“Şuşa”-nı “Buta”-ya tez dəyişə bilənlər - Vətəndən imtina edəcəyinizi düşünə bilməzdik!

Hazırda oxunan: “Şuşa”-nı “Buta”-ya tez dəyişə bilənlər - Vətəndən imtina edəcəyinizi düşünə bilməzdik!

56817

“Əgər Nazarbayev bilsəydi ki, onun şəklini kim daşıyacaq, onda heç Bakıya gəlməzdi”. 
Əminik ki, bu sözlər bir çox KVN sevərlərin yaxşı xatirindədir. Bu sözlər Ümumilli lider Heydər Əliyevin də iştirak etdiyi və 2000-ci ilin dekabrında baş tutan nümayişin ən yadda qalan ifadələrindən biri idi. 22 il sonra hələ də bu ifadələr yaddaşımızdan silinməyibsə, deməli Azərbaycan KVN-inin “Əsrin çempionları” adını qazanması da təsadüfi deyildi. 

Təəssüflər olsun ki, 22 il sonra dəyişən tək şey KVN-çilərimizin sözlərinin kəsəri və zarafatlarının duzu deyil. Bir neçə gün öncə Rusiyanın Soçi şəhərində təşkil olunan Beynəlxalq KVN festivalında Azərbaycanı təmsil edən “Şuşa” komandası gözlənilməz və bir o qədər də təəccüblü qərarla hamımızı heyrətləndirməyi bacardı. Seçdiyi ada görə yarışda iştirakına əngəl törədilən komanda öz adını dəyişərək “Buta” etməyi uyğun gördü.
 

Hətta bu əməlindən zərrə qədər mənəvi əzab duymayan komanda üzvləri verdikləri qərarın necə məntiqli olduğunu da izah etməyi üstün tutdular.


Sən demə Azərbaycanın mədəniyyət paytaxtının, yüzlərlə şəhidimizin qanı bahasına azad olunan, üzərində Azərbaycan bayrağı dalğalanan Şuşa şəhərinin adını danışmaq kimlərinsə qələbəyə gedən yolunda əngəl törədirmiş. Hansısa Araik soyadlı redaktorun rəğbətini qazanmaq üçün “Şuşa”-nı “Buta” ilə əvəzləməyə ehtiyac var imiş. KVN-şiklərimiz üçün hansısa Rubenlərin könlünü xoş etmək “Şuşa” adını laiqincə təmsil etməkdən daha önəmli imiş.
 

MÖVZU İLƏ BAĞLI:

Soçidə “Şuşa” adını dəyişən KVN komandasına Tahir İmanovdan REAKSİYA


Qara yumorun belə kölgədə buraxan bu hadisə haqlı olaraq hamımızı dərindən sarsıdıb. Üsyanımız haqlıdır. 

Axı niyə hansısa Jaqinyanlar, Myaslakovlar Azərbaycan komandasının hansı adla çıxış edəcəyini müəyyən etməlidir? 

Məgər komanda üzvləri və komanda rəhbərliyi hara və kimlərin hüzuruna getdiklərindən xəbərləri yox idimi? 

Soçidəki qələbə “Şuşa” adını daşımaqdan dahamı önəmlidir? 

KVN-şiklərimizin ümumiyyətlə, “Şuşa” adının Azərbaycan üçün nə demək olduğundan xəbərləri varmı?

Axı nə baş verir, cənablar? Sizlərin uzun illərdir qələbə həsrətində olduğunuzu bilirdik, amma qələbə üçün Vətəndən imtina edəcəyinizi düşünə bilməzdik. “Şuşa” adını bərpa etmək üçün illər gözləməli olduq və yüzlərlə şəhid qurban verdik. Bəs siz “Şuşa”-nı “Buta”-ya nə tez dəyişə bildiniz? Tökülən qanlar, verilən qurbanlar heçmi gözünüzün önünə gəlmədi, heçmi üzünüz qızarmadı? 
 

Bu saatdan sonra nə deyilsə, nə edilsə, faydasızdır. Dünyada elə böyük kubok, elə böyük medal yoxdur ki, Vətən utancının üstünü örtə bilsin. Allah Anar Məmmədxanlıya rəhmət eləsin.


Zənnimcə baş verənlərdən böyük dərs çıxarmağımıza ehtiyac var. Hər şeydən öncə anlamalıyıq ki, “Şuşa” kimi böyük mənəvi yükü olan bir ad zəif çiyinlərin daşıyacağından daha qüdrətlidir. Əgər bu ada laiq ola bilməyəcəyiksə, bu adı laiqincə təmsil edəcəyimizdən əmin deyiliksə, bu yola addım atmamalıyıq. Bu məqamda 22 il əvvəlki replikanı yenidən yada salmaqda fayda var. Amma bu dəfə fərqli tərzdə: 

“Əgər Şuşa bilsəydi ki, onun adını kimlər daşıyacaq...”

Anar Tahirov, Bizim Media-nın Baş Redaktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO