə Bakı neft emal zavodunda bu keyfiyyətdə yanacaq istehsal etmək üçün lazım olan qurğuların tikintisi 98,9% tamamlanıb. Hesabatda “Avro-5” standartında yanacağın istehsalı ətraf mühitə mənfi təsirlərin minimallaşdırılması yolunda atılan addım kimi qiymətləndirilib.

Hökumətin hesabatından məlum olur ki, ötən il Azərbaycanda 4,37 mln ton yanacaq istehsal edilib. Bunun 2,3 milyon tonu dizel yanacağının, 1,5 milyon tona yaxını isə avtomobil benzinin payına düşüb. Bundan əlavə həmçinin 600 min tona yaxın da təyyarə yanacağı istehsal edilib.

bp-nin “yaşıl” layihəsi

Ənənəvi enerji istehsalında Azərbaycanda lider şirkət olan bp isə neft və qazın karbon izinin azaldılması yoluna çıxmağa hazırlaşır. Onun bizlər üçün həssas olan bir məkanda, işğaldan azad edilmiş torpaqlarımızda ərsəyə gətirəcəyi günəş elektrik stansiyasını nəzərdə tuturam. Onu deyim ki, layihənin adının düzgün seçilməsinin bazara çıxarılacaq məhsulun uğurunda böyük rolu var. Bu baxımdan şirkətin “Şəfəq” adlandırdığı bu layihənin ictimaiyyət üçün təqdim edilməsi zamanı onun şəfəqlərinin necə saçacağı artıq indidən hiss edilir.   

533 səhifəlik Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətlənsirilməsi hesabatında mənim diqqətimi çəkən bilirsinizmi nə oldu? Tikinti aparılacaq yerdə, insan yaşamayan bir çöllükdə flora və faunaya mümkün ola biləcək təsirlərin təsviri. Tikinti dövrü və sonra stansiyanın istismarı zamanı işçilərin yaşayışına, qidalanmasına və sağlamlığına ola biləcək təsirlər də öz əksini tapıb.

Artıq bu ayın sonuna qədər ictimaiyyətin təklifləri nəzərə alınmaqla hesabtın son variantının təsdiq edilmək üçün Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməsi planlaşdırılır. Hesabat təsdiq edildikdən sonra isə bp Azərbaycan hökuməti ilə “Şəfəq” günəş elektrik stansiyasının tikintisi layihəsi üzrə yekun investisiya qərarını imzalamalıdır. Məhz bu sənəddə layihənin kommersiya hissəsi üzrə tərəflər razılıq əldə etməlidirlər ki, sonrakı fəaliyyət dövründə heç kəsdə biri-birinə şəkk-şübhə üçün yer qalmasın.

Onu deyim ki, 240 MVt gücündə olacaq bu stansiyada 50 min ədəd günəş paneli quraşdırılacaq və bp-nin 2017-ci ildən yaşıl texnologiyalar üzrə əməkdaşlıq etdiyi “Lightsourse” şirkəti ən azı 35 il həmin panellərdən günəşin enerjisini elektrikə çevirmək imkanlarını gerçəkləşdirmək niyyətindədir.

bp sözügedən layihəni gerçəkləşdirməklə, həm də Xəzərin sahilində yerləşən, dünyanın sayılıb-seçilən neft-qaz terminalları siyahısına daxil olan Səngəçal kimi nəhəng bir obyektin yaxın gələcəkdə enerji təminatının “karbon izi olmayan” mənbəyə keçirilməsinə nail olacaq. Çünki “Şəfəq”dən əldə edilən enerji təkcə işğaldan azad edilmiş torpaqlarımızın dirçəldilməsinə deyil, həm də Səngəçal terminalının təminatının yaşıl enerji ilə əvəzlənməsinə gətirib çıxarmalıdır.

Neftçi qadınlar

“bp-Azərbaycan” şirkətinin bir uğuru da var ki, bundan geniş ictimaiyyətin hələ xəbəri yoxdur desəm yanılmaram. Bu da şirkətdə çalışan qadınların fəallığı ilə bağlıdır. Bunun əsas səbəbi isə mədən sənayendə istehsal proseslərinin avtomatlaşdırılmasının artırılması və son zamanlar rəqəmsallaşdırmanın geniş tətbiqi ilə əlaqədardır.

Fiziki gücün tətbiq sahələri neft-qaz sənayemizdə azaldıqca, qadınların burada iştirakı da intensivləşir. Bu baxımdan 2023-cü ilin nəticələrinə görə, artıq “bp-Azərbaycan” şirkətində çalışan qadınların ümumi işçi heyətində xüsusi çəkisi 17% həddini keçib. Onu qeyd edim ki, SOCAR-ın son hesabatına əsasən 48 min işçinin 16%-i zərif çinsin nümayəndələri olub.

Hazırda “bp-Azərbaycan” şirkətində 453 qadın çalışır və bunların yalnız 25-i xarici vətəndaşdır. Bundan əlavə şirkətin 18 nəfər Azərbaycan vətəndaşı olan qadın əməkdaşı xarici ölkələrdəki əməliyyatlarda çalışır. bp hasilatçı şirkət kimi Azərbaycanda yalnız dənizdə neft və qaz çıxarır. Və onun dəniz əməliyyatlarında artıq 26 qadın işləyir.

Onu qeyd edim ki, qadınlar bp-nin Azərbaycandakı layihələrində artıq xeyli vaxtdır ki, təkcə icraçı vəzifələrində çalışmırlar. Orta rəhbər vəzifədə çalışan qadınların sayı 257 nəfərdir. Yüksək rəhbər vəzifədə isə 28 qadın əməkdaş təmsil olunub ki, bunları da yalnız 8-ci xarici vətəndaşdır. Bu gün “bp-Azərbaycan” şirkətində 4 qadın vitse prezident vəzifəsinə qədər yüksəlib ki, onlardan ikisi bizim vətəndaşlarımızdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO