Taksi qiymətləri ARTACAQ? – AÇIQLAMA 

Hazırda oxunan: Taksi qiymətləri ARTACAQ? – AÇIQLAMA 

182241

Azərbaycanda nəqliyyat sahəsində bir sıra problemlər qalmaqdadır. Bu problemlər özünü xüsusilə metro və avtobusların fəaliyyətində göstərir. Bakı metrosunda yaşanan sıxlıq, günün gur saatlarında intervalın çox olması işə, dərsə tələsən vətəndaşların dəqiqələrlə vaxt itirməsinə səbəb olur.

Yerin altındakı çətinliyə qatlanmaq istəməyənləri yerin üstündə heç də yaxşı aqibət gözləmir. Şəhərin mərkəzində yeni marşrut avtobusları çox olsa da şəhərdən uzaqlaşdıqca, yəni Bakıətrafı qəsəbə və kəndlərə yol aldıqca həmin avtobusları çirkli, balaca, köhnə avtobuslar əvəzləyir. Bu avtobusları gözləyənlərin də sayı-hesabı yoxdur.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda taksilərin sayı 20 minə qədər azaldılacaq


Səhər və axşam saatlarında balaca və köhnə avtobuslara minmək üçün insanlar yarışırlar. Həmin avtobuslara minə bilmək sözün hər bir mənasında qəhrəmanlıq sayılır.

Şəhərin mərkəzində avtobuslar yeni olsa da onlar da ləng işləyir, bəzən bir avtobusu intervalda göstəriləndən qat-qat çox gözləməli olursan. Buna tıxacın səbəb olduğu deyilir. Lakin bu məsələdə xəttə buraxılan avtobus sayının azlığı da rol oynayır.

Belə məqamda insanların köməyinə el arasında “manatlıq taksi” kimi məşhurlaşan və metro stansiyalarının yaxınlığında dayanan, yaxud taksi şirkətlərinə məxsus avtomobillər çatır. Bu taksilərin qiyməti ümumilikdə ucuz olsa da hər gün istifadə edildikdə ictimai nəqliyyatla müqayisədə insanların büdcəsində xeyli fərq yaradır.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov isə Milli Məclisdə nəqliyyat sahəsindəki problemlərə toxunaraq paytaxtda taksi sayının çox olduğunu deyib:

“Bakıya 20 min taksi kifayət etməlidir. Taksi sayı cüzi dəyişiklərlə yaydan bəri 67 mindən 60 minə azaldılıb. Eyni anda bu, 40 minə yaxın sürücünün işsiz qalması demək deyil. İlk növbədə ictimai nəqliyyatda, yük daşımalarında ciddi sürücü ehtiyacı var. İkili işlərdə çalışanları da qeyd etmək lazımdır. Buna görə çox gözləməyəcəyik. Qaydalar qəbul edildikdən sonra nəticələri dərhal görməyə başlayacağıq”, - deyə nazir müavini bildirib.

O, taksilərə dair tələblərin hazır olduğunu və yaxın vaxtlarda qəbul ediləcəyini qeyd edib. Maraqlıdır ki, bu tələblər nədən ibarətdir və qəbul edildikdən sonra taksi qiymətləri arta bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov qiymətin yüksələcəyinin gözlənilmədiyini deyib:

“Taksi qiymətləri ötən ilin yayında ölkəmizdə çalışan xarici transmilli şirkətlər tərəfindən sövdələşərək qeyri-qanuni şəkildə aşağı həddi 1.50 AZN-dən 2.50 AZN-ə yüksəldilib. Bundan sonra qiymətin qalxacağını düşünmürəm. Onsuz da Azərbaycanda taksi qiymətləri yüksək deyil. Sadəcə, bu tariflər mövsümə, iqlim şəraitinə, bayram günlərinə görə dəyişir. Ona görə də taksinin qiymətinin bundan sonra yüksəlməsinə ehtiyac yoxdur”.

Ekspert sürücülərə və onların istifadə etdikləri avtomobillərə qoyula biləcək tələbləri sadalayıb:

“Tələblər həm sürücüyə, həm də onun taksi fəaliyyəti zamanı istismar etdiyi avtomobilə olacaq. Sürücüyə olan tələblər əsasən onların yaşı ilə bağlıdır, sürücünün yaşı 21-dən, sürücülük təcrübəsi 2 ildən az olmamalıdır. Davranış qaydalarını bilməli, sağlamlıqla bağlı problemi olmamalıdır. Alkoqollu içki aludəçisi olmamalıdır, yəni bunlar hamısı şərtdir.

Sürücü dəfələrlə qayda pozursa, qaydaları bilmir, onlara əməl etmirsə, əbəttə, bunların fəaliyyətinə məhdudiyyət qoyulmalıdır.

Taksi fəaliyyətində istismar olan avtomobillərə də məhdudiyyət var, bu, əsasən avtomobilin seqmentinə aiddir. Məsələn, həcmi çox kiçik olan, yararsız, müasir ekoloji tələblərə cavab verməyən maşınlar taksi fəaliyyətində istifadə oluna bilməz. Yaşı 20-dən çox olan avtomobillər də düşünürəm ki, taksi fəaliyyətində istismar oluna bilməz.

Mərkəzləşmiş bir sistem olacaq, həmin sistemlə taksi avtomobilinin hansı ərazidə olduğu haqqında məlumat da sistemə daxil olmalıdır. Ümumi taksi fəaliyyətinin iqtisadi tərəfdən deyil, əsasən, təhlükəsizlik tərəfdən nəzarətdə olması vacibdir”.
Taksi sayına gəldikdə isə Eldəniz Cəfərov bu gün həqiqətən də Bakıda taksinin çox olduğunu və bunun azaldılmasının vacibliyini vurğulayıb.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO