QƏZA: “BakuBus” işini qura bilmir - “Vahid dispetçer yaradılmalıdır”

Hazırda oxunan: QƏZA: “BakuBus” işini qura bilmir - “Vahid dispetçer yaradılmalıdır”

26115

Xəbər verildiyi kimi bir qədər əvvəl Bakının Səbail rayonunda iki “BakuBus” MMC-yə məxsus avtobuslar toqquşub. Bir-birinə çırpılan hər iki avtobusda 7 yaralının olduğu bildirilir. Hadisədən sonra yayılan videolardan belə ehtimal olunur ki, dayanacağa yaxın baş verən qəzaya səbəb “BakuBus” sürücüləri arasında yaşanan insidentdir. Sürücülərdən biri digərinə ya yol verməyib, ya da hansısa dayanacağa tez daxil olmaq istəyib. Mübahisə isə qəza ilə nəticələnib.   

Baş verən qəza ictimai nəqliyyatda buna bənzər olayların tez-tez yaşandığını və sürücülərin məsuliyyətsizliyini gündəmə gətirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Bakubus”lar bir-birinə çırpıldı - Yaralılar var - YENİLƏNİB - FOTO


Dəfələrlə sosial mediada hələ də yolda bir-birləri ilə ötmə əməliyyatı aparan, yerli-yersiz mübahisələrə qoşulan, avtobus zolağından kənara çıxan, dayanacağa tez çatmaq üçün sürətli və təhlükəli manevrlər edən məsuliyyətsiz sürücülərin olması ilə bağlı çoxsaylı şikayətlərə rast gəlirik. Özü də bu cür hallar ən çox “Bakubus” avtobuslarının iştirakı ilə yaşanır. Şikayətçilər ictimai nəqliyyatda daxili nizam-intizam qaydasının sıfıra bərabər olduğundan gileylənirlər. 

Yol-nəqliyyat eksperti, Bakı Nəqliyyat Agentliyi yanında İctimai Şuranın üzvü Elməddin Muradlı Bizim.Media-ya açıqlamasında avtobusların fəaliyyətinin bir mərkəzdən idarə olunması təklifi ilə çıxış edib.

O, sürücülərin psixoloji testlərdən və təlimlərdən keçirilməsini də vacib hesab edib:

“Tıxac yaranan kimi bəzi sürücülər qıcıqlanır və hansısa yolla vəziyyətdən çıxmağa çalışırlar. Dayanacaqlarda sürücülər arasında çox böyük aqressiya müşahidə edilir. Çox istəyərdim ki, bunu bütün daşıyıcı şirkətlər nəzərə alsın. Bu gün paytaxtın normal dayanacaqları 2 avtobus tuta bilir. Üçüncü avtobus dayanacağa gələndə problem yaranır. Bəzi dayanacaqlara eyni vaxtda 5-6 avtobus daxil olur. Bu mənzərəyə “İnşaatçılar”, “Sahil”, “Koroğlu”, “28 may” metrostansiyalarında rast gəlmək olar. “20 Yanvar” metrostansiyasında isə durum daha dəhşətlidir”. 

Ekspertin fikrincə, avtobuslarda interval problemi öz həllini tapmalıdır ki, dayanacağa eyni vaxtda 5 avtobus çatmasın:

“Ən azı onların arasında 30-40 saniyə vaxt olmalıdır. Bunu təmin edəcək sistem olsa belə, yol şəraitimiz buna imkan vermir. Bu problemlər hələ də qalmaqdadır və bizi də narahat edir.


Bunun həlli üçün vahid dispetçer sistemi qurulmalı və avtobusların fəaliyyəti bir mərkəzdən idarə olunmalıdır. Bu günkü hadisə də onu deməyə əsas verir ki, çox güman sürücülərin sözləri çəpləşib. Ya bir-birlərinə yol verməyiblər, ya da biri digərindən tez dayanacağa daxil olmaq istəyəndə mübahisələri yaranıb. Belə hadisələr nəinki “BakuBus”-da, bütün daşıyıcı şirkətlərin istismarında olan avtobuslar arasında zaman-zaman baş verir. Ona görə də sürücülər işə götürülərkən psixoloji vəziyyətləri yoxlanılmalıdır. Sürücünün normal iş və istirahət rejimi olmalıdır. Sürücü 8 saat normal işləyib evinə getsə, təmkinli və səbirli ola bilər. Bundan əlavə gün ərzində mindən çox sifət görən sərnişinlərin mənfi aurası da sürücülərin üzərindədir”. 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev baş verən qəza ilə bağlı məsələnin nəzarətə götürüldüyünü və araşdırmalara başlandığını deyib.

Qurum rəsmisinin sözlərinə görə araşdırmanın nəticəsindən sonra məlum olacaq ki, qəzanın baş verməsinə səbəb nə olub.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO