Marşrut xətlərinin sayı AZALACAQ – Bəs TIXACLAR?

Hazırda oxunan: Marşrut xətlərinin sayı AZALACAQ – Bəs TIXACLAR?

185173

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev, bir neçə gün əvvəl REAL TV-yə müsahibəsində, Azərbaycanın ictimai nəqliyyatında avtobusların sayının artırılması hədəflənməsi ilə bağlı maraqlı açıqlamalar verdi. 

İctimai nəqliyyatda dəyişikliklər olacağını söyləyən AYNA rəhbəri, marşrut xətlərinin sayı azalacağını və marşrutlarda avtobusların sayı artacağını diqqətə çatdırıb. 

“Bir-birini təkrarlayan marşrutlar dəyişdiriləcək. Məqsəd odur ki, fərdi nəqliyyat vasitələrindən avtobuslara keçid olsun və sıxlıq azalsın. Bakının avtomobillərdən daha çox piyada yönümlü olması üçün addımlar atılır”, – deyə o qeyd edib.

“Nəqliyyat sahəsində gözlənilən dəyişikliklər mərhələli şəkildə həyata keçiriləcək. Bunun üçün də müəyyən tədbirlərin görülməsinə ehtiyac var”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev deyib.

Müsahibimiz qeyd edib ki, nəqliyyat sahəsində aparılacaq təkmilləşdirmə tədbirləri bir neçə şaxəlidir: 

“Yəni, şəhərdə eynilik təşkil edən marşrut xətlərinin sayının azaldılması hədəflənir. Bu məsələ illərdir ki, müzakirə olunsa da, artıq reallaşdırılmaq üzrədir. Zaman keçdikcə isə nəticələri daha aydın şəkildə görmək mümkün olacaq”. 

Onun dediyinə görə, tədbirlərdən biri də paytaxtın “rəqəmsal əkizi”nin yaradılması ilə bağlıdır:

“Bu da 2023-cü ilin ortalarından etibarən müzakirə obyektinə çevrilib. Çünki bu, Bakı şəhərində mövcud nəqliyyat problemi ilə bağlı əsas məsələlərdən biridir. Təəssüf ki, bu günə qədər hələ də Bakı şəhərində belə bir sistem, yəni proqnozlaşdıran alətlər olmayıb. Bir müddət əvvəl onun təqdimatı keçirildi ki, bu da müsbət addımlardan biridir”. 

Bəs bu tədbirlər paytaxtın tıxac yükünü azalda biləcəkmi? 

Onun dediyinə görə, bu problem mərhələli şəkildə həll olunmalıdır:

“İlk həll yolu budur ki, avtobuslar tıxacda qalmamalıdır. Bunun üçün də paytaxtda şəbəkələşmiş və ayrılmış avtobus zolaqları yaradılmalıdır və daim işlək vəziyyətdə olmalıdır. Əgər işləmirsə, deməli, aidiyyatı olmayan avtomobillər bu zolağa daxil olub. Ona görə ki, onlar üçün nəzərdə tutulmuş cərimələrin məbləği çox azdır. Həftə ərzində nə qədər sürücünün cərimə olunması ilə bağlı heç bir statistika açıqlanmır. Bunlar bir-birinə bağlı olan məsələlər olduğu üçün bütün səbəblər dərindən araşdırılmalıdır”. 

Bəs Bakının dar və tıxaclı küçələrində bu zolaqları yaratmaq nə dərəcədə mümkündür?

Küçələrin elə də dar olmadığını söyləyən müsahibimiz vurğulayıb ki, əgər hansısa bir yol sahəsi varsa, onun səmərəli istifadəsi barədə yekun qərar verilməlidir:

“Son illər ciddi şəkildə kütləvi avtomobilləşmənin fəsadlarını yaşayırıq. İnsanlar qısa məsafədə piyada gəzməlidir, amma bunu edə bilmirlər və bu da aradan qaldırılmalıdır. Artıq Bakı şəhərində mikromobillik üçün işlər görülməli və şəbəkələşmə getməlidir. Piyada hərəkəti ictimai nəqliyyatın əsas növlərindən biridir. Bundan başqa, nəqliyyatın relsli növləri də olmalıdır. Xüsusilə də, tramvayların bərpası da mühüm əhəmiyyət daşıyır. Ancaq biz son 10 il ərzində bütün diqqəti yalnız avtomobillərin üzərinə kökləmişik və elə düşünürük ki, nəqliyyat yalnız avtomobillərdən ibarət olmalıdır. Buna görə də demotivasiyaya əsaslanan qərarlar verilməlidir”. 

Piyada səkisi müasir və beynəlxalq standartlara uyğunlaşdırılmalıdır

R.Ağamirzəyev vuğuladı ki, son vaxtlar bu istiqamətdə müəyyən müşahidə edilir:

“Şəhərin mərkəzində piyadalar üçün yerlər, avtomobillərdən azad olunan küçələr və 28 may metrosu ətrafındakı islahatları buna misal göstərmək olar. Belə ki, Vağzal meydanındakı dayanacağın yığışdırılmasından sonra ilkin mərhələdə digər inteqrasiya işlərinin görülməsi də nəzərdə tutulub. Bunlar da ümumi konsepsiyanın bir hissəsidir. Piyada infrastrukturu ilə bağlı qanunlar və standartlar yenilənməlidir və yol kəsmənin cəzası ağır olmalıdır. Belə ki, piyada səkisi müasir və beynəlxalq standartlara uyğunlaşdırılmalı və piyadanın hərəkətinə mane olan baryerlər aradan qaldırılmalıdır”. 

AYNA rəhbərinin paytaxt küçələrində marşrut xətlərinin azalması və avtobusların sayının artması ilə bağlı açıqlamasına gəlincə, müsahibimiz bir məqamı diqqətə çatdırdı:

“Şəhərin daxilində eynilik təşkil edən xətlər azaldılacaq, ancaq avtobusların sayı artırılacaq, yəni bir marşrut xətti ilə intensivlik təmin ediləcək. Tək avtobuslarla ictimai nəqliyyatı düzəltmək mümkün deyil. Bir sözlə, biznes planı dəyişməlidir, yəni planlı sistemdən subsidiyalı və brutto müqaviləli sistemə keçid etməliyik. Ona görə ki, ictimai nəqliyyat gəliri olmayan, yəni sosial yönümlü sahədir”.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO