Psixologiya adı altında ideologiya - Oğlan və qızların birlikdə, yoxsa ayrı oxuması daha təhlükəlidir?

Psixologiya adı altında ideologiya - Oğlan və qızların birlikdə, yoxsa ayrı oxuması daha təhlükəlidir?

Hazırda oxunan: Psixologiya adı altında ideologiya - Oğlan və qızların birlikdə, yoxsa ayrı oxuması daha təhlükəlidir?

591383

Tanınmış psixoterapevt Əli Nağıyevin “oğlanlarla qızlar 18 yaşına qədər ayrı təhsil almalıdır” fikri ictimai məkanda ciddi müzakirələr yaradıb. Sözarası “yeridilmiş” bu cümlə kifayət etdi ki, sosial şəbəkələrdə, xüsusilə valideynlər arasında ikitirəlik yaransın.

Bəziləri bunu “əxlaqın qorunması” kimi dəyərləndirsə də, digərləri ideoloji yönləndirmə hesab edirlər. Psixoloji zərurət kimi mütəxəssis tərəfindən deyiləndə isə daha qıcıqlandırıcı şəkil alır. İnsanlar illər boyu ölkənin ana kanalında bu psixoloqa inanıb, onun tövsiyələrinə böyük etimadla əməl ediblər.

Bəs indi nə baş verir?

Elm adamının imanlı olması gözəl bir örnəkdir, amma missionerlik şəklində – müəyyən kəsimin cəmiyyətə yeritməyə çalışdığı düşüncə modeli ilə yox.

Ayrı təhsil ideyası tarixən daha çox mühafizəkar və dini baxışlarla müşaiyət olunub. Bu təkcə müsəlman ölkələrində deyil, puritan xristian ölkələrində də belədir. Avropada da xüsusi qızlar məktəbləri var. Elə şərhlərdə də Ə.Nağıyevin tərəfdarları bunu əsas gətirirlər. Amma daha dərindən araşdırmağa həvəsləri olmayıb ki, həmin məktəblərin də kilsə nəzdində olduğunu anlasınlar. Belə təkliflərdə adətən arqumentlər eyni olur: “nəfsə nəzarət”, “mənəvi dəyərləri qorumaq”.

Mütəxəssislərin bir hissəsi bildirir ki, yeniyetməlik dövründə cinsi marağın tam izolyasiya yolu ilə basdırılması sonradan “cinsi aclıq”, sosial adaptasiya problemləri və aqressiv davranışlarla nəticələnə bilər.

Təsəvvür edin 18 il bir-birini görməyən, “yasaq” damğası ilə qorxudulan cinslər həddi-büluğ yaşından sonra necə islaholunmaz hala gələ, geri dönüşü olmayan nəticələr yarada bilərlər. Psixologiyada “aclıq” basdırılan marağın daha sonra nəzarətsiz və ifrat formada üzə çıxması kimi izah olunur.

Sadəcə maraqlı olan budur ki, bu fikirlər niyə psixologiya adı altında təqdim olunur, daha doğrusu “sırınır”. Böyük ehtimalla kütlə idarəçiliyi metoduna arxalanırlar, yəni “elmi rəy” pərdəsi altında verildikdə insanlar daha tez inanır, cəmiyyət müqavimət göstərmir. “Filan həkim belə deyir”, “alim adamdır, nə dediyini bilir” rahatlığı ilə mütəxəssis rəyi tərəddüdləri aradan qaldırır. Bu isə psixologiyanın manipulyasiya alətinə çevrilməsindən başqa bir şey deyil. Gəncləri qorumaq təcrid etmək yox, düzgün maarifləndirməkdir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO