Zərdabinin bölgə davamçıları: Mətbuat bayramına bölgədən baxanlar - FOTO

Zərdabinin bölgə davamçıları: Mətbuat bayramına bölgədən baxanlar - FOTO

Hazırda oxunan: Zərdabinin bölgə davamçıları: Mətbuat bayramına bölgədən baxanlar - FOTO

202956

"Yeni nəsil bölgə müxbirlərinin əksəriyyəti peşəyə yox ad-san qazanmağa üstünlük verirlər".

Həsən bəy Zərdabinin doğulduğu bölgədə indi jurnalistikanın vəziyyəti necədir deyə bilmərəm, amma bir əyalətdən çıxıb, Azərbaycan mətbuatının əsasını qoyan şəxsin missiyasının bölgələrdə yaşayan davamçılarının özlərinin də, qarşılaşdıqları problemlərin də paytaxta nisbətdə kölgədə qaldığı heç də sirr deyil. Bu gün bölgənin həyatını "bölgə xəbərləri" rubrikalarına operativ daşımağa çalışan əyalət jurnalistlərinin özlərini müsahibə çevirsək milli mətbuat günündə bayram ovqatlarına bir xoş əhval-ruhiyyə qata bilərikmi?

Baxmayaraq ki, suallarımız da bölgələrdə əyalət qəzetlərinin zamanın tələbi ilə sıradan çıxması, demaqogiya tonlu bloqerliyin və "tik-tok"luğun tüğyanı fonunda heç də tam bayram ovqatlı deyil. Beləliklə, cəmi 3 suallı media qrumlarının cənub bölgəsi üzrə təmsilçilərinə müraciət etdik.

1.Bölgə jurnalistinin qarşilaşdigi ən böyük problem?

2.Milli mətbuat günü sizi ilk olaraq kim təbrik edir?

3. Bu gün bölgələrdə əsasən orta yaş həddində jurnalistlər çalışır? Bəs bölgələrdə gənc nəsil jurnalistikaya nə qədər həvəslidir? 

İlkin Rza (APA-cənub bürosu): Bölgə müxbirinin qarşılaşdığı ən böyük problem qarşı(rəsmi) tərəfdən məlumat əldə etməkdir. İlk təbrik edən ailəm və bölgə müxbirləri, bir - birini təbrik edir.


Amma  bu il ilk təbrik edən Lənkəran Mərkəzi Kitabxana Sisteminin rəhbərliyi oldu. Bu gün Fəxri Fərmanla təltif olundum. Yeni nəsil bölgə müxbirlərinin əksəriyyəti peşəyə yox ad - san qazanmağa üstünlük verirlər. Ona görə də çox vaxt öz işlərindən tez ayrılırlar. Yəni bir az tanındı deyə başqa sahəyə üz tuturlar. Təbii ki, burada jurnalistə ödənilən maaş ya qonarar da rol oynayır. Bir peşəkar jurnalisti çalışdığı şirkətdə saxlamaq üçün mütləqdir ki, maddi tələbatı ödənilsin ki, başqa bir iş axtarmasın.

Yaqub Mehdioğlu: (Space TV bölgə) 


Bölgədə qarşılaşdığım problem daha çox şikayətçilərlə bağlı olur. Cavabdeh olduğum ərazidə bəzən 100 kilometr yol qət edirəm, şikayətçidən süjet hazırlamaq istəyəndə görürsən hər hansı səbədən bundan imtina edir, gəl indi əliboş geri qayıt. Halbuki bölgə jurnalistinin maddi vəziyyəti kifayət qədər yuxarı deyil.

Bu il məni ilk olaraq "Azərişıq" mətbuat xidmətindən zənglə təbrik ediblər, eləcə də Şirvan-Salyan Təhsil İdarəsinə dəvət edib, yerli jurnalistləri təbrik ediblər. Biz yaxşını yaxşı, neqativi neqativ kimi vermişik, məni sevindirir ki, tənqidi süjetlərimə görədə məni təbrik etdilər. 

Bir müddət jurnalistikaya axın vardı, amma bu gün bu həvəs gənclər arasında azalıb. Məncə bu bloqerliklə-müxbirliyin qarşıdurmasından yarandı. Təsəvvür edin hətta rəsmi yerlərdə belə bəzən özünə bloqer deyənləri gerçək jurnalistlərdən daha yaxşı qarşılayıb onları qabağa verirlər. Bilmirəm, bəlkə şantaj imkanlarına görə, bəlkə guya müasirlik dəbinə uyurlar, amma bu faktla işləyən jurnalistikanı məsuliyyətsizliyin qurbanına çevirir. Amma gənclik peşəkar jurnalistikanı öyrənib sevməlidir. 

İlqar Mustafayev ( Baku TV-bölgə): 


Paytaxtdan fərqli olaraq əyalət cəmiyyəti bəzən öz həyatının qapalı olmasına, mühafizəkarlığa meyillidir. Bu da çox vaxt hadisələrin işıqlandırılmasında maneə yaradır. Müsahibə verməyə, gördüyünü mikrafon qarşısında açıqlamağa öyrəşməyiblər. Belə olanda daha dolğun süjet hazırlamaq çətin olur. 

Uzun illərdir jurnalistikadayam. Ailəm də bundan doğan həyat tərzimə öyrəşib. Bütün təbriklər içində ilk olaraq ailəmdən gələn təbriki xüsusi olaraq gözləyirəm.

Bəli, bölgəmizdə gəncliyin jurnalistkaya marağının azaldığı faktdır, yəqin ki, bunun səbəbini araşdırmaq özü də bir mövzumuza çevrilməlidir. Əlimdə fakt və statistika yoxdur ki, bu il jurnalist təhsilini bölgəmizdən neçə gənc seçib. Amma bu barədə düşünməyə dəyər, çünki nəsillərin dəyişməsi təbii prossesdir və gənclik yeni bir enerji ilə bölgə jurnalistikasını yeni keyfiyyətə qaldıra bilər.

Tural Nəsirov: ("Report"İA bölgə) 


Ümumiyyətlə mən bölgə, paytaxt jurnalisti deyən bir anlayışı müəyyən mənada qəbul etmirəm. Jurnalist yerindən asılı olmayaraq öz işini görməlidir. Amma əlbəttədə ki, paytaxtda çalışmaq özəl və dövlət qurumlarına çıxışı daha da asanlaşdırır. Amma bölgədə müəyyən məsələlərə əlçatımlılıq biraz məhduddur.

İlk olaraq əlbəttədəki ətrafımda olanlar, dost, tanışlar ilk məni təbrik edir. Bəli, paytaxtla müqayisə edəndə bölgədə bu sahəyə gənclərin marağı zəifdir. Amma mən bölgələrdə kifayət qədər potensiallı gənc jurnalistlər tanıyıram. İnanıram ki, bu marağı daha da artırmaq üçün müvafiq qurumlar tərəfindən əməli addımlar atılacaq.

Belə, bu da hamıya müsahib və ya xəbər gözü ilə baxan peşə sahibləri ilə qısa və bayramqabağı müsahibəmiz. Əslində isə məhz bu bayram fürsətində onların timsalında bölgə jurnalistikasının mövcudluğunu problemlər və arzular sintezində diqqətə çatdırmaq istədik.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO