Xəbər verdiyimiz kimi, Azərbaycan xalq mahnısı “Sarı gəlin” İran dövlət televiziyasının efirində erməni əsilli iranlı bəstəkar Araz Torosyanın (Araz Dare) ifasında erməni və fars dillərində "Sarı Ağçık" adı ilə səsləndirilib.
İranın rəsmi xəbər agentliyi də Azərbaycan xalq mahnısını "erməni musiqisi" kimi qələmə verib.
“Sarı gəlin”in tarixi və Azərbaycan mədəniyyətində rolu
İlk dəfə 1930-cu illərin əvvəllərində Asəf Zeynallı tərəfindən nota köçürülərək fortepiano üçün işlənən “Sarı gəlin” Azərbaycan dilinin qədim tarixi, mədəniyyəti və musiqi ahəngliyini özündə əks etdirən əsər nümunəsidir. Əsərin yaranma tarixi haqqında çoxsaylı fikirlər mövcuddur. Bir versiyaya görə "Sarı gəlin" mahnısının tarixi İslamdan əvvələ gedib çıxır. Başqa bir versiyaya görə, "Sarı gəlin"in söz və musiqisi XVI əsrin məşhur dövlət xadimi, sərkərdə və şairi Şah İsmayıl Xətaiyə məxsusdur. Digər bir versiyaya görə isə şeirdə arxaik sözlərin işlədilməməsi və daha anlaşılan dildə olması göstərir ki, əsər, XIX əsrin II yarısında meydana gəlib.
İstənilən halda, Azərbaycan folklorunun bu dəyərli nümunəsi hər zaman ermənilərin “göz qoyduğu”, öz adlarına çıxarmaq istədikləri və səsləndirmələrdə də təhrif etdikləri əsər olub.
Mədəni təxribat...
Əsərin erməni bəstəkar tərəfindən təhrifi azərbaycanlıların alışdıqları durumdur. Çünki bu, ermənilərin Azərbaycandan oğurlamağa çalışdığı ilk mahnı deyil.
Lakin bu dəfəki situasiya əvvəlkilərindən daha fərqlidir. Məhz İranın dövlət televiziyasında, rəsmi xəbər agentliyi səviyyəsində Azərbaycana məxsus bir əsər erməni nümunəsi olaraq təqdim edilir, mədəni irs təhrif olunur. İran bu addımı ilə Ermənistanın uzun illər apardığı mədəni saxtalaşdırma siyasətinə rəsmi kanalı vasitəsilə birbaşa dəstək göstərir.
Rəsmi dövlət televiziyası özəl sayılmadığından burada yayımlanan və efirə verilən bütün məlumat və informasiyalar dövlətin mövqeyini əks etdirir. Bu da onu deməyə əsas verir ki, “Sarı gəlin”inin dövlət televiziyasında erməni musiqisi kimi təqdim edilməsi təkcə mədəni irsə zərbə deyil, həm də İranın Azərbaycana qarşı göstərdiyi qərəzli münasibətin, ideoloji təxribatın göstəricisi, azərbaycançılığa qarşı olan münasibəti, saxtakar yanaşmasıdır.
Cənubi Azərbaycanda yaşayan milyonlarla soydaşımıza öz ana dilində təhsil almağa icazə verməyən həmin İran Azərbaycan musiqisini erməni nümunəsi altında ekranlara verib xalqın milli kimliyinə toxunmağa çalışır.
Azərbaycana münasibət...
Aydın məsələdir ki, İranın daim Azərbaycana qarşı münasibətlərində məkrli elementlər aşkar görünüb. İllərlə yığılan bu qərəzin kökündə isə İranın Azərbaycanı regionda güclü dövlət kimi görməmək istəyi yatır. Elə bu səbəbdəndir ki, “din qardaşlığı” adı altında saxtakar və riyakar mövqeyini gizlədə bilmir. Azərbaycanın tarixi torpaqları işğal altında olduğu zamanlarda da İran bəzən aşkar, bəzən “saman altından” Ermənistana öz dəstəyini göstərir, Azərbaycanın haqlı mübarizəsində onun yanında yox, qarşısında dayanırdı.
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra İranın bu “savaşı” və illərdən gələn kini indi mədəni irsə yönəlib. Lakin İran həm də onu bilməlidir ki, nümayiş etdirdiyi bu saxtakar informasiya siyasəti ölkələr arasındakı münasibəti zədələməklə bərabər, qarşılıqlı etimadı da itirir. Xalqın yaddaşına hopan əsəri “farslaşdırmaq” və ya “erməniləşdirmək” isə sadəcə mümkünsüzdür.
Təkcə “Sarı gəlin” deyil, xalqın mədəni yaddaşından süzülüb gələn bütün əsərlər milli ruhumuzu təmsil edir və onlara qarşı hörmətsizliyin nümayişkaranə təqdimatı Azərbaycana yönəlmiş təxribat, mədəni terrordur.
Naibə Məmmədova, Bizim.Media

































































































