“Ukraynada keçirilən prezident seçkiləri bu ölkədə siyasi sabitliyi təmin edəcək”. Bu sözləri Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Ekspertin sözlərinə görə, Qərbin dəstəyi və daxili ictimaiyyətin nəzarəti yeni Ukrayna hakimiyyətinə müsbət mənada ciddi addımlar atmasını şərtləndirən amillər sırasındadır:
“Ukrayna üzərində Qərbin də çox böyük nəzarəti var. Bundan başqa, ölkə çox ciddi fəlakət qarşısındadır. Ölkədə milli şüurun oyandığı bir zamanda hakimiyyətə vətənpərvər qüvvələrin gəlməsi artıq mühüm bir zərurətə çevrilib. Maydan hadisələri cəmiyyətdəki passional enerjini xeyli oyatdı. Bu hadisələr cəmiyyətin ayıq-sayıqlığını artırdı. Zənnimcə, Ukraynada hakimiyyətə elə şəxslər gələcək və hakimiyyət üzərində ictimai nəzarət o qədər yüksək olacaq ki, onların başqa çıxış yolu qalmayacaq. Qısa zamanda hakimiyyət boşluğunun doldurulması, hakimiyyət stukturlarına yeni, peşəkar və vətənpərvər adamların gətirilməsi prosesi sürətlə aparılacaq. Üstəlik də Ali Radada seçkilərdən sonra hakimiyyətin bütün qollarının formalaşdırılması prosesi başa çatacaq. Nəticədə, Ukraynada sabit və möhkəm hakimiyyət təsisatları yaradılacaq. Başqa yol yoxdur”.
Ukraynanın Qərb üçün əhəmiyyətinə diqqət çəkən ekspert proseslərin məhz arzuedilən məcrada inkişafının daha inandırıcı olduğunu vurğuladı:
“Ukrayna xalqı, Ukrayna dövləti xırda xalq, xırda dövlət deyil. Onu Avropanın ürəyi adlandırırlar. Bu dövlətdə yaşayanlar və siyasi işlə məşğul olanlar dünya qarşısında ”“ həm Avropa, həm də öz xalqları qarşısındakı məsuliyyəti məncə dərk edəcək və lazım olan işləri görəcəklər”.
Seymur Əliyev






































































































