Lənkəranda 59 yaşlı balıqçı dənizdə boğulub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Lənkəran rayonunun Aşağı Nüvədi kəndi ərazisində qeydə alınıb.
1967-ci il təvəllüdlü Məmməd Quliyev balıq ovlamaq üçün Xəzər dənizinin Lənkəran sahilinə yollanıb. O, xüsusi geyimdə dənizə daxil olub. Məlumata görə, dəniz suyunun geri çəkilməsi nəticəsində həmin sahədə yeni quyu və kanallar yaranıb.
Yaxınlarının sözlərinə görə, əraziyə bələd olsa da, M.Quliyev bu dəyişikliklərdən xəbərsiz olub və ehtimal ki, yaranmış kanallardan birinə düşüb. Dalğalar onu aparıb və nəticədə balıqçı boğularaq dünyasını dəyişib.
Qeyd edək ki, Məmməd Quliyev Bakı şəhərində yaşayırmış. O, bir gün əvvəl ailə üzvlərindən birinin ad günü münasibətilə rayona gəlib. Bu gün səhər yaxınlarını Bakıya yola saldıqdan sonra balıq tutmaq üçün dənizə gedib.
Meyit müvafiq qurumlara təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu.































































































