Son günlər ölkənin bəzi rayonlarında heyvanlar arasında dabaq xəstəliyinin yayılması barədə məlumatlar yayılıb. Elə bu səbəbdən AQTA-nın açıqlamasına görə oktyabrın 25-dən mərhələli şəkildə heyvan bazarlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ! Bu tarixdən heyvan bazarlarında məhdudiyyətlər tətbiq olunacaq – RƏSMİ
Bəs Naxçıvan Muxtar Respublikasında vəziyyət necədir?
Mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, hazırda muxtar respublika ərazisində dabaq xəstəliyinin yayılması ilə bağlı rəsmi təsdiqlənmiş heç bir hal qeydə alınmayıb.
Nazirlikdən bildirilib ki, Naxçıvanda epizootik vəziyyət sabitdir və tam nəzarət altındadır:
“Hər il olduğu kimi, 2025-ci ildə də təsdiq edilmiş Epizootiya Əleyhinə Tədbirlər Planı çərçivəsində dövlət büdcəsi vəsaiti hesabına profilaktik peyvəndləmə və digər qabaqlayıcı tədbirlər sistemli şəkildə icra olunub. Bu ilin ilk 9 ayında iribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında dabaq da daxil olmaqla, bir sıra xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib”.
Qurumdan həmçinin bildirilib ki, epizootik vəziyyətin daimi nəzarətdə saxlanılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən epizootoloji monitorinqlər aparılır:
“Şübhəli bilinən heyvanlardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna laborator müayinəyə göndərilir, risk dəyərləndirmələri həyata keçirilir. Bununla yanaşı, təsərrüfat sahibləri mütəmadi maarifləndirilir, ərazi üzrə baytarlıq-sanitariya normalarının icrasına ciddi nəzarət olunur”.
Nazirliyin məlumatına görə, aparılan yoxlamalar zamanı heç bir heyvanda ölüm halı qeydə alınmayıb.
Aygün Hüseyn, Bizim.Media