Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın anası: “Qızım 10 oğula dəyərdi”

Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın anası: “Qızım 10 oğula dəyərdi”

Hazırda oxunan: Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın anası: “Qızım 10 oğula dəyərdi”

576811

“Mən qızımla nəfəs alırdım. Evimin gülü soldu, ətri getdi”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında İkinci Qarabağ Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın anası Məktubə Baxışova deyib. O, Arəstəsiz 5 ilin onun üçün ağır keçdiyini bildirib:

”Bizim bütün həyatımız bərabər keçib, hər işi bərabər görmüşük. Mənim bu sözümdən oğul anaları inciyir. Amma məncə, qızı olan ana bəxtəvərdir, qızı olmayan ana bədbəxtdir. Arəstə 10 oğula dəyən qız idi. 12 yaşından mənimlə çiyin-çiyinə hər işimə kömək edib, qardaşlarının əziyyətini çəkib. Mənim sağ qolum o idi, indi elə bilirəm sağ qolum yoxdur. Arəstənin uşaqları mənə əmanətdir, onlara görə yaşayıram. Mən olmasam, uşaqlar pərən-pərən olar. Mərdanın 17 yaşı var, bu il məktəbdən məzun olacaq. Zəhranın apreldə 15 yaşı olacaq, 9-cu sinifdə oxuyur. Allah analarına verməyən ömrü onlara versin. Mərdan mənə deyir ki, nənə, sən mənə qayğı göstərirsən, amma mən ana qayğısı istəyirəm, heç kəs o qayğını mənə verə bilməz”.

Məktubə xanım qızının şəhid olduğu günü belə xatırlayır:

“Oktyabrın 23-də mən Xaçmazda  idim. Oğlum mənə axşam zəng eləyib dedi ki, ana, bacı yaralanıb, gəl. Mən gedib çatana qədər onun şəhid olduğunu gözləmirdim. Elə bilirdim, qızım yaralıdır. Oğullarım son ana qədər mənə heç nə demədilər. O mənzərəni heç vaxt unutmaram. Gedib ora çatanda oğlum mənə dedi ki, ana başın sağ olsun. Oğlum dedi ki, ana, sən Mərdan və Zəhraya lazımsan. Özümü toparlamağa çalışdım”.

O, Arəstə ilə son dəfə müharibə başladığı gün danışdığını deyib:

“Mərdanla oktyabrın 23-də danışdı. Ona dedi ki, nənənin sözünə bax, dərslərini yaxşı oxu, bacını qoru. Mən isə qızımla ən son sentyabrın 27-də danışdım. İki dəfə zəngimi açmadı, üçüncü dəfə zəng edəndə isə müharibə bölgəsində olduğunu məndən gizlətməyə çalışdı.  Ağladım, dedim ki, özünü qoru. Dedi, ana, 1989-cu ildən bu günə qədər bu qədər oğlumuz şəhid olub, mən onların yanında heçnəyəm. Mənə heç müharibəyə getdiyini, könüllü yazıldığını demədi. Onun sağaltdığı hərbçilər indi məni, nəvələrimi ziyarət edirlər”.

Xatırladaq ki, bu gün Arəstə Baxışovanın şəhadətindən 5 il ötür.

Arəstə Kərim qızı Baxışova 4 may 1989-cu ildə Xaçmaz şəhərində doğulub. Atası baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olarkən vəfat edib. Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində ingilis dili üzrə təhsil alıb. 2018-19-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edib.

Arəstə Baxışova Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. O, 23 oktyabr Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Vətən müharibəsinin tək qadın şəhidi olan Arəstənin Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qalıb.





Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO