“Yaz aylarında Bakı ilə İrəvan arasında danışıqlar prosesinin intensivləşəcəyi ehtimalı var. Təbii ki, hazırda tərəflər müsbət siqnallar verirlər”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitik layihələr üzrə direktoru Mixail Neyzmakov deyib.
MÖVZU İLƏ BAĞLI:
Rusiyalı səfirdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA: "Ermənistan danışıqları ləngidir"
“Yazda danışıqlar intensivləşə bilər”
Analitik hesab edir ki, ABŞ-da yaxınlaşan prezident seçkiləri fonunda Qərbin Ermənistana diqqəti zəifləyəcək ki, bu da Azərbaycanla sülh danışıqlarını daha da sürətləndirəcək.
“Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyanın İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinə qoşulması ilə bağlı tədbirdə çıxışı və Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin cavabını xatırlamaq olar. Bununla belə, İrəvandan gələn siqnallar Ermənistanın kompromisə hazır olduğunu göstərir.
Ümumiyyətlə, hər iki tərəf müxtəlif səbəblərdən obyektiv olaraq dialoqun davam etdirilməsində maraqlıdır. Xüsusilə, İrəvan nəzərə ala bilər ki, 2024-cü ilin yayına kimi Amerikada prezidentlik yarışının həlledici mərhələsi fonunda ABŞ-ın Cənubi Qafqaza diqqəti azala bilər. Nəticədə bu durum Bakının manevr imkanlarını genişləndirə, bununla da Ermənistan üçün daha az əlverişli mühit yarada bilər. Bu, yaz aylarında danışıqlar prosesini intensivləşdirmək üçün stimullardan birinə çevrilə bilər”, - deyə M.Neyzmakov bildirib.
“ABŞ Cənubi Qafqazdakı reallıqları qəbul edəcək”
Azərbaycandakı prezident seçkilərindən sonra ABŞ-ın Bakıya münasibətini də şərh edən Neyzmakov, Cənubi Qafqazdakı reallıqların Vaşinqton tərəfindən də qəbul ediləcəyini deyib:
“Azərbaycanda prezident seçkiləri başa çatdıqdan sonra Bakı ilə bəzi Qərb dövlətləri arasında daha praqmatik dialoq qurmaq üçün amillər meydana çıxıb. Bir qayda olaraq, Qərb ölkələri seçki kampaniyalarının keçirildiyi dövlətləri təzyiqlərə daha həssas kimi qəbul edirlər.
Məsələn, ABŞ-ın Bakıdakı səfirliyinin Vaşinqtonun bu seçkilərlə bağlı “ATƏT/DTİHB monitorinq missiyasının müşahidələrini və narahatlıqlarını bölüşdüyü” ilə bağlı bəyanatını qeyd etmək olar.
Digər tərəfdən, Bakı və Paris arasında münasibətlərin yaxın zamanda normallaşması real görünmür, lakin ABŞ-ın Azərbaycanla münasibətlərində müəyyən güzəştlərə getməsi tamamilə mümkündür.
Daha doğrusu, Vaşinqton çox güman ki, ya dialoqu intensivləşdirməyə hazır olduğunu, ya da Bakıya təzyiqi artırmaq istəyini nümayiş etdirərək ikili gedişlərinə davam edəcək”, - deyə analitik qeyd edib.
“Kreml Bakı ilə əməkdaşlığı intensivləşdirəcək”
Neyzmakov əlavə edib ki, İlham Əliyevin növbəti 7 ildə ölkəyə rəhbərlik etməsi Rusiya-Azərbaycan münasibətlərindəki inkişafa da töhfə verəcək:
“Bu əməkdaşlığın təhlükəsizlik sahəsində inkişafı daha da gözlənilən, müsbət nəticələr verəcək. Moskva və Bakının praqmatik əməkdaşlığı inkişaf etdirmək motivləri var. Xarici sanksiyaların davam etməsi və Ankara ilə təmasların önəmi fonunda Kreml Bakı ilə qarşılıqlı fəaliyyət göstərməyə ehtiyac duya bilər.
Bundan əlavə, bəzi müsbət siqnallar olsa da Rusiya ilə Ermənistan arasında 2024-cü ildə dialoqun inkişaf etdirilməsi çətin olacaq. Bu da Kremli Bakı ilə daha intensiv əməkdaşlıq əlaqələri qurmağa sövq edə bilər.
Onu da unutmayaq ki, Yaxın Şərqdəki gərginlik bu regiondan kənarda radikal islamçı qrupların fəallığının artmasına səbəb ola bilər. Bu amil, öz növbəsində, bir-birinə qarşı neytral mövqedə olan postsovet dövlətlərinin kəşfiyyat xidmətləri arasında daha intensiv qarşılıqlı fəaliyyətə təkan verə bilər”.
Tehran Orucoğlu, Bizim.Media