“Türkan Şoraya zəng vurdum, o, köhnə tanışlar kimi mehribanlıqla danışdı...”

“Türkan Şoraya zəng vurdum, o, köhnə tanışlar kimi mehribanlıqla danışdı...”

Hazırda oxunan: “Türkan Şoraya zəng vurdum, o, köhnə tanışlar kimi mehribanlıqla danışdı...”

259124
Yazıçı Xeyrəddin Qocanın türk kinosunun Sultanı Türkan Şorayla şəkli marağımıza səbəb olduğundan, oxucularımız üçün də maraqlı olacağını nəzərə alaraq, bu şəklin tarixçəsi haqqında danışmağı yazıçıdan xahiş etdik.xa0

Moderator.az-a danışan X.Qoca bu görüşün 2001-ci ildə baş tutduğunu bildirib:

“Bütün türk dünyası tərəfindən sevilən məşhur kino sənətçisi Türkan Şorayla 2001-ci ildə görüşümüzü və saatlarla davam edən söhbətimizi heç zaman unutmayacağam. Onda Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu vəzifəsində işləyirdim. Görkəmli müğənni Zeynəb Xanlarova Bakıdan mənə zəng etdi. Bildirdi ki, rejissor Arif Qazıyev onun haqqında yeni film çəkir, o, İstanbula gəlib Türkan Şoray və İbrahim Tatlısəsdən müsahibə almaq istəyir. Zeynəb xanım Arif Qazıyevə kömək göstərməyimi xahiş etdi. Bildirdim ki, Türkan Şorayı da, İbrahim Tatlısəsi də tapmaq çox çətin olacaq, bəlkə də heç mümkün olmayacaq. Zeynəb xanımla telefon danışığımızdan sonra Türkan xanımın evinə zəng vurdum. Xidmətçisi cavab verdi, bildirdi ki, Türkan xanım evə gələn kimi konsulluğa zəng vuracaq. Nəhayət, Türkan Şoray zəng vurdu, bizimlə çox mehriban, səmimi danışdı. Zeynəb xanımın salamlarını ona çatdırdım, yeni film çəkiləcəyini, ondan müsahibə alınacağını bildirdim. Bu günlərdə İstanbulda olub-olmayacağını soruşdum. Türkan xanım bizimlə mütləq ğörüşəcəyini, Zeynəb xanım haqqında fikir söyləyəcəyini dedi.xa0


Bir neçə gündən sonra Arif Qazıyev operator Adil Abbasovla İstanbula gəldi. Biz Atatürk Hava Limanında görüşüb İstanbula gəldik. Türkan Şoraya zəng vurdum. Mənimlə köhnə tanışlar kimi, son dərəcə mehribanlıqla danışdı. Dedi ki, "bilirsinizmi, mənim atam Naxçıvanda doğulmuşdur. Deməli, mən azərbaycanlıyam. Sizinlə məmnuniyyətlə görüşərəm..." Axşam, Mərmərə dənizi sahilindəki villasında görüşməyimizi təklif etdi. İşdən sonra dediyi ünvana getdik. Bizi əvvəlcə sürücüsü, sonra da xidmətçisi Gülşən xanım qarşıladı. Gülşən xanım istiqanlıqla çay, sərinləşdirici sular təklif etdi, sonra şirniyyat gətirdi. Az sonra sultan Türkay Şoray ikinci mərtəbədən düşüb gülərüzlə bizə "xoş gəldiniz" dedi. Birlikdə xeyli söhbətləşdik. Arif Qazıyev Zeynəb Xanlarovanın hədiyyəsini - ipək xalçanı "kraliçaya" (onu Türkiyədə həm də belə adlandırırlar) verəndə Türkan xanım bir dil-ağız etdi ki, bunu ancaq görmək lazım idi. O, uşaq kimi sevinirdi, "bəs, bunun əvəzini necə verəcəyəm?!" sözlərini tez-tez təkrar edirdi. Sonra da xalçanın üzərində əyləşib "məni elə belə çəkin" deyə operatora müraciət etdi. O, Zeynəb xanım haqqında nə qədər ürəkdən danışdı! Bunu yazı ilə təsvir etmək mümkün deyil! Axırda Sultan Türkan Şoray bizimlə şəkillər çəkdirdi, öz şəkilini və haqqında çıxan kitabları avtoqrafla bizə bağışladı. Dedi ki, Azərbaycanı yenidən görmək istəyir. O zamana kimi 200-dək filmdə çəkilmiş sənətkar bildirdi ki, yeni filminin başlanğıcını Azərbaycanda çəkəcəkdir. İbrahim Tatlısəs o günlərdə İstanbulda olmadığından ondan müsahibə almaq baş tutmadı. Sultan makiyajı, oyunçuluq tərzi, geyimi, görünüşü, davranışı və bənzəri özəllikləri ilə bir ideala dönmüşdü. Bu ideal Sultan böyüklüyüdür. Türkan Şoray sultanlığın dadını bəlkə də gerçək sultanlardan çox çıxarır. Çünki onun sultanlığı əsl sultanlara görə, daha qalıcı və əbədidir. İnsan həyatdan gedir, sənət isə qalır. Onun mənə imzası ilə hədiyyə etdiyi şəklinə bu sözləri yazdı: “Xeyrəddin Qoca bəyə məhəbbətlə”.

Vasif Əlihüseyn


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO