Gürcüstanda siyasi BÖHRAN – Qərbin puç olan ümidləri, Zurabişvili-Kobaxidze QARŞIDURMASI...

Gürcüstanda siyasi BÖHRAN – Qərbin puç olan ümidləri, Zurabişvili-Kobaxidze QARŞIDURMASI...

Hazırda oxunan: Gürcüstanda siyasi BÖHRAN – Qərbin puç olan ümidləri, Zurabişvili-Kobaxidze QARŞIDURMASI...

194708

Xəbər verdiyimiz kimi, Gürcüstan parlamenti Prezident Salome Zurabişvilinin "xarici təsir" haqqında qanuna veto qoymasını səs çoxluğu ilə ləğv edib.

Deputatların 84-ü qanunun lehinə, 4 deputat isə əleyhinə səs verib.

Xatırladaq ki, Gürcüstan parlamenti mayın 14-də "xarici agentlər haqqında” qanunu üçüncü oxunuşda qəbul edib. Bundan sonra Prezident Salome Zurabişvili mayın 18-də qanuna veto qoyub. 

Qanunun qəbulundan sonra Avropa İttifaqı xəbərdarlıq edib ki, Tiflisin bu hərəkətlərinə cavab vermək üçün "bütün variantları” nəzərdən keçirir. 

Yaranmış vəziyyətdə görünən odur ki, parlamentin Prezidentin vetosunu aşmasına rəğmən Gürcüstanda hakimiyyət qolları arasında qarşıdurma səngiməyəcək. Əksinə, Prezidentlə hökumət arasındakı qarşıdurma ölkədə siyasi problemlərə səbəb olub. Vəziyyət o həddə çatıb ki, Baş nazir İrakli Kobaxidze Zurabişvilini xəyanətdə imtina edib. 

“Böhran gözlənilmir”
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, Gürcüstan parlament respublikası olduğundan ölkədə hökumət böhranı gözlənilmir:  

“Əslində Gürcüstanda hökumət böhranı gözlənilmir. Çünki ölkə qanunvericiliyinə görə, Gürcüstan parlament respublikasıdır. Oktyabrda Gürcüstanda seçki olacaq. Prezidentin də səlahiyyəti sentyabrda bitir. Ona görə də seçkilərə qədər hansısa hökumət böhranından danışmaq tezdir. 

Amma bütün hallarda, Kobaxidzenin tərəfdarları istədiyinə nail oldu. Hər bir dövlətin öz milli maraqları, milli təhlükəsizliyi və bu yöndə atacağı addımlar var. Onlardan biri də xarici agentlərin ölkə daxilindəki fəaliyyətlərini nəzarətə götürməkdir. Gürcüstan hökuməti doğru addım atıb”.  

“Proses Qərbi istədiyi kimi olmayacaq”

Politoloq Elşən Mirzəoğlu da düşünür ki, Gürcüstanda Prezidentlə hökumət arasında ciddi ziddiyyətlər olsa da, hökumət böhranı baş verməyəcək: 

“Gürcüstanın dövlət müstəqilliyinə həsr olunmuş tədbirdə ölkənin baş naziri Kobaxidze Prezident Zurabaşvilini dövlət maraqlarına xəyanətdə suçladıqdan sonra ölkədə siyasi qüvvələr arasında qarşıdurma təhlükəli həddə çatıb. Gürcü arzusu partiyasının üstünlük təşkil etdiyi parlamentdə “Xarici təsirlərin şəffaflığı” haqqında qanunun prezidentin vetosunu kənarlaşdıraraq təsdiq olunması hakimiyyətin siyasi iradə və qətiyyət göstərməsinin nəticəsidir.

Qanunun prezident vetosunu adladıqdan sonra təsdiqi göstərir ki, hökumət etiraz aksiyalarına nəzarət edəcəyinə əmindir. Digər tərəfdən, Qərbin təhdidlərinə baxmayaraq hökumət geri çəkilmək fikrində deyil.

Bu həmçinin göstərir ki, hakimiyyət ölkənin Qərbə inteqrasiyası prosesinə bundan sonra da dövlətin milli maraqları kontekstində yanaşacaq və prosesin Qərbin təklif etdiyi müstəvi üzərində aparılmasına imkan verməyəcək. Bu habelə ona işarədir ki, rəsmi Tiflis Rusiya ilə münasibətlərə Qərbin təklif etdiyi prizmadan yanaşmayacaq.
Qərbin əsas məqsədi Cənubi Qafqazda geosiyasi qarşıdurmanı gücləndirmək, bölgənin geosiyasi konfiqurasiyasını öz  xeyrinə dəyişməkdir. Lakin Gürcüstan hökuməti bəlli qlobal güc mərkəzləri arasında qarşıdurmada tərəf olmaq fikrindən uzaq olduğunu ortaya qoydu. Bu mənada, “Gürcü arzusu”nun Qərbin Tiflisi ikinci Ukraynaya çevirmək cəhdlərinə qarşı durması Gürcüstan dövlət maraqları baxımından anlaşılandır”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO