Blinkenin TELEFON ZƏNGİ – Qərb Brüssel görüşündə NİYƏ İSRARLIDIR?

Hazırda oxunan: Blinkenin TELEFON ZƏNGİ – Qərb Brüssel görüşündə NİYƏ İSRARLIDIR?

185624

Xəbər verdiyimiz kimi, aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı
Antoni Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib.

Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.

Blinken niyə zəng edib?

Təşəbbüsün Blinkendən gəlməsi bütün hallarda xoş hadisədir. Bu o deməkdir ki, superdövlət olan ABŞ regional məsələlərdə Azərbaycanın mövqeyini əsas götürür. Xüsusən də bu Ağ Evdəkilərin Azərbaycan Prezidenti İlham Əliyevlə hesablaşdıqlarının göstəricisidir. Məhz bu səbəbdən dövlət katibi Brüssel görüşü ərəfəsində Azərbaycan Prezidentinə hesabat verməyə məcbur olub.

O, telefon danışığı zamanı Azərbaycan liderini inandırmağa çalışıb ki, görüşdə müzakirə olunan məsələlər və görüşün nəticələrinin Azərbaycanın təhlükəsizliyinə və iqtisadi-siyasi maraqlarına heç bir təhdid yaratmır. Bu zəng ən azı ABŞ-ın kiminlə və necə davranmağın qaydasını anladığının göstəricisidir.

Dövlət katibi dediklərində nə qədər səmimidir?

Antoni Blinken iddia edir ki, Brüssel görüşünün Azərbaycanın maraqlarına heç bir ziyanı olmayacaq. Amma siyasətdən az-çox başı çıxan hər kəs bilir ki, siyasətdə “regional təhlükəsizlik” deyilən bir ifadə var. Yəni regiondakı ölkələrdən birində baş verən hadisə qonşu dövlətlərə heç bir halda təsirsiz ötüşmür. Ona görə də ABŞ və Aİ-nin Ermənistanla bağlı planlarının Azərbaycana təsir etməyəcəyini düşünmək ancaq sadəlöhvlük olardı. Bu mənada Blinken dediklərində səmimi deyil.

Bəli, Qərb Cənubi Qafqaza soxulmaq istəyir. Bunun üçün də Ermənistandan istifadə edir. Qərbin regiona gəlişinin səbəbi isə Rusiyanı Ermənistandan çıxartmaq, İrana daha yaxın olmaqdır. Amma Qərbin istəkləri bununla bitmir. Qərb Ermənistana gəlməklə regional prosesləri nəzarətə götürmək istəyir.

Ona görə də Qərbin Ermənistanda möhkəmlənməsi gec-tez Azərbaycanın və digər region ölkələrinin maraqlarıyla toqquşacaq. Bu birmənalı şəkildə qaçılmazdır.

Qərb Azərbaycandan nə istəyir?

Brüssel görüşü təsadüfi və sıradan bir hadisə deyil. Buna qədər uzun bir proses yaşanıb. Azərbaycan Xarici İşlər Nazirliyinin 27 mart bəyanatında Brüssel görüşünün səbəbləri açıq şəkildə göstərilir. XİN-nin yaydığı həmin bəyanatda qeyd edilir ki, Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi Azərbaycan tərəfindən irəli sürülüb və burada o, münaqişədən sonrakı normallaşmanın bütün məsələlərində hər zaman konstruktiv mövqe nümayiş etdirib:

“Bundan əlavə, 6 oktyabr 2022-ci il tarixli dördtərəfli Praqa görüşü zamanı delimitasiya edilməmiş sərhədin Ermənistan tərəfi boyunca Azərbaycan və Ermənistan arasında etimadın yaradılmasına töhfə verməsi güman edilən 40 nəfər mülki monitorinq ekspertindən ibarət qısamüddətli Avropa İttifaqı Monitorinq Potensialının (AİMP) yerləşdirilməsinə razılıq verilməsi Azərbaycan tərəfindən xahiş olunub.

Təəssüf ki, ilkin iki aylıq müddətdən sonra Azərbaycanın razılığı olmadan AİMP əhəmiyyətli dərəcədə uzadılmış müddət və daha çox müşahidəçi sayı ilə Aİ-nin Ermənistandakı Missiyasına (AİEM) çevrilib. Bu missiya o vaxtdan etibarən anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilməkdədir.

Bundan əlavə, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malikdir. Bu addımlar həmçinin AİEM-i çəkindirici qüvvə adlandıran və heç bir əsas olmadan Azərbaycanın mümkün müdaxiləsi barədə illüziya yaradan bəyanatlarla müşayiət olunur”.

Bu bəyanatdan da aydın olur ki, ABŞ və Aİ bəzi məsələləri unutmayıb.

Əksinə həmin məsələlərin əvəzini Azərbaycandan çıxmaq istəyir. Bəli, 2 il öncə Aİ Azərbaycan və Ermənistana müraciət etdi ki, iki ölkə arasındakı şərti sərhədə mülki müşahidəçi missiya göndərmək istəyir. Azərbaycan Aİ-nin təklifinə zərurət duymadı. Amma Ermənistan razılığa getdi. Maraqlıdır ki, Aİ o zaman demişdi ki, müşahidəçi missiya 2 aylıq gəlir. Amma o vaxtdan 2 il keçib və hələ də həmin missiya Ermənistandadır. Üstəlik, həmin missiya üzvlərinin sayı 500-ə çatıb.

Ən maraqlısı da odur ki, “mülki missiya”nın sonradan NATO təmsilçiləri olduğu üzə çıxdı. Bu da onu göstərir ki, Aİ və ABŞ o zaman mülki missiya adı ilə Azərbaycan və Ermənistana yerlşmək və tədricən kontingenti böyütmək istəyirmiş. Haqlı olaraq Azərbaycan Qərbin bu məkrli planına qarşı çıxdı. Çünki Azərbaycan heç bir hərbi blokun üzvü deyil.

Bundan sonar da, Azərbaycan öz ərazisində hansısa hərbi blokun mövcudluğuna imkan vermək fikrində deyil.

Bu isə Qərbin maraqlarına ziddir. Ona görə də Qərb Ermənistanın əli ilə bölgəyə girmək istəyir. 5 aprel Brüssel görüşündə də bu layihənin konturları cızılacaq. Bu bir həqiqətdir. Ona görə də ABŞ  dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə telefon açması sadəcə 5 aprel öncəsi Azərbaycanın nəbzini yoxlamaq və bir qədər də rəsmi Bakı ilə son vaxtlar yaranmış gərginliyi azaltmaq məqsədi daşıyırdı.

Amma görünən odur ki, Qərb Cənubi Qafqaza girməyi hədəfləyib. Bir də o məlumdur ki, Azərbaycan Qərbin bölgəyə soxulmasına isti baxmır. Çünki bu həm Azərbaycanın, həm də regionun təhlükəsizliyinə təhdid yaradır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO