“İnsan həyatında ən ağır xəstəliklərdən biri şübhəsiz ki, qumardır”.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa futbol və başqa idman sahələrinə ayrılan milyardlarla vəsaitlə bağlı açıqlama verərkən deyib.
Fazil Mustafa bildirib ki, xarici siyasətdə bir çox addımlarını uğursuz hesab etdiyi Türkiyənin Baş naziri Əhməd Davudoğlunun daxili siyasətdəki bu addımını müsbət qiymətləndirir:
“Türkiyədə dövlət adına oynanan qumarın-lotereyanın ləğv olunması bütün hallarda insanların faydasınadır. Bunu heç islamla da əlaqələndirmək lazım deyil. İstər dindar, istər qeyri-dindar, soruşun çevrənizdəki insanlardan, görün qumardan kim mütləq mənada xeyir görüb? Dağılan ailələrin, müflis olan insanların həyat dramı təkcə romanlarda olmur. Nə zamansa Azərbaycanda da bu addım atılmalıdır. İnsanların ümidinin şansa buraxılmasını, yüzlərlə adamın qumarxanalarda həyatını mənasızlaşdırmasını böyük faciə olaraq görürəm. Ola bilsin ki, buna da etirazlar olacaq ki, onda bu pullar başqa ölkələrin büdcəsinə axacaq. Futbolda və başqa idman sahələrində olan milyardlarla qumar pullarından da ölkələrin imtina etməsi asan görünmür. Ancaq narkotikdə də böyük pullar var, mübarizə aparılmasın ki, bu pullar əks halda başqasının cibinə axacaq? Qumarın hər hansı növünün yığışdırılmasının tərəfdarıyam. İnsan həyatında ən ağır xəstəliklərdən biri şübhəsiz ki, qumardır”.
- See more at: //axar.az/news/30452#sthash.FcZq5nzj.dpuf






































































































