Ukraynanın Kropivnitskidəki Dövlət Uçuş Akademiyasının sinif otaqlarından birinə Azərbaycanın Milli Qəhrəmanı, AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin pilotlarından biri Aleksandr Kalyaninovun adı veriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Husyev Yuriy "X" hesabında məlumat verib.
"Bu mükafat onun fədakarlığını şərəfləndirir və gələcək aviasiya işçilərini ilhamlandırır. Onun mirası yaşayacaq" , - səfir bildirib.
Qeyd edək ki, Aleksandr Kalyaninov həmin akademiyanın məzunu olub.
Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 25-də Aktau yaxınlığında baş verən təyyarə qəzasında həlak olmuş ekipaj üzvlərinə - Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və Əliyeva Hökumə Cəlil qızına Azərbaycanın Milli Qəhrəmanı adını verib.
Bizim.Media