Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyası başlayır. Milli Məclisin mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, sessiyada ölkəmizi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinə deputatlar Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Fazil Mustafa, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Fəzail İbrahimli, Elxan Süleymanov və Aydın Abbasov daxildir.
Avropa Şurası Parlament Assambleyasının bu sessiyasında dünya ölkələrində baş verən hadisələrə nəzər salınacaq. “Suriya qaçqınlarına beynəlxalq yardımın təşkili və yardıma dəstək”, “İnsan hüquqlarının pozulmasına görə beynəlxalq təşkilatların məsuliyyəti”, “Avropada irqçilik və dözümsüzlüklə mübarizə strategiyasının formalaşdırılması”, “Avropa Şurasının demokratiya üzrə tərəfdaşı kimi Fələstin Milli Şurasının son dövrlərdəki fəaliyyətinin dəyərləndirilməsi”, “Avropadakı miqrantların problemləri” və s. mövzularda məruzələr dinləniləcək.
Fikir mübadiləsi aparılacaq. Qurumun aktual saydığı problemlər sırasında Rusiyada Sergey Maqnitski ilə bağlı məsələyə də diqqət yetiriləcək.
İclasda “İnternet və siyasət: yeni informasiya və kommunikasiya texnologiyalarının demokratiyaya təsiri” məsələsi gündəmdə olacaq. “Enerji diversifikasiyası davamlı inkişafa əsaslı töhfə kimi” mövzusu nəzərdən keçiriləcək.
Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri müzakirələrdə fəal iştirak edəcək, məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.
AŞPA-nın qış sessiyası yanvarın 31-nə kimi davam edəcək. Azərbaycan nümayəndə heyətinin səfəri isə fevralın 1-də başa çatacaq.
Hazırda Avropa Şurası Nazirlər Komitəsinə (AŞNK) sədrlik edən Avstriyanın federal kansleri Verner Faymann və Avropa Parlamentinin sədri Martin Şulz Assambleyada çıxış edəcəklər.
Sessiyanın iclaslarında Azərbaycan nümayəndə heyətlərinin də çıxışı gözlənilir.





























































































